Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarşısında “Rusiya” sözünü görməsək, Azərbaycandakı separatçılar olduğunu düşünərdik"
"Qarşısında “Rusiya” sözünü görməsək, Azərbaycandakı separatçılar olduğunu düşünərdik"

“Bu günlərdə Rusiya Müdafiə Nazirliyi gülünc bir bəyanat verib. Bəyanatda Azərbaycanın öz ərazilərində terrorçuların, cinayətkarların, leqal ərazidən keçməyərək, digər dağ yolları ilə keçərək, terrorçu, silah-sursat daşınmasının qarşısını almasına fərqli don geyindirərək “Azərbaycan ordusunu “üçtərəfli” bəyanatı pozaraq, yeni ərazilər ələ keçirib” şəklində deməsi, artıq bütün cizgilərin keçilməsinin bariz nümunəsidir. Əgər biz onun qarşısında “Rusiya Müdafiə Nazirliyi” sözünü görməsək, bu Azərbaycan ərazisində yaşayan və orada separatçılıqla, terrorçuluqla, beynəlxalq cinayətlə, qaçaqmalçılıqla, ümumiyyətlə neqativ əməllərlə məşğul olan separat “respublikanın” və yaxud Ermənistan Müdafiə Nazirliyinin bəyanatı olduğunu düşünərdik. Bunu o ölkənin müdafiə nazirliyi söyləyir ki, həmin ölkənin Azərbaycan ərazisində yerləşdirilən müvəqqəti sülhməramlıları bütün bu məsələlərin, oradan silahların keçirilməsinin qarşısını almalı, yaraqlıların olmasının qarşısını almalı, bütün baş verənlər üçün cavabdehlik daşımalıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. O, qeyd edib ki, biz tam əksini görürük. Rusiya sülhməramlıları öz missiyalarından kənar fəaliyyətlə məşğuldurlar. Artıq konkret olaraq, sülhməramlılar separatçıların orada sayının daha da artırılması, onlara nəfəslik verilməsi, onlara ərzaq, digər sursatların daşınmasının birbaşa təşkilatçısına çevrilirlər.

Vüqar İskəndərov Vüqar İskəndərov

Deputatın fikrincə, Rusiyanın hazırki mövqeyi çox anlaşılmazdır.

“Biz artıq düşünürük ki, burada Rusiya prezidentinin imzası olan bəyanat işləmir. Və artıq Rusiya prezidentinin imzası olduğu üçün, onun bu məsələyə əl qoyması, mövqe bildirməsinə ehtiyac var. Çünki artıq Rusiya sülhməramlıları öz mandatlarından kənar fəaliyyətlə məşğuldurlar. Bütün bunlara baxmayaraq, Azərbaycan siyasi impiçmenti bu prosesləri dərindən izləyir”-deyən deputat bildirib ki, Ali Baş komandanın əmri ilə lazım olan anda Azərbaycan ordusu, xüsusi təyinatlılar qarşılarına qoyulan tapşırıqları qətiyyətlə və dəqiqliklə icra edəcəklər.

Deputatın fikrincə, Azərbaycan yeni əməliyyat keçirməklə, baş verəcək hadisələrin qarşısını almış oldu. Bu isə, Rusiya sülhməramlılarını narahat etməyə başlayıb.

“Bu absurd siyasətdə düzəliş edilməli, Rusiya sülhməramlıları öz mandatlarına uyğun fəaliyyətlə məşğul olmalı, orada 10 minə yaxın olan yaraqlıların dərhal çıxarılmasını təmin etməli, ərazilərdə qayda qanun yaratmalı, səngərlərin qazılması, qeyri-qanuni dağ yolları ilə ərazilərə daxil olmanın qarşısını almalıdırlar. Təbii ki, yenə Azərbaycanın həm Xarici İşlər Nazirliyi, həm Müdafiə Nazirliyi lazımi bəyanatlar verir. Ermənistana və Rusiya sülhməramlılarına xəbərdarlıqlar edilir. Bu proseslər təkrar eyni formada davam edəcəksə, Azərbaycan öz legitim hüquqlarından istifadə edəcək və vacib, lazımi addımları həmişə olduğu kimi yenə də qətiyyətlə atacaq”-deyə Vüqar iskəndərov əlavə edib.

P.S. "Rusiya Müdafiə Nazirliyi: Azərbaycan ordusu üçtərəfli bəyanatı “pozaraq” yeni əraziləri ələ keçirib" - bu açıqlamada düzəldiləsi nüanslar var. Rusiya Müdafiə Nazirliyinin adı dəyişdirilsə, məqsədini də yansıtmış olar. Rusiyanın "separatçıları" bəyanatdan dəm vurur. Bəyanata əsasən müvəqqəti nəzarət etməli olduqları ərazidə "separat"məramlı addımlar atan hərbi kontingentə nazirlik cavabdeh deyilmi?

Xüsusi olaraq qeyd edək ki, Azərbaycan üçtərəfli bəyanatın heç bir maddəsini pozmur. Öz torpağında öz ərazisindədir.

İndiyə kimi beynəlxalq qətnamələri icra etməyən Ermənistan, indi üçtərəfli bəyanatı da kənara atıb atəşkəsi pozmaqda davam edir. Yeni müharibəyə hazırlıq görür, təxribat törədir və özünü qurban kimi təbliğ edir. Atdığı və atacağı addımlara üçtərəfli bəyanata əsasən nəzarət sözü verənlər, indi bəyanat pozulmasının da günahını bizim üzərimizə yıxmağa çalışır. Rusiya Müdafiə Nazirliyi müvəqqəti məsuliyyət götürdüyü işini icra etmək əvəzinə, Ermənistanın təbliğat "maşınına" çevrilib. Qeyri-qanuni və icazəsiz daşımalara bələdçilik edən müvəqqəti hərbi kontingentin maşınları da nazirliyin sülhdən kənar məramının aynasıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »