Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı milyarderin Putini təhqir etdiyi səs yazısı "partlayış" effekti yaradıb - Video
Azərbaycanlı milyarderin Putini təhqir etdiyi səs yazısı "partlayış" effekti yaradıb - Video

Rusiya rəhbərliyini ədəbsiz formada tənqid edən prodüser İosif Priqojinlə azərbaycanlı milyarder Fərhad Əhmədovun söhbətinin audio yazısı mediada və “Telegram” kanallarında geniş yayılıb. Dialoqun stenoqramı ilə 35 dəqiqəlik səsyazma əvvəlcə martın əvvəllərində “YouTube”-da yayımlanıb. Ukraynanın “Beşinci kanal”ı bir neçə gün əvvəl audio yazını yayandan sonra əsl qalmaqal başlayıb.

Bizimyol.info xəbər verir ki, Priqojin əvvəlcə səs yazısını “saxta” adlandırıb, amma sonradan bunun “şifahi ifadələrin simbiozu” olduğunu deyib. Alternativ medianın xüsusi xidmət orqanlarındakı mənbəyi bildirib ki, Priqojinlə Əhmədovun söhbətinin yazısı həqiqidir. Azərbaycanlı milyarder bununla bağlı açıqlama vermək istəməyib.

Söhbətin iştirakçıları Rusiyanın Ukraynaya təcavüzünü, prezident Vladimir Putin və onun ətrafını müzakirə edirlər. Məsələn, səs yazısında İosif Priqojin deyir ki, “Rosneft”in rəhbəri İqor Seçin Milli Qvardiyanın rəisi Viktor Zolotovla “birləşib” hər şeyin günahını müdafiə naziri Sergey Şoyqunun üzərinə atırlar. Həmin şəxslərin Şoyqunun az qala üzünə söydüklərini deyirlər. Danışırlar ki, müharibədəki uğursuzluğu kiminsə üstünə yıxmaq lazımdır deyə, belə vəziyyət yaranıb.

Fərhad Əhmədov

Priqojin onlar haqqında yaxşı söz deyə bilməyəcəyini bildirir. Burada prodüser ağır ifadələr işlədir. Priqojin deyir ki, Putin şahmat taxtasında onları üz-üzə qoyur. Bu yerdə Fərhad Əhmədov bildirir ki, “bizdə prezident ölkəsidir, hər şeyə o cavabdehdir”.

Bundan sonra azərbaycanlı milyarderin də ürəyi açılır. Fərhad Əhmədov deyir ki, Rusiya hakimiyyəti hətta onların uşaqlarının gələcəyinə də tüpürüb. Priqojin müdaxilə edərək Kremldəkiləri “cinayətkar” adlandırır.

Priqojin səs yazısında deyir ki, Putin Zelenskiyə uduzub: “Hamının onlara qarşı vuruşduğunu deyirlər. Amma Putin özü özünü dalana dirəyib. Dayanardı, Nobel mükafatı alıb cəhənnəm olardı. Onsuz da ölkəni əldən verib”.

Fərhad Əhmədov isə bildirir ki, “bunlardan” uzaq dayanmaq lazımdır: “O, arxaya çəkilməyəcək, irəli isə gedə bilmir. Qruplaşma yaranacaq. Stəkanda tarakanlar kimi bir-birini gəmirəcəklər. Birini məhv edəcəklər, sonra bir-birinin boğazından yapışacaqlar. Bir-birini batıracaqlar. Başa düşürlər ki, sonları çatıb”.

Azərbaycanlı milyarder bundan sonra Putini “şeytan” adlandırır. Fərhad Əhmədov kobud ifadələrlə deyir ki, xalq Kreml rəhbərinin vecinə də deyil.

Səs yazısında elə ağır söyüş var ki, 157 dəfə səslənib. İosif Priqojin son açıqlamasında Fərhad Əhmədovla uzun müddətdir danışmadığını bildirib. Amma prodüser jurnalistlərin birbaşa suallarından yayınıb. Hiss olunur ki, Priqojin audio yazının saxta olmasını növbəti dəfə iddia etməkdən çəkinir. Çünki Federal Təhlükəsizlik Xidmətinin artıq araşdırmaya başladığı bildirilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »