Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə dollar rekord sayılan 19 həddinə çatdı
Türkiyədə dollar rekord sayılan 19 həddinə çatdı

Türkiyə iqtisadiyyatı zəlzələyə qədər də yaxşı günlərini yaşamırdı. Hökumət vəziyyətdən çıxmağa çalışır, amma yüksək inflyasiyanın qarşısını ala bilmirdi. Zəlzələ Türkiyə iqtisadiyyatına daha böyük zərbə vurdu. Zərər milyard dollarla ölçülür. İqtisadi göstəricilər yalnız aşağı düşür. O biri tərəfdən də lirə dəyər itirir.

Bizimyol.info xəbər verir ki, Türkiyədə dollar rekord sayılan 19 həddinə çatıb. Neçə gündür geriləyən lirə xarici valyutalar qarşısında duruş gətirə bilmir. Elə avronun da Türkiyədəki məzənnəsi yüksəlib. Amma Avropa valyutasının rekordu hələ bir müddət əvvəl qırılmışdı. Avronun 20.50-dən baha təklif olunduğu günlər olmuşdu.

ABŞ bank sistemində baş verənlər, bir çox şirkətlərin də eyni zamanda dəyər itirməsi özünü göstərməyə bilməz. “Credit Suisse”-in İsveçrə Mərkəzi Bankından (SNB) təxminən 54 milyard dollar vəsait ala biləcəyi açıqlanandan sonra bazarlarda risk qavrayışının azaldığını və bunun Avropa Mərkəzi Bankının pul siyasəti ilə bağlı qərarlarına təsir göstərdiyi bildirilir. Analitiklər bu məqamı xüsusi qabardır. İnvestorlar hadisələrin gedişini diqqətlə izləyir. Avropa Mərkəzi Bankının 50 bəndlik faiz artımı ehtimalı 14 faizə ensə də, maliyyə qurumunun faiz dərəcələrini 25 baza bəndi artırmağa davam edəcəyi proqnozlaşdırılır. Analitiklər bu gün avro bölgəsindəki faiz qərarı ilə yanaşı, ABŞ-da daşınmaz əmlak bazarını diqqətlə izləməyi tövsiyə edir. Yəni qarışıq iqtisadi proseslər, kəsişmələr valyuta məzənnələrində özünü aşkar göstərəcək. Hər şey lirə üçün yaxşı və ya çox pis ola bilər.

Türkiyə Mərkəzi Bankı 2022-ci ildə milli valyutanın məzənnəsini qorumaq üçün az risk etməyib. Bazara əlavə vəsaitin çıxarılması, bank rəhbərliyindəki dəyişikliklər müsbət istiqamətə yönəlməyə hesablanmışdı. Belə görünür ki, hökumət istəyinə çata bilməyib. Üstəlik, zəlzələ planları böyük mənada çox pozub. Yaxın günlərdə lirənin daha da çox dəyər itirməsi təəccüblü görünməməlidir. Hadisələrin gedişi buna daha çox işarə vurur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »