Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinə və Kabayevaya görə insanların Valday gölünə çıxışını bağlayıblar
Putinə və Kabayevaya görə insanların Valday gölünə çıxışını bağlayıblar

Fevralın sonunda “Proyekt” nəşri Vladimir Putin və Alina Kabayevanın (prezidentin uşaqlarının anası olması iddiası var) Valday çayının sahilindəki dəbdəbəli daşınmaz əmlakı ilə bağlı araşdırma dərc edib. Kabayevanın evi Putinin dostu, iş adamı Yuri Kovalçuka məxsus torpaqda, 2000-ci illərin əvvəllərində prezidentin özü üçün tikilmiş imarətindən 800 metr aralı yerləşir. Bura həm də dövlət başçısının rəsmi iqamətgahı olan “Ujin” ilə qonşuluqdadır. Üç gün sonra qəfildən məlum oldu ki, gölün sahildə sarayların yerləşdiyi hissəsi “xüsusi mühafizə olunan təbiət ərazisi”nə çevrilib. İndi Valdayın yarısı qayıqlar və tətilə gələnlər üçün tamamilə bağlıdır. Rəsmi versiya “pis ekoloji şərait” deyir.

Bizimyol.info xəbər verir ki, martın 3-də Novqorod vilayətindəki Valday Milli Parkının rəsmi saytında xüsusi mesaj yer alıb. Burada bildirilib ki, Rusiya Təbii Sərvətlər və Ekologiya Nazirliyinin yeni əmrinə əsasən, parkın hüdudları daxilində xüsusi mühafizə olunan təbiət ərazisi zonası genişləndirilib. Bu statusu Valday gölünün bir hissəsi alıb. Beləcə, ora giriş qadağan edilib.

Formal olaraq Valday Milli Parkının bütün ərazisi xüsusi mühafizə altındadır. Amma buranın daxilində müxtəlif mühafizə statusu və qadağaları olan ərazilər var. Parkın çox hissəsi “istirahət zonası” hesab olunur: orada turizm, rekreasiya məqsədli balıq ovu və ova icazə verilir. Təxminən 36 min hektar və ya bütün ərazinin beşdə biri qorunan ərazilərdir. Mühafizə olunan ərazilərdə hər hansı iqtisadi fəaliyyət (o cümlədən ekskursiyalar) qadağandır, onlardan istirahət üçün istifadə etmək olmaz. Qısası, qoruqda işləməyənlər bura daxil ola bilməz.

Mühafizə olunan ərazilərin qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Fiziki şəxslər üçün 4 min, hüquqi şəxslər üçün isə 500 min rubla qədər cərimədən söhbət gedir. Cinayət Məcəlləsində qorunan ərazilərin rejiminin pozulması ilə bağlı bir maddə də var: xüsusi mühafizə olunan əraziyə “əhəmiyyətli ziyan” vurularsa, cərimə 200 min rubla qədər olacaq. Bu maddədə nəzərdə tutulan maksimum cəza iki il islah işləridir.

Bir çox yerli sakinlər və Valdayın daimi qonaqları ekoloji əsaslandırmaları inandırıcı hesab etmirlər. Parkın rəsmi sosial media hesablarında və yerli forumlarda çoxlu qəzəbli rəylər yer alıb. Çoxları yazıb ki, yeni qadağa təbiəti yox, Putinin iqamətgahını qoruyur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »