Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Rusiyanı nüvə mərmilərilə bağlı dezinformasiya verməkdə ittiham edir
Britaniya Rusiyanı nüvə mərmilərilə bağlı dezinformasiya verməkdə ittiham edir

"Rusiya qəsdən tükənmiş uran mərmiləri haqqında dezinformasiya yaymağa çalışır".

Bizimyol.info xəbər verir ki, bunu Britaniya Müdafiə Nazirliyi bildirib.

Dünən Rusiya prezidenti Vladimir Putin deyib ki, guya “kollektiv Qərb” nüvə komponenti olan silahlardan istifadə etməyə başlayır. "Sky News" yazır ki, Müdafiə Nazirliyi Britaniya ordusunun bu materialdan onilliklər ərzində öz mərmilərində istifadə etdiyini bildirib.

“Bu, standart komponentdir, onun nüvə silahı ilə heç bir əlaqəsi yoxdur. Rusiya bunu bilir, amma bilərəkdən dezinformasiya yaymağa çalışır", - deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd edilir.

Çərşənbə axşamı, martın 21-də Böyük Britaniya müdafiə nazirinin müavini Anabel Qoldi, tərkibində tükənmiş uran olan zirehli deşici mərmiləri Ukrayna ordusuna təhvil verəcəklərini açıqlayıb.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, bu cür mərmilər müasir tanklara və zirehli maşınlara qarşı yüksək effektivliyə malikdir, həmçinin elmi araşdırmalar onların istifadəsinin insan sağlamlığına, eləcə də ətraf mühitə təsirinin "aşağı olma ehtimalı" olduğunu göstərir.

Çin lideri Si Cinpinq ilə mətbuat konfransı zamanı Putin deyib ki, Moskva "reaksiya verməyə məcbur olacaq", çünki "kollektiv Qərb artıq nüvə komponenti olan silahlardan istifadə etməyə başlayır".

“Birləşmiş Krallıq Ukraynaya təkcə tanklar deyil, həm də tükənmiş uran mərmiləri tədarük etdiyini açıqlayıb. Bu baş verərsə, Rusiya reaksiya verməyə məcbur olacaq. Bütün bunlar baş verərsə, Qərbin artıq kollektiv şəkildə nüvə komponenti olan silahlardan istifadə etməyə başladığını nəzərə alsaq, Rusiya buna uyğun cavab verməli olacaq", - Putin ətraflı məlumat vermədən deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »