Böyük Britaniya baş nazirləri Rişi Sunak və İsrailin hökumət başçısı Benyamin Netanyahu cümə günü Londonda görüşüblər.
Bizimyol.info xəbər verir ki, İsrail hökumətinin başçısının ofisi bildirib ki, görüşün əsas mövzusu İrana qarşı birgə mübarizə və strateji əməkdaşlığın gücləndirilməsi olub.
“Netanyahu və Sunak İranın sahib ola biləcəyi nüvə təhlükəsini də müzakirə ediblər. Baş nazir Netanyahu ölkəsinin məsələ ilə bağlı sərt mövqeyinə görə baş nazir Sunaka təşəkkür edib və qeyd edib ki, dünya dağıdıcı xislətli İrana qarşı nəzarəti və təzyiqi gücləndirməlidir", - mesajda deyilir.
Bundan əlavə, ofis əlavə edib ki, tərəflər təhlükəsizlik, kəşfiyyat və iqtisadiyyat sahəsində strateji əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib. "Həmçinin milli təhlükəsizlik müşavirlərinin rəhbərliyi ilə strateji dialoq qurmaq barədə razılığa gəliblər. Liderlər ikitərəfli ticarət sazişinin həyata keçirilməsində irəliləyişi alqışlayıblar. Baş nazir Netanyahu Böyük Britaniyanın baş nazirini İsrailə rəsmi səfərə dəvət edib", - deyə mesajda qeyd edilir.
Netanyahu cümə günü səhər tezdən səfər üçün Londona gedib. Qeyd edək ki, onun Britaniya paytaxtına uçuşu cümə axşamına planlaşdırılsa da, sonradan təxirə salınıb.
“The Times of Israel” qəzetinin məlumatına görə, buna cümə axşamı İsraildə uzun sürən daxili siyasi çəkişmələr səbəb olub. Netanyahu üçün bu, son üç həftədə üçüncü xarici səfərdir.
Martın 9-da o, Romada İtaliyanın baş naziri Corc Meloni ilə, martın 16-da isə Berlində Almaniya kansleri Olaf Şolz ilə görüşlər keçirib.
Qadir, Bizimyol.info