Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çıxarışı olmayan evlərin aqibəti: "...Zərbə altında qalan yenə dövlət olacaq"
Çıxarışı olmayan evlərin aqibəti: "...Zərbə altında qalan yenə dövlət olacaq"
Milli Məclis üzvləri “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə dəyişiklik etmək qərarına gəliblər. Belə ki, məsələ ilə bağlı MM-in nümayəndəsi Vüqar Bayramov sosial şəbəkə hesabında açıqlama verərək bildirib ki, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələri çıxarış (kupça) ilə təmin ediləcək: “…Bu o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa ediıməsindən asılı olmayaraq tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək”.

Sənədsiz evlərlə bağlı artıq uzun illərdir, danışılır. Ancaq hələ ki real olaraq nəticə azdır. Əmlak çıxarışları ilə bağlı prosedurlar isə sadə deyil. Rüsum da az deyil. Bu arada mülkiyyətçilər sığortaya inanmır və əksər vətəndaşlar mülklərini sığorta etdirmirlər. Əvvəldən bəri bu sahə üzrə aparılan qeyri-peşəkar işlər bu gün vətəndaş məmnuniyyətsizliyinə və mülk sahiblərinin həm sığorta şirkətlərinə, həm də dövlətin tikinti sektoruna qarşı etibarsızlığına gətirib çıxarıb. Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev vətəndaş narazılıqlarının aradan qaldırılması istiqamətində atılması gərəkən addımları qeyd edib və bildirib ki, bu problemdə uduzan ən böyük tərəf dövlətin büdcəsi və vətəndaşlardır:

“Hal-hazırda Bakı və Abşeron ərazisində 500 min civarında çıxarış ala bilməyən fərdi həyət evləri var. Həmçinin, çoxlu sayda qeyri-yaşayş obyektləri də var ki, çıxarışsız ərazilərdə tikilib. Ancaq bu, indinin problemi deyil. Bakıda böyük yaşayış massivləri var – Yasamal, “Papanin”, “Sovetski”, “Kubinka” və digər yerlər, hansı ki, bu ərazilərin də yaşı yüz ildən artıqdır və bu illər ərzində həmin ərazilərdə yaşayış mövcud olub. Buralarda sırf təyinat yaşayış məntəqələridir və tikililər fərdi yaşayış evlərindən ibarətdir. Amma bu ərazilərin böyük hissəsinin çıxarışı yoxdur və verilmir. Daha sonra yerli icra hakimiyyətləri tikintilərlə bağlı sərəncamlar verirdi, ancaq ardınca həmin səlahiyyətlər bələdiyyələrə verildi. Bələdiyyələr də fərdi yaşayış yerlərinin tikintisi üçün vətəndaşlara sərəncamlar verdilər və həmin sərəncamlar üzərinə tikilmiş evlərin böyük əksəriyyəti çıxarışla təmin olunmadı. Beləliklə, qeyd olunan məsələ sırf bələdiyyə torpaqlarına şamil olunacaq. Hansı ki, bələdiyyələr onlara məxsus olmayan əraziləri də vətəndaşlara satıblar.

Ancaq burda bələdiyyələri tam qınamaq olmur. Ona görə ki, bələdiyyələrə torpaq ayrılsa da, onların xəritəsi verilmirdi. Bələdiyyələr də onlara verilən ərazilərin sərhədlərini bilmirdilər. Çıxarış verilməməsinin əsas səbəblərindən biri də həmin torpaqların böyük əksəriyyətinin fərqli təyinatlarda olması oldu. Yəni kənd təsərrüfatı təyinatlı, qeyri-yaşayış təyinatlı və yaxud digər təyinatlı torpaqlarda vətəndaşlar evlər tikdilər və evlərə çıxarışların alınması üçün o torpaqlar mütləq şəkildə yaşayış məntəqələri üçün nəzərdə tutulmuş ərazilər olmalı idi.

Bu gün nəzər salsaq, Bakı şəhəri, Xırdalan, Ceyranbatan və Sumqayıt fərdi həyət evləri üzərində birləşib. Buna görə də yüzminlərlə həyət evləri formalaşıb ki, onların da az öncə qeyd etdiyim kimi böyük əksəriyyətinin çıxarışı yoxdur və ala da bilmirlər. Burada uduzan tərəf bir dövlətin büdcəsidir, bir də vətəndaşların özləridir. Hansı ki, ən çox alqı-satqı prosesləri çıxarışsız həyət evləri üzərində gedir. Çünki onların qiyməti bina evlərinə nisbətən çox ucuzdur. Buna görə də vətəndaşlar sənədsiz həyət evləri alırlar və ya ucuz torpaq alıb, evlər tikirlər. Hansı ki, bunların çıxarışı olarsa, artıq həmin əmlakların alqı-satqısı zamanı dövlətə vergi ödənilir – ümumi sahədən 30 kvadratmetr çıxılır və əgər qeydiyyat yoxdursa, vergi ödənilir. Hər alqı-satqı zamanı notariusa pul ödənilir və həmin əmlakların çıxarışı olmadığına görə onlar sığortalana da bilmir. Biz görürük ki, region üzrə tez-tez zəlzələlər baş verir: Türkiyə, Rusiya, İran və sair. Əgər bu, Azərbaycanda da baş verərsə və həmin ərazilərdə dağıntılar olarsa, dövlət məcburdur ki, dəymiş zərəri ödəsin. Ancaq çıxarışları varsa, daha məqbuldur ki, həmin zərəri sığorta şirkətləri ödəsin.

Eyni zamanda daha böyük problemlərdən biri də vətəndaşların qeydiyyatı ilə bağlıdır. Hansı ki, polis qeydiyyatında olan vətəndaşlar qeydiyyatdan çıxarılır və qeydiyyatı ləğv olunan vətəndaşın bütün sənədləri – şəxsiyyət, sürücülük vəsiqəsi, bank kartları etibarsız sayılır, vətəndaş ölkədən kənara çıxa bilmir və sair. Yəni qeydiyyat probleminin kökündə onların evlərinin çıxarışının olmaması dayanır. Əksəriyyətinin evləri var, ancaq ya yeni tikilidədirlər və binanın çıxarışı yoxdur, ya da həyət evlərindədirlər, onun da çıxarışı yoxdur.

Belə olan halda da qeydiyyata düşə bilmirlər. Təbii ki, elə ərazilər var, ora çıxarışın verilməsi mümkün deyil. Qadağan olunmuş ərazilərdə belə tikilmiş evlər var. Onları çıxmaq şərti ilə bu məsələlərlə bağlı cənab prezident dəfələrlə sərəncam imzalayıb, tapşırıqlar verib. Ancaq icra mexanizmi yoxdur. Ancaq bu, keçmişin problemi deyil axı, bu gün də həmin evlər tikilir. Bu barədə konsepsiya hazırlamırlar. Əgər irəli durub, bu problemin həlli istiqamətində real addımlar atsalar, həm vətəndaş məmnuniyyəti yaranar, həm qeyri-neft sektorunun inkişafına gətirib çıxarar. Çünki tikintinin özü Azərbaycanda ən böyük qeyri-neft sektorlarından biridir. Əgər bir mənzildə, yaxud qeyri-yaşayış obyektlərində yaşayış mövcuddursa, fəaliyyət varsa, ora qaz, su, işıq çəkilirsə, aidiyyəti idarələr həmin şəxsin adına sayğac verib, müqavilə bağlayırsa, demək ən azından üç qurum həmin yerin vətəndaşa məxsus olduğunu qəbul edir. Beləliklə, o vətəndaşn həmin yerdə bir yaşayış hüququ formalaşmış olur. Belə olan təqdirdə həmin vətəndaşa o çıxarış verilməlidir. Orta hesabla Bakı və Abşeron ərazisində 500 min civarında çıxarışı olmayan həyət evləri var. Biz hər evi minimum 3 nəfər ailə üzvündən hesablasaq, artıq şəhərin milyon yarım əhalisinin daşınmaz əmlakla bağlı probleminin olduğunu görəcəyik. Bu, olduqca ciddi bir rəqəmdir.

Düşünürəm ki, çıxarışlarla bağlı çıxarış və ödəniş məsələlərini yenə əvvəlki prosedurların üzərinə buraxsalar, problem yenə uzanacaq. Bu məsələdə birbaşa ölkə prezidentinin amnistiyası lazımdır ki, torpaqların təyinatı dəyişilsin, çıxarışlar verilsin. Bilirik ki, çox yerdə tikinti normativləri kobud şəkildə pozulub – bir-birinə bitişik, həyəti olmayan sıx evlər, amma faktiki burada insanlar illərdir yaşayır. Əgər yaşayırsa, onlara çıxarışı ver ki, sabah həmin yer satıldıqda, sığortalandıqda dövlət qazansın. Ən çox satılan daşınmaz əmlaklar indi ipoteka kreditləri ilə satılır, amma həyət evlərinə baxsaq, ümumi ipoteka fondunun verdiyi evlərin 6-7%-i həyət evi edir, ya etmir. Çünki mərkəzdəki həyət evləri, villalar çox bahadır, yüz minlərlə, milyonlarla manat qiyməti var. O qədər pulu olan adam zatən ipotekaya girmir. Ucuz evləri də vətəndaşlar almaq istəyir, ancaq sənədi olmadığına görə ala bilmir. Yəni banklar da burdan yararlana bilmirlər və vətəndaşlar da ev problemini aradan qaldıra bilmirlər. Başqa bir sadə misalla bunu anladaq: “Sovetski” adlanan ərazidə söküntü zamanı vətəndaşların narahatlıqları yarandı və bu proses aylar, illər çəkdi. Sakinlər biket keçirdi, müxtəlif etirazlar etdi, pullarının tam verilmədiyini bildirdilər. Buradakı problem ondan ibarət idi ki, ərazi üzrə çıxarış olsaydı, vətəndaşın çıxarışında hansı kvadratmetr yazılıbsa, həmin sahəyə uyğun pul verirlər. Bu zaman vətəndaş da razı qalardı, həmçinin dövlət də hesablayardı ki, bu kvartalda 10 min kvadratmetr yaşayış sahəsi var. Həmin yaşayış sahəsini hansısa bir rəqəmə vurub, həmin qiyməti də ayırardılar.

Ümumiləşdirsək, burada zərbə altında qalan tərəf yenə elə dövlətin özü və vətəndaşı olur. Ona görə də ən azından dövlətçilik naminə həmin proseslər həyata keçirilməlidir” – deyə, əmlak eksperti Milli Məclisin Tikinti Məcəlləsinə dəyişikliyi ilə bağlı qərarını şərh edərkən bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »