Tərtər hadisələri zamanı – 2017-ci ilin mayında hərbçilərə işgəncə verməkdə, onlardan bir neçəsinin ölümünə səbəb olmaqda təqsirləndirilərək həbs olunan şəxslərdən 4 nəfər martın 14-də məhkəmə qarşısına çıxarılıb. Bunlar keçmiş hərbi hissə komandiri, polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, hərbi hissədə kəşfiyyatçı kimi xidmət etmiş Ramil Qarayev və Rüstəm Ələsgərovdur.
Bizimyol.info xəbər verir ki, adları çəkilən təqsirləndirilən şəxslərin mühakiməsi Bakı Hərbi Məhkəməsinin hakimləri tərəfindən həyata keçirilsə də, məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində gedir. Çünki təqsirləndirilən 4 nəfər tərəfindən döyüldüyü, işgəncəyə məruz qaldığı iddia olunan zərərçəkmişlərin sayı 192 nəfərdir. Bakı Hərbi Məhkəməsinin binasında bu qədər zərərçəkmişi eyni vaxtda yerləşdirmək imkanı yoxdur.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 341.2.1 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürülüb. Yalnız bir nəfərə - Rüstəm Ələsgərova əlavə olaraq, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddələrilə ittiham verilib.
Təqsirləndirilən şəxslərdən polkovnik Vüsal Ələsgərov bundan əvvəl də məhkum olunub. O, 2020-ci ildə Cinayət Məcəlləsinin 331 (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə), 340-cı (ictimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələrilə cərimə cəzasına məhkum edilib.
Martın 14-də hakim Zeynal Ağayevin sədrliyilə keçirilən məhkəmə prosesində zərərçəkmişlərdən Emil Orucov vəsatət qaldıraraq, ordu generallarının məhkəməyə çağırılmasını tələb edib. O həmçinin təqsirəndirilən şəxslərə verilən ittihamların ağırlaşdırılmasını istəyib, daha yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb:
“Bu cinayət işinin istintaqı hərtərəfli, obyektiv aparılmayıb, cinayətin əsl təşkilatçıları müəyyənləşdirilməyib. Burada oturanlar korpus komandirlərinin əmri olmadan bu işləri görə bilməzdilər. Korpus komandiri Hikmət Həsənovun, Mais Bərxudarovun həmin vaxt harada olduğunu müəyyən etmək üçün onların telefon anten dairələrilə bağlı məlumatlar alınsın. Onların məhkəməyə çağırılıb dindirilməsini, burada üzləşdirmə keçirilməsini istəyirik”.
Təqsirləndirilən polkovnik Vüsal Ələsgərovun vəkili Samir İsayev isə məhkəmənin qapalı keçirilməsi, hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb: “Bu işdə hərbi hissələrdən, onların nömrələrindən, yerləşdikləri ərazilərdən bəhs olunacaq. Bu isə hərbi sirdir”.
Digər vəkillər də məhkəmənin qapalı keçirilməsi və müvəkkillərinin ev dustaqlığına buraxılması məsələsində bənzər fikirlər səsləndiriblər. Lakin zərərçəkənlər məhkəmənin qapalı keçirilməsinə də, təqsirləndirilənlərin ev dustaqlığına buraxılmasına da sərt şəkildə etiraz ediblər. Zərərçəkmiş Faiq Əhmədov: “Bizə qarşı olunanlar bu vəkillərin öz övladlarına qarşı edilsəydi, yenə də onların həbsdən buraxılmasını istəyərdi? Bu məhkəmənin açıq keçirilməsi ictimai baxımdan çox vacibdir. Bunlar burada dörd nəfərdilər, amma çox olmalıdılar...”
Zərərçəkmiş Niyaməddin İbadov: “Bunlar burada tam şəkildə deyil. Cinayətdə əli olan yuxarı vəzifəlilər niyə yoxdur? Korpus komandirləri, xüsusi təyinatlılar niyə yoxdur? Tutulmalı şəxslər çoxdur”.
Emil Orucov: “Bütün ölkənin gözü bu işin üstündədi, niyə qapalı keçirilməlidir?!”
Dövlət ittihamçısı Orxan Səmədov zərərçəkmişin vəsatətinə münasibət bildirərkən deyib ki, “Tərtər işi” üzrə Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar davam edir. Təqsirləndirilən şəxslərin bir hissəsilə bağlı istintaq başa çatıb, işlər məhkəməyə göndərilsə də, digərlərilə bağlı istintaq davam edir: “Başqa şəxslərin əməllərində cinayət tərkibi müəyyənləşdirilsə, onlar da cinayət məsuliyyətinə cəlb olunacaq. Yaxud da məhkəmə prosesinin gedişində ifadələrdə xüsusi detallar üzə çıxsa, əlavə ağır maddələr verilməsi üçün zərurət yaransa, lazım olan addımlar atılacaq”.
Prokuror məhkəmənin qapalı keçirilməsi məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, bu işdə sirr təşkil edən məsələ yoxdur, ona görə də prosesin qapalı keçirilməsinə ehtiyac görmür.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılmasına etiraz edib.
Hakimlər təxminən yarım saatlıq müşavirədən sonra məhkəmə prosesinin açıq keçirilməsinə qərar verib. Təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət təmin olunmayıb.
Təqsirləndirilən şəxslərə əlavə ittihamların verilməsi, generalların cəlb olunması haqda zərərçəkmişlərin vəsatəti isə baxılmamış saxlanılıb. Hakimlər bildirib ki, bu məsələlər məhkəmə prosesinin gedişində araşdırılmalı məsələlərdir.
Bu iş üzrə məhkəmə baxışı martın 28-nə təyin olunub.
Tərtər hadisələri zamanı işgəncə verməkdə ittiham olunaraq həbs edilənlərdən 9 nəfərin işi üzrə istintaq yekunlaşıb. Bugünkü 4 nəfərdən əlavə qalan 5 nəfərin, o cümlədən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş general-mayor Bəkir Orucovun məhkəməsi yaxın günlərdə başlayacaq.
Tərtər işi üzrə ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.
Aytən, Bizimyol.info