Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Novruz bayramı Kosa və Keçəlsiz olmaz...
Novruz bayramı Kosa və Keçəlsiz olmaz...

“Bayramlarda “Kosa-Keçəl” məsələsi bizim teatral mədəniyyətimizdə baş verən hadisədir. Əgər mifoloji mədəniyyətdə bu varsa, bu da deməkdir ki, min ildir davam edir. Hər il yazda Kosa və Keçəl qapılara gəlir. Kosa qışın rəmzidir, üzünün tüksüz olması, kasıbçılığı göstərir. “Kosa ikicanlıdır” ifadəsi burada həm qışı, həm də yazı təmsil etdiyini göstərir. Ölür və yenidən dirilir. Ölməyi qış, dirilməyi yazdır. Baxın bir obrazda nə qədər məqamlar var. Əslinə qalanda bu obrazın bir tipidir. Ədəbiyyatda “tipikləşdirilmiş obraz” məsələsi var. Tipikləşdirilmiş obrazda bir obrazın qismində onun xarakterini səciyyələndirmək mümkündür. Tutaq ki, biz “Hacı Qara”ya xəsis deyirik. Hacı Qara özündə xəsisliyi formalaşdırır. Kosa obrazında yaz var, qış var. Əynində ləbbadə var belinə kəmər bağlayır, köynəyin altından döşəkçə bağlayır. Bu döşəkçə onun iki canlı olması məsələsidir. Qurşağına çömçə keçirir. Çömçə onun "qarınqulu" olduğunu ifadə edir. Belində insanları əyləndirmək üçün zınqırovlar asır. Şişman papağı göyü simvolizə edir. Münəccimlər də elə papaqlar qoyurdular. Keçəl obrazı isə, məzhəkədə mediator rolunu oynayır. Elmi ədəbiyyatlarda da mediator kimi qeyd edilir.

Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli danışıb. O, qeyd edib ki, bəzən “Keçəli” günəşlə də müqayisə edirlər. Onun başının keçəl olması, işıq saçması güya günəşi əks etdirir. Məzhəkədə “kəndirbaz” obrazı da var. Belə ki, kəndirbazın, kosanın, keçəlin oyunları kompleks olaraq səhnədə idi. Bu səbəbdən də, kəndirbaz kəndirin üzərində məsafəni qət etdikcə aşağıdan ona baxan tamaşaçılar stres yaşayır. Bu stresi azaltmaq üçün keçəl mayallaq aşır, özünü şən aparır. İnsanlardan stresi götürmək üçün mediator rolunu oynayr. Onlar səhnədə bir-birini tamamlaya bilirlər. Teatr mədəniyyətində buna "qrotesk" deyirlər. "Qrotesk" obrazlılığın tipidir. Bu, beynəlxalq termindir.

Atəş Əhmədli Atəş Əhmədli

Atəş Əhmədlinin fikrincə, bu özlüyündə bizim dünya görüşümüzün, mədəniyyətimizin çox geniş olması, təbiəti imitasiya etmə bacarığımızın olması, təbiət hadisələrinə münasibətimizi ifadə etməyi və s. o obrazlar vasitəsilə səhnəyə çıxarmağımız xalqın mədəniyyətini əks etdirir.

Folklorşünas qeyd edib ki, bayram obrazları bu gün ortaya atılmış məsələlər deyil.

“Bu gün bir az müasir formada rumyanalı, pomadalı bəzənmiş formada, kloun şəklində göstərirlər. Bu, həmin obrazları zəif planda göstərir. Arxaik obrazların arxaik geyimləri var. Həmin geyimlərin hamısı klassik formada olmalıdır. Bizim filmlərdə də var.  Səməd Vurğunun Komsomol poeması əsasında çəkilmiş “Yeddi oğul istərəm” filmində Kosa və Keçəlin çox klassik bir nümunəsi yaradılıb. Həmin filmdə onların orijinal şəkildə təqdimatı var”-deyə Atəş Əhmədli əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »