Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qara dənizdə toqquşan strategiyalar: "Montrö" Türkiyəni kimdən qoruyur...
Qara dənizdə toqquşan strategiyalar: "Montrö" Türkiyəni kimdən qoruyur...
Ötən günlərdə ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatının (PUA) Qara dənizdə qəzaya uğraması bölgədə yenidən gərginlik yaradıb. ABŞ Rusiyanı təcavüzdə, Rusiya isə ABŞ-ı sərhədlərində casusluqda ittiham edir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbinin aşağıdakı sözləri ABŞ üçün Qara dənizdə status-kvonun saxlanmasının nə qədər vacib olduğunu göstərir: “Biz beynəlxalq sular üzərində beynəlxalq hava məkanında uçuşlara və fəaliyyətə davam edəcəyik. Qara dəniz heç bir xalqa aid deyil. Biz dünyanın bu hissəsində milli təhlükəsizlik maraqlarımız üçün zəruri işlərimizi etməyə davam edəcəyik”.

ABŞ-ın məqsədi Qara dənizi “NATO gölü”nə çevirməkdir

Ağ Evin strateji kommunikasiyalar direktoru ABŞ-ın strategiyasına uyğun sözləri diqqətlə seçib - Qara dəniz heç bir xalqa məxsus deyil, beynəlxalq arenada fəal olmaq onların, yəni ABŞ-ın haqqıdır…

Bəs ABŞ-ın strategiyası nədir? ABŞ SSRİ-nin dağılması ilə yaranmış yeni vəziyyətdən Qara dənizi “NATO gölü” etmək üçün istifadə etməyə çalışır; Türkiyənin Soyuq Müharibə dövründə Qara dənizdə izlədiyi tarazlığı və harmoniyanı pozmağa çalışır.

ABŞ Türkiyənin NATO üzvlüyünə Bolqarıstan və Rumıniyanı da əlavə edərək, Ukrayna və Gürcüstanı NATO-ya ortaq, yəni 6 Qara dəniz ölkəsindən 5-ni NATO müttəfiqi etməklə Qara dənizi “NATO gölü”nə çevirir.

Beləliklə, sərbəst girə bilmədiyi yeganə dəniz olan Qara dənizə girərək Rusiyaya qarşı strateji üstünlük yaratmağa və Avrasiyanın çox mühüm ərazisini əlində saxlayaraq qlobal güc mübarizəsində üstünlük qazanmağa çalışır.

ABŞ qarşısındakı böyük “sədd” – Montrö sazişi

Bəs ABŞ-ın Qara dənizə sərbəst girməsinə nə mane olur? Təbii ki, Montrö Konvensiyası. 1936-cı il müqaviləsi ABŞ-ın Qara dənizə sahili olmayan ölkələrə gətirdiyi gəmilərin sayı və tonaj limiti ilə qeyri-müəyyən müddətə Qara dənizdə olmağının qarşısını alır.

ABŞ, gah açıq-aşkar Montrönün yenilənməsini müdafiə edir, gah da “Qara dəniz heç kimə aid deyil, beynəlxalq dənizdir” deyərək, bu məsələdə olduğu kimi, Montrö maneəsini maneə olmaqdan çıxarmağa çalışır.

Qara dəniz yarımqapalı dənizdir və bu dənizin hüquqi statusuna təsir edən ən mühüm beynəlxalq sənəd 1936-cı il Montrö Konvensiyasıdır. Konvensiya Türkiyə, Qara dənizlə həmsərhəd dövlətlər və boğazlardan istifadə edən digər dövlətlər üçün ayrıca hüquq və öhdəliklər müəyyən edir.

Ona görə də Qara dənizin Montröyə əsaslanan hazırkı statusu ABŞ-ın sərbəst və qeyri-məhdud fəaliyyətinə mane olur.

Türkiyənin strategiyası: “Qara dəniz, Qaradənizlilərindir”

Ankara Vaşinqtonun Qara dəniz hədəfini ümumilikdə öz yanaşmasına zidd olaraq görür. Ərdoğan kimi NATO-nu zaman-zaman birbaşa Qara dənizə çağıran idarəçilərin mövcudluğuna baxmayaraq, Türkiyə 1936-cı ildən bəri Qara dənizdə Rusiya ilə tarazlığı və harmoniyanı qoruyur.

Türkiyə dövlətinin Qara dəniz strategiyasını ən yaxşı şəkildə ümumiləşdirən sözlər 2008-ci ildə Baş Qərargah rəisi İlkər Başbuğ tərəfindən səsləndirilib: “Qara dəniz Qara dənizə sahili olan ölkələrə aid bir məsələdir”. Yəni ABŞ Qara dənizin heç kimə aid olmadığı tezisini irəli sürərkən, Türkiyə əksinə, Qara dənizin dənizətraflı xalqlara aid olduğunu müdafiə edir. Qara dənizin Qara dəniz xalqına aid olduğuna zəmanət isə heç şübəhiz Montrö sazişidir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »