Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada iğtişaşlar zamanı onlarla xəsarət alanlar olub
Fransada iğtişaşlar zamanı onlarla xəsarət alanlar olub

Şənbə günü Fransanın qərbindəki Sen-Solin kommunası yaxınlığında kənd təsərrüfatı məqsədləri üçün suvarma hövzələrinin yaradılmasına qarşı etiraz edən onlarla etirazçı yaralanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə aksiyanın təşkilatçılarının nümayəndəsi, "Soulevements de la Terre" assosiasiyasının fəalı Lena Lazar məlumat verib.

“Bir çox nümayişçi yaralanıb, onlarla insan, o cümlədən ağır yaralananlar var. Onlardan üçünün həyatı təhlükədədir, daha üçünün huşsuz vəziyyətdədir. Zərərçəkənlərdən biri açıq sınıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib", - deyə bildirib.

Lazar qeyd edib ki, nümayişçilər polisin izdihamı dağıtmaq üçün rezin sursatlardan, həmçinin qaz qumbaralarından istifadə etməsi nəticəsində xəsarət alıblar.

Lazarın sözlərinə görə, nümayişin keçirildiyi ərazidə kordonda dayanan və iğtişaşların yatırılmasında iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşları təcili tibbi yardım maşınlarının keçməsinə imkan verməyiblər ki, bu da bəzi qurbanların vəziyyətini çətinləşdirib.

Deux-Sevr prefekturası bu iddiaları rədd edir.

Bir müddət əvvəl jandarmeriyanın rəsmi nümayəndəsi polkovnik-leytenant Nəsimə Cəbli "BFM" telekanalının efirində aqressiv nümayişçilərlə qarşıdurma zamanı bir neçə hüquq-mühafizə orqanının əməkdaşının yaralandığını bildirib. Hadisə yerindən çəkilmiş görüntülərə görə, avtoxuliqanlar jandarmlara petank topları ataraq onlara qarşı pirotexniki vasitələrdən istifadə ediblər. Radikallar yanar qarışığı olan şüşələrin köməyi ilə aksiyanın keçirildiyi sahənin perimetri boyunca dayanmış bir neçə jandarm avtomobilini yandırıblar. Son məlumatlara görə, ən azı üç avtomobil tamamilə yanıb.

Qarşıdurma zamanı polis gözyaşardıcı qaz qumbaralarından və su şırnaqlarından fəal şəkildə istifadə edib.

"Twitter"də jandarma hadisə yerində onun 3 minə yaxın əməkdaşının olduğunu bildirib. Fransanın daxili işlər naziri Gerald Darmanin asayiş keşikçilərinə qarşı zorakılığı pisləyib, onlara dəstəyini ifadə edib.

Yerli prefekturanın qadağasına baxmayaraq, uşaqlı ailələr də daxil olmaqla, 6000-ə yaxın nümayişçi bu kommunanın yaxınlığındakı əkin sahələrinə toplaşıb. Eyni zamanda, Deu-Sevres departamentinin prefekti Emmanuel Dube hələ etiraz yürüşü başlamazdan əvvəl, bu əraziyə yaxşı təchiz edilmiş və silahlanmış minə qədər radikalın toplaşdığı barədə xəbərdarlıq edib. O, mümkün iğtişaşlar zamanı əziyyət çəkməmək üçün dinc etirazçıları aqressiv nümayişçilərdən uzaq olmağa çağırıb.

Sen-Solin kommunası ərazisində suvarma hövzələrinin tikintisinə qarşı etiraz 2022-ci ildən davam edir. Ümumilikdə idarənin layihəsinə ümumi həcmi bir neçə yüz min kubmetr su olan 16 belə su anbarının yaradılması planları daxildir. Fermerlər və səlahiyyətlilər yay quraqlığı zamanı əkinləri suvarmaq üçün qış və yaz boyu onlara su çəkməyi planlaşdırırlar.

Yerli sakinlər torpaq işləri, eləcə də təbii su anbarlarının qurumasına səbəb ola biləcək qrunt sularının çəkilməsi zamanı ətraf mühitə mümkün zərərləri qeyd edərək, hakimiyyətin planlarına qarşı çıxırlar.

Bundan əlavə, etirazçılar hesab edirlər ki, bu hovuzlardan istifadə etmək niyyətində olan fermerlər “intensiv becərmə təcrübələri ilə torpağı məhv edirlər”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »