Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MEDİA və “Paşa Həyat” şirkətinin birgə təşkilatçılığı ilə “Həyat sığortası nədir” mövzusunda təlim keçirilib
MEDİA və “Paşa Həyat” şirkətinin birgə təşkilatçılığı ilə “Həyat sığortası nədir” mövzusunda təlim keçirilib

Bu gün Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyi və “Paşa Həyat” şirkətinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Həyat sığortası nədir” mövzusunda təlim keçirilib.

Bizimyol.info xəbər verir ki, bu gün Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyi və “Paşa Həyat” şirkətinin birgə təşkilatçılığı ilə media nümayədələri üçün “Həyat sığortası nədir” mövzusunda təlim keçirilib. Təlimin açılışında “Paşa Həyat” şirkətinin Korporativ Kommunikasiya şöbəsinin baş mütəxəssisi Ləman Maqsudlu təlim iştirakçılarını salamlayıb və proqramın detalları barədə məlumatlandırıb.

“Paşa Həyat” şirkətinin Korporativ Kommunikasiya müdiri Vəli Məmmədov təlim iştirakçılarına şirkət və onun mövcud fəaliyyəti haqqında təqdimat göstərib. Şirkətin müxtəlif istiqamətlər üzrə layihələr gerçəkləşdirdiyini qeyd edən Vəli Məmmədov, sosial məsuliyyət mövzusunda da həssas davranış nümayiş etdirildiyini bildirib.

““Paşa Həyat” bazarda sürətlə inkişaf edən şirkətlərdən biridir. Şirkət bu günə qədər bir çox layihələrə imza atıb. İdman istiqamətində “Sumqayıt” və bu ildən “Səbail” futbol klubları ilə əməkdaşlığımızı qeyd edə bilərik. Biz həmin klublara sponsorluq edirik. Çalışrıq ki, Azərbaycan futbolu inkişaf etsin.

“İrs” nəşriyyat evi ilə birlikdə 14 kitab çap edilib. Kitablardan 4-ü Qarabağa həsr edilib. Şəki, Bakı, Naxçıvan və Gəncəyə həsr edilmiş kitablarımız da var. “Təbrizin sehirli nağılları” kitabımız bir müddət əvvəl çox məhşur olmuşdu. Şirkətin dəstəyi ilə “İrs” jurnalı çap edilir. 

Eyni zamanda Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən Qarabağ saytı fəaliyyət göstərir. Şəhid ailələri  və qazilərimizlə bağlı sosial dəstək layihələri həyata keçirilir. Şirkət ağacəkmə layihələrində də iştirak edir.”-deyə Vəli Məmmədov əlavə edib.

Təlimin təşkilatçılarından olan Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova, agentliyin mövcud fəaliyyəti və Azərbaycanda xidmət göstərən yerli media subyektlərinə göstərilən dəstək layihələri haqda çıxış edib.

“Paşa Həyat” şirkətinin Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov İcbari Sığorta, Korporativ Həyat Sığortası və şirkətin digər sığorta məhsullarından söz açıb və qanunla tənzimlənən sığorta növü haqqında ətraflı məlumat verib. Təlim iştirakçılarına yeni istifadəyə verilmiş mobil tətbiqi göstərən şirkət nümayəndəsi, tətbiq vasitəsilə ehtiyac duyulan xidmətlərə əlçatanlığın olduğunu qeyd edib.

Təlim proqramının ikinci hissəsində “Paşa Həyat” şirkətinin Anderraytinq və qiymətləndirmə departamentinin direktoru Bəhruz Hacıyev, sahəsi üzrə - anderraytinq, qiymətləndirmə və təkrarsığorta haqda məlumat verib. Prosesin detalları haqda danışan şirkət nümayəndəsi, təlim iştirakçılarının suallarını cavablandırıb.

Təlimin son spikeri “Paşa Həyat” şirkətində Risklərin idarə edilməsi departamentinin direktoru Şahin Mahmudzadə, sığorta şirkətlərinin qarşılaşdığı risklərindən bəhs edən təqdimat göstərib. Departament rəhbəri təlim iştirakçılarının sualını cavablandıraraq çıxışını yekunlaşdırıb.

Təlimin sonunda interaktiv müzakirənin davamında qısa onlayn sınaq keçirilib və mini-yarışmada qalib olan 3 media nümayəndəsinə hədiyyə verilib.

Təlim proqramı yekunlaşdıqdan sonra “Paşa Həyat” şirkətində info-tur gerçəkləşib. Şirkət binasında fəaliyyət və iş mühiti ilə yaxından tanış olan media nümayəndələri, şirkət nümayəndələri ilə sığorta mövzusu üzrə müzakirə ediblər.

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »