Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-a qarşı tarixi təhdid: Orta Şərqin balansı dəyişir...
ABŞ-a qarşı tarixi təhdid: Orta Şərqin balansı dəyişir...
ABŞ-ın məşhur “Foreign Affairs” jurnalı martın 10-da Çinin Səudiyyə Ərəbistanı ilə İran arasındakı sülhü “Bu, Yaxın Şərqdə yeni bir nizamdırmı?” sualı altında araşdırmağa başlayıb. Xülasə, aparılan təhlildə İran və Səudiyyə Ərəbistanının yaxınlaşmasının bölgəni dəyişdirə biləcəyi potensialına diqqət yetirilir.

Onlar haqlıdırlar, çünki İran və Səudiyyə Ərəbistanının yaxınlaşması artıq regionu dəyişməyə başlayıb və bəli, Yaxın Şərqdə indi yeni nizam qurulur.

Çinin gətirdiyi sülh

İran Səudiyyə Ərəbistanı ilə, Səudiyyə Ərəbistanı isə İranın müttəfiqləri ilə normallaşmağa başladı:

1) İran və Küveyt dəniz sərhədinin müəyyən edilməsi üçün danışıqlara başladılar. Küveytin rəsmi xəbər agentliyi “Kuna”nın xəbərinə görə, danışıqları Küveyt xarici işlər nazirinin müavini Mənsur əl-Oteybi və İran xarici işlər nazirinin müavini Rza Nəcəfinin rəhbərlik etdiyi hüquq komissiyaları aparır.

2) Bəhreyn və İran münasibətləri normallaşdırmaq üçün birbaşa ikitərəfli danışıqlara başladılar.

3) Səudiyyə Ərəbistanı və Suriya diplomatik əlaqələrə başlayır. Səudiyyə Ərəbistanında yerləşən “Əl-İxbariyə” kanalı iki ölkənin səlahiyyətlilərinin konsulluq xidmətlərinin bərpası üçün danışıqlara başladığını açıqlayıb.

Ümumiləşdirsək, “Çin sülhü” cəmi 15 gün ərzində Yaxın Şərqdə üç yeni normallaşmaya müsbət təsir göstərdi.

İsrailin narahatlığının səbəbi

“Çin sülhü” regiona da dolayı təsir göstərir. ABŞ-ın nüfuzlu “Wall Street Journal” qəzeti yazıb ki, Çin bu il İran və Körfəz ölkələrini Pekində bir araya gətirəcək.

Bu isə sürpriz olmayacaq. Martın 21-də Çin lideri Si Cinpin və Rusiya lideri Vladimir Putinin imzaladığı tarixi birgə bəyannamədə buna işarə edən bir məqsəd var: İki ölkə Fars körfəzi regionu üçün kollektiv təhlükəsizlik arxitekturasının yaradılmasının tərəfdarıdır.

İsraili ərəb ölkələri ilə normallaşdıran “İbrahim müqavilələri” praktiki olaraq ABŞ-ın İrana qarşı İsrail-Ərəb ittifaqı qurmaq layihəsi idi. İsrail bəzi ərəb ölkələri ilə müqavilə imzalayaraq, Səudiyyə Ərəbistanı ilə də normallaşmağa çalışırdı. Ancaq Səudiyyə Ərəbistanının İranla normallaşması “İrana qarşı İsrail-Səudiyyə ittifaqı” məqsədini iflasa uğratdı.

Amma daha konkret desək, Netanyahu hökumətinin Fələstindəki əməliyyatları indi getdikcə daha çox Körfəz dövlətlərinin radarındadır. Əslində, Təl-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu bunu görür və xəbərdarlıq edir: “İsrail-Fələstin sahəsində gərginlik davam edərsə, İsrail-Səudiyyə Ərəbistanı münasibətlərinin gedişində fasilə yaranacaq və hətta geri çəkiləcək. İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı normallaşma prosesinin dayanması mümkündür”.

ABŞ-a qarşı tarixi təhdid

İlk günlərdə həm ABŞ rəsmiləri, həm də media Çinin İran-Səudiyyə sülhünü təmin etməsinə etinasızlıq münasibəti ilə çıxış edirdi. Lakin tədricən onlar bunun nə demək olduğunun reallığı ilə barışmağa başladılar. ABŞ-ın məşhur xarici siyasət jurnalları hadisəni “Özümüzə qol vurduq”dan tutmuş, “ABŞ-a tarixi çağırış”a qədər müxtəlif çalarlarda dəyərləndirməyə çalışdılar

Bəli, bir sözlə, istər-istəməz Yaxın Şərqdə yeni nizam qurulmağa başlayıb...

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »