"Qərb dövlətləri Ukraynada uzunmüddətli münaqişəyə hazır olmalıdır, çünki onun həlli perspektivləri hələ görünmür".
Bizimyol.info xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişəni “məhv olma müharibəsi” adlandırmaq olar. Stoltenberq Rusiya rəhbərliyinin “sülh planlaşdırmadığını” qeyd edib. Baş katib bildirib ki, Qərb ölkələri Ukraynaya yeni sursat və silahların tədarükü üçün istehsal gücünü artırmalıdır: “Mövcud döyüşlərdə sursatı istehlakı hazırkı istehsal sürətindən yüksəkdir", - deyə o əlavə edib.
Döyüş meydanındakı hadisələr kontekstində Stoltenberq bildirib ki, NATO-nun verdiyi yardım Ukraynanın əks-hücum əməliyyatını həyata keçirməyə yönəlib. Eyni zamanda o, bir daha bildirib ki, alyans münaqişə tərəfi deyil və hərbi qərarlar Ukrayna komandanlığı tərəfindən verilir. Amerikanın "F-16" qırıcılarının Ukraynaya mümkün tədarükü barədə danışan baş katib “bununla bağlı heç bir qərar verilmədiyini” bildirib.
Bundan əlavə Stoltenberq vurğulayıb ki, Qərb ölkələri öz müdafiəsi üçün daha çox vəsait ayırmalıdır: “İyulda Vilnüsdə keçiriləcək sammitimizdə mən müttəfiqlərin daha iddialı yeni müdafiə xərclərinə - ÜDM-nin ən azı 2%-nə qədər öhdəlik götürməyə razılıq verəcəyini gözləyirəm", - deyə baş katib xərclərin artırılmsına diqqət çəkib.
NATO-nun baş katibi həmçinin bildirib ki, Çinin Ukraynadakı münaqişənin həllinə kömək etmək istəyi “Ukraynanın mövqeyini anlamaq” və prezident Vladimir Zelenski ilə “birbaşa qarşılıqlı əlaqə” cəhdi ilə müşayiət olunmalıdır. Eyni zamanda o, Pekinin Moskvanın Ukraynadakı hərəkətlərini pisləməməsindən təəssüflənib.
Sentyabrda səlahiyyət müddətinin başa çatmasından danışan Stoltenberq 2014-cü ildən bəri tutduğu NATO baş katibi postunda qalmaqda davam etmək niyyətində olmadığını təsdiqləyib: "Mən açıq şəkildə bildirdim ki, mənim səlahiyyət müddətim bu payızda başa çatır", - deyib.
Qadir, Bizimyol.info