Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid övladından atasına məktub: "Döyüş yoldaşları atamı “Dəmir adam” adlandırırdılar"
Şəhid övladından atasına məktub: "Döyüş yoldaşları atamı “Dəmir adam” adlandırırdılar"

Hər insanın həyatında atanın öz xüsusi və dərin çalarlara malik yeri vardır. Atalar övladlarının qəhrəmanıdır. Bilirsinizmi niyə? Çünki onlar bizi sevdikləri, bizə həyat bəxş etmək istədikləri üçün ATA olmağı seçiblər. Eynilə mənim atam kimi... Amma o təkcə məni deyil bu xalqın bütün övladlarını sevirdi, onları yaşatmaq istəyirdi, bax elə buna görə də, o, təkcə mənə ata olmağı deyil, Vətənə layiqli övlad olaraq İkinci Qarabağ müharibəsində ŞƏHİD olmağı da seçdi.

Sizə bir sirr verimmi? Mənim atamın atası da qəhrəmandır! O, 1994-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Buna görə də, atam hələ 4 yaşında ikən “atasız” böyümüşdü. Amma o həmişə deyirdi, mən atasız deyiləm, mənim atam bu xalqın tək-tək fərdinin qəlbində yaşayır. Elə mən də bunu deyirəm: Mən də atasız deyiləm! Mənim atam hər bir azərbaycanlının qələbə sevincində, gülümsəyən simasında canlanır. Onların həyat dolu baxışlarındadır mənim ATAM! Qürurla dalğalanan bayrağımızda, vüqarla “Mən Azərbaycanlıyam!”-deyə səslənişimizdə, himnizimin heybətindədir, mənim Atam! Mənim atam, hər bir azərbaycanlının gələcəyə ümidlə baxışında, bir millət olaraq inkişafa doğru irəliləyiş əzmindədir!

Sizə başqa bir sirr verimmi? Sağ əlini sol sinə qəfəsinə qoy... Qəlbinin döyüntülərini eşitdinmi? Necədə əsgər addımlarına bənzəyir, deyilmi? Bax o “addımlar”dadır mənim Atam!

Cəbhə yoldaşları onun qəhrəmanlığı haqda həm qürurla, həm də kədərlə söz açırlar. “Dəmir adam” adlandırırdılar onu döyüş yoldaşları. Günərlə ac-susuz mühasirədə qaldıqlarına baxmayaraq Füzuli istiqamətində tankla irəliləyərək, neçə-neçə düşmən tankını zərərsizləşdirdi. Sonunda isə misilsiz qəhrəmanlıqla şəhid oldu. Atam təkcə öz şəhid atasının deyil, bütün şəhidlərimizin qisasını aldı. O, döyüşlərə getdiyi zaman mənimlə vidalaşaraq evimiz və doğma yurdumuzu mənə əmanət etdi. Torpaqlarımızı azad edəcəyinə söz verdi və sözünü də tutdu. Mən də atam kimi olacam! Onun yolu ilə gedəcəm! Xalqımıza, millətimizə, Vətənimizə, dövlətçiliyimizə layiqli övlad olacam! Öz qormazlığım, şücaətim, cəsarətim, sədaqətimlə mən də qəhrəman olacam!

Qeyd: Şəhid Elşən Orucov, Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olan Şəhid Ehtiram Orucovun oğludur. O, 1991-ci il avqustun 6-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Elşən Orucov 1997-2008-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbini bitirərək hərbi xidmətə yollanıb.

2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edib. O, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edərək igidlik göstərib. Elşən Orucov noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb. Onun bu Vətənə bir qızı, bir oğlu yadigar qalıb. Bir də bizim ona həyat borcumuz…

şəhid Elşən Orucov şəhid Elşən Orucov

Xatırladırıq ki, Elşən Orucov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyi, vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin sıra ilə 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Orucov ölümündən sonra "Vətən uğrunda" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Orucov Ehtiram (Şəhid Elşən Orucovun övladı)

Son xəbərlər
Bütün xəbərlər »