Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürün quruması gələcək faciədən danışır
Kürün quruması gələcək faciədən danışır

Dəli Kür sürətlə quruyur. Amma bununla bağlı daha çox sosial platformalarda həyəcan təbili çalınır. Dövlət səviyyəsində ciddi narahatlıq müşahidə edilmir. Müzakirələr yoxdur, hər hansı tədbirlər planından danışılmır.

Bizimyol.info xəbər verir ki, sosial platformalarda ilkin müzakirələr zamanı Kürün qurumasını Türkiyədə inşa edilən bəndlərlə bağlayan çox idi. Amma zamanla məsələ daha aydınlaşmağa başladı. Videogörüntülər yayıldı, məlum oldu ki, Kürün Gürcüstandan Azərbaycana keçən hissəsində su yetərincə gur axır. Deməli, günahı Türkiyədəki bəndlərin üzərinə yıxmaq mənasızdır.

Bəs onda Kür niyə quruyur? Bu haqda açıq danışan ekspert çox deyil. Amma deyilənlərdən belə anlaşılır ki, məmurların xüsusilə şoran torpaqlarda aqroparklar yaratması vəziyyəti ağırlaşdırıb. Elə sosial platformalardakı rəylərdə oxuyuruq ki, ayrı-ayrı rayonların icra başçısı belə kiçik müəssisələr yaradıb, suyu tamamilə həmin yerlərə yönəldib. Əhali su qıtlığından əziyyət çəkir. Son üç ildə durum daha da pisləşib. Neftçalada, Salyanda insanlar bilmir ki, əkin sahəsinin suvarılması haqda düşünsün, ya içməli suyu əldə etmək barədə. Sözün əsl mənasında içməyə su yoxdur. Əhali şor su istifadə etməyə məcbur qalıb.

Ağaclar susuzluqdan məhv olur. Fərdi təsərrüfatlar sıradan çıxır. Əhali heyvanlara verməyə su tapmır. Mal-qara şor su içdiyindən qırılır. İnsanlar son ümid yeri olan torpaq sahələrini dəyər-dəyməzinə məmurlara satmaq məcburiyyətində qalır. Susuzluq özü ilə dəhşətli yoxsulluq gətirir.

Araşdırmaçı Allahverdi Aydın çaylarda suyun qurumasını maraqlı məqamla əlaqələndirib. Onun fikrincə, qum-çınqıl yataqlarının istismarı vəziyyəti ağırlaşdırır. Rəsmi statistika da ölkədə qum-çınqıl istehsalının artdığını deyir. Hətta Rusiyadan idxal da artıb. Rəqəmlər Qarabağdakı işlərə görə həcmin artmasını bildirir. 2020-ci ildə hətta “Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyası” yaradılıb.

İşğaldan azad edilmiş torpaqlarda infrastrukturun qurulması, yaxşılaşdırılması təqdirəlayiqdir. Amma bunu gələcək faciənin əsasını qoymaqla etmək olmaz. Kürün quruması çay hövzəsində yaşayan əhalinin yaşayış yerini kütləvi şəkildə tərk etməsi ilə nəticələnəcək. Paytaxt əhalisi dayanmadan artır. Kür hövzəsindən gələnlər də məhz Bakıya pənah gətirəcək. Proses idarəolunmaz hala gəlir. Bunun qarşısı tez alınmalıdır.

Kürün belə vəziyyətə qalması heç yaxşı gələcək vəd etmir. Azərbaycan su qıtlığı gözlənilən ölkələr arasında onsuz da liderlər qrupundadır. Təcili problemi yüksək səviyyədə müzakirəyə çıxarıb həll yolları tapmaq lazımdır. Yoxsa böyük faciədən qaçmaq mümkün olmayacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »