“Ermənistan sülhün bərqərar olmasına sadiqdir”.
Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Onun sözlərinə görə, İrəvan tezliklə Bakının sülh müqaviləsi ilə bağlı növbəti təkliflərinə öz müşahidələrini təqdim edəcək.
O xatırladıb ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb və bununla da müzakirələrin 4-cü mərhələsinə keçib.
"Yaxın vaxtlarda müzakirə edib müşahidələrimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq", - deyə Paşinyan əlavə edib.
Eyni zamanda, baş nazir beynəlxalq ictimaiyyətin diqqətini 9 noyabr tarixli üçtərəfli bəyanatın 8-ci bəndinə və erməni əsirlər, məhbuslar və digər şəxslərə yönəldib.
Xatırladaq ki, sülh müqaviləsi üzərində iş prosesi 2022-ci ilin martında Azərbaycanın Ermənistana 5 bəndlik sənədi təhvil verməsi ilə başlayıb. Bundan sonra İrəvan və Bakı sazişin yekun variantı ilə bağlı təkliflərini mübadilə edirlər.
Leyla Mirzə