Ermənistanın baş naziri Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında regionda kritik vəziyyətin yarandığını etiraf etməyə məcbur olub.
Bizimyol.info xəbər verir ki, ekspert Qriqor Balasanyanın fikrincə, Ermənistan hakimiyyəti daha indiki reallıqları nəzərdən qaçıra bilməz.
Beynəlxalq münasibətlər sahəsi üzrə mütəxəssis Qriqor Balasanyan bildirib ki, faktlar Ermənistanın nəyin bahasına olursa, olsun Azərbaycanla sülh əldə etməyə yönəlmiş xarici siyasətinin iflasa uğramasından danışır. O qeyd edib ki, Paşinyanın açıqlamalarını ümidsizlik sözləri kimi səciyyələndirir.
“Bu, vəziyyətin təhlükəli həddə çatdığını deməyə əsas verir. Ölkə ya təcrübəsizliyinə görə belə vəziyyətə gətirilib, ya 2018-ci ilin eyforiyasının təsiri altındadır, ya da xarici siyasətə cavabdeh olanlar başa düşmədilər ki, hazırda Ermənistan kimi kiçik dövlətin bir-birini tamamlayan xarici siyasət yürütməsi son dərəcə təhlükəlidir. Ermənistan hakimiyyətinin yeritdiyi siyasət geosiyasi mərkəzlər arasında rəqabət kontekstində heç bir yerə aparmayan yoldur”,- deyə ekspert bildirib.
Balasanyan bildirib ki, Ermənistan təhlükəli nöqtəyə gətirilib. “Avropanın müxtəlif paytaxtlarında verilən şirin səsli vədlərə inanırdılar və eyni zamanda ölkəni müharibə astanasına, müdafiəsiz vəziyyətə gətirdilər”, - deyə Balasanyan şikayətlənib.
O hesab edir ki, müharibədə məğlubiyyətdən xarici siyasətdəki səhvlərə bəhanə kimi istifadə etmək yolverilməzdir, çünki bunun əvəzini bütün xalq ödəməli olacaq.
Aİ-nin Monitorinq Missiyası Ermənistan üçün təhlükədirmi?
Beynəlxalq məsələlər üzrə ekspert hesab edir ki, status-kvonu dəyişmək imkanı və istəyi olmayan avropalı müşahidəçilərin iştirakının az faydası var, onların əsl missiyası İranı izləməkdir. Lakin Tehran avropalı müşahidəçilərin onun təhlükəsizliyinə təhlükə yaratdığına qərar verərsə, bu, ölkə üçün təhlükə yaradır.
"Rəsmi versiyaya görə, onların missiyası Ermənistan və Azərbaycan xalqları arasında dialoqu təşviq etməkdirsə, onlar Geqarkunik və ya Tavuş bölgəsində yerləşdirilə bilərdilər. Lakin onlar Vayots Dzor bölgəsində yerləşirlər, baxmayaraq ki, insidentlər olduqca nadirdir. Niyə Vayots Dzorda? Cavab çox sadədir. Yeqnadzor şəhəri İran sərhədini və İran ərazisini izləmək üçün çox əlverişlidir. Onların özləri ilə gətirdikləri texnika və avadanlıqlar təkcə Ermənistanın nəzarəti üçün nəzərdə tutulmayıb”,- deyə erməni ekspert bildirib.
Leyla Mirzə