Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya İrana dron müqabilində kiber silahlar verir
Rusiya İrana dron müqabilində kiber silahlar verir

Rusiya kamikadze dronların tədarükünün əvəzində elektron kəşfiyyat sahəsində əldə etdiklərini İranla bölüşür. Bu haqda Qərb mətbuatı yazmağa başlayıb. Amerikalı və iranlı məmurlar jurnalistlərə deyib ki, Tehran Moskvaya pilotsuz təyyarələrdən əlavə, yaxınmənzilli raketlər, həmçinin tank və artilleriya mərmiləri tədarük etmək barədə razılığa gələndən sonra Rusiya və İran arasında kiber texnologiyalar sahəsində əməkdaşlıq intensivləşib. Bunun müqabilində İran təkcə kiber silahlar yox, həm də helikopterlər, döyüş təyyarələri və uzaqmənzilli raketlər alacağını gözləyir.

Bizimyol.info xəbər verir ki, Rusiya və Tehran iki il əvvəl kiber sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Lakin Moskva uzun müddətdir ki, elektron texnologiyalarının gizli internet şəbəkəsində satışa çıxarılacağından ehtiyat edərək Tehrana ötürülməsinə müqavimət göstərir. Bununla belə, Ukraynaya genişmiqyaslı hücumun başlanmasından sonra Rusiya İrana rabitəizləmə, dinləmə və fotoqrafik cihazlar, yalan detektorları sahəsində öz nou-haularını təqdim edib.

Moskva yəqin ki, müxalifətçilərin və dissidentlərin mobil telefonlarını və kompüterlərini sındırmaq üçün Tehranla proqram təminatı paylaşıb. Jurnalistlərlə danışan mənbənin fikrincə, Rusiya hakimiyyəti belə qənaətə gəlib ki, İranla hərbi əlaqələrin inkişafının üstünlükləri bütün mənfi cəhətlərdən üstündür.

Toronto Universitetinin Vətəndaş Laboratoriyasının sənədləri deməyə əsas verir ki, Rusiyanın “Protei Ltd” şirkəti İranın mobil operatoru “Ariantel”i internet senzura proqramı ilə təchiz etməyə başlayıb. Kibertəhlükəsizlik üzrə analitiklərin fikrincə, “Protei Ltd” hökumətlərə telefon rabitəsi, e-poçt, kredit kartı əməliyyatlarına nəzarət etmək üçün nəzərdə tutulmuş aparat və proqram təminatı hazırlayır. Şirkətin Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə müqavilələri var.

2022-ci ilin payızında Rusiya ordusu Ukraynanın kritik infrastrukturuna kütləvi hücumlar üçün İran istehsalı olan “Şahed-131/136” kamikadze dronlarından (Rusiya Federasiyasında onların adı dəyişdirilərək “Geran-1” və “Geran-2” adlandırıldı) fəal şəkildə istifadə etməyə başladı. 2023-cü ilin fevralında məlum oldu ki, İran Rusiyaya təkrar istifadə oluna bilən uzunmənzilli hücum pilotsuz təyyarələrinin partiyasını təhvil verib. Qərb mediası dəfələrlə yazıb ki, Rusiya və İran hakimiyyəti federasiya ərazisində pilotsuz təyyarələrin istehsalı zavodunun tikintisi imkanları barədə razılığa gəliblər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »