Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərbdə müəyyən mərkəzi dairələr erməni lobbisinin maraqlarına uyğun addım atır"
"Qərbdə müəyyən mərkəzi dairələr erməni lobbisinin maraqlarına uyğun addım atır"

Avropa Parlamentinin Azərbaycan əleyhinə yeni qətnaməsində Azərbaycanın Ermənistana “hərbi təcavüz etməsi”, Laçın yolunun güya “blokada”da olması kimi fikirlər, eyni zamanda “Minsk qrupu” və “Dağlıq Qarabağ” kimi ifadələr yer alıb. Görünən odur ki, Avropa Parlamenti Avropa İttifaqının danışıqlarda vasitəçilik missiyasını unudur, ya da ikili mövqe sərgiləməklə vasitəçilik mövqeyində də qərəzli ola biləcəyini eyham vurur.

“Avropa parlamenti daima Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Bu günə qədər biz Avropa parlamentində Azərbaycan lehinə, hər hansı bir müsbət qərarın şahidi olmamışıq. Göründüyü kimi, Avropa parlamenti sırf Ermənistanın mövqeyindən və beynəlxalq hüquqa zidd addımlar atır.

İlk növbədə Azərbaycanın ərazi bütövlüyü tanınır. Bu BMT-nin qətnamələri əsasında, BMT-nin 51-ci maddəsinə əsasən Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Belə olan təqdirdə, beynəlxalq hüquq imkan verir ki, Azərbaycan öz ərazi bütövlüyünü, həmin ərazilərdə təhlükəsizliyi təmin etsin”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Məhəmməd Əsədullazadə Avropa Parlamentinin Azərbaycana qarşı yeni qətnaməsini şərh edərkən danışıb. O, qeyd edib ki, bütün bunlara baxmayaraq, biz hər zaman Avropa parlamentinin Azərbaycana qarşı ədalətsiz və beynəlxalq hüquqa zidd qətnamələrinə şahidi oluruq.

“Bu qətnamə regionda ümumi sülhə, təhlükəsizliyə, Ermənistanla Azərbaycan arasında mövcud danışıqlara zərbə vurmuş siyasətin tərkib hissəsidir. Bu, həm də Avropa İttifaqının vasitəçilik missiyasına kölgə salır. İlk növbədə Avropa parlamenti bu məsələdə ya neytral olmalı idi, ya da Azərbaycan lehinə qəbul etməli idi. İşğalçı ölkənin əsassız və haqsız təkliflərini qəbul etməməli idi.

“Minsk” qrupu artıq formatını itirib, münaqişə həll olunub. Azərbaycan heç vaxt Ermənistana hər hansı bir hərbi təcavüz həyata keçirməyib. Hətta ötən il oktyabrda Praqada dördtərəfli formatda keçirilən görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyıb”-deyən politoloq qeyd edib ki, Avropa parlamentinin bu kimi qərarlar qəbul etməsini Azərbaycana qarşı bir siyasi təzyiq aləti hesab edir. Onun fikrincə, bu kimi qətnamələr Azərbaycanın ədalətlə həyata keçirdiyi siyasətə təsir edə bilməz. Belə ki, bu qətnamələr hərahansı bir hüquqi əsas da yaratmır. Çünki bunların qəbul etdiyi həmin sənədin hüquqi əsası yoxdur.

“Ümumiyyətlə “Dağlıq Qarabağ” ifadəsi yoxdur. Münaqişə bitib. Azərbaycan inteqrasiya siyasətini həyata keçirməyə çalışır. Görünür ki, qərbdə müəyyən mərkəzi dairələr erməni lobbisinin maliyyəsilə ilə məsələni qabartmaqda və böhranı idarə etməyə, böhranı yenidən gündəmə gətirməkdə maraqlıdırlar. Belə ikili standartların daim şahidi olacağıq. Bu səbəbdən də Azərbaycan tərəfi bu məsələlərdə prinsipial mövqeyini ortaya qoymalıdır. Hər hansı bir qətnamə Azərbaycanı öz haqlı mübarizəsindən çəkindirə bilməz. Çünki bizim haqlı mübarizəmiz məhz beynəlxalq hüquqa əsaslanır və bu proses buna uyğun getməlidir. Avropa parlamentinin qəbul etdiyi bu kimi qərarlar da elə kağız üzərində qalacaq”-deyə politoloq bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »