Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İslam dinində torpağın mənəvi dəyəri
İslam dinində torpağın mənəvi dəyəri

İnanclara görə, insan 4 ünsürdən su, torpaq, od və yeldən yaranıb.

  • İslam dinində torpağın mənəvi dəyəri nədir?

Bizimyol.info xəbər portalının bu mövzu üzrə suallarını İlahiyyat üzrə fəlsəfə elmlər doktoru, professional ailə müşaviri, həyat koçu PhD. Əfzələddin Rəhimli cavablandırıb.

İlahiyyat üzrə Fəlsəfə doktoru, Professional Ailə müşaviri, həyat koçu Əfzələddin Rəhimli İlahiyyat üzrə Fəlsəfə doktoru, Professional Ailə müşaviri, həyat koçu Əfzələddin Rəhimli

- Əfzələddin müəllim, dinimizdə torpağın mənəvi dəyəri nədir? Torpaq müqəddəsdirmi?

- Qurani-Kərimdə 20 dəfə “torpaq”, 12 dəfə “gil” və 40-a yaxın “yer” sözü işlənib ki, bu da elə bir növ torpaq deməkdir. İnancımıza görə, insan və torpaq ayrılmaz və sıx mənəvi bağlara sahibdir. Əslində, islam dinində torpaq dedikdə ilk olaraq insanın mənşəyi yada düşür. Çünki insan torpaqdan yaranmışdır. Qurani-Kərimdə bu haqda buyurulur: “Biz, həqiqətən, insanı tərtəmiz palçıqdan (torpaqdan) yaratdıq.” (Muminun\12)

Torpaq, insanın yaradılışının ilkin materialı və insan bədəninin son məkanı olaraq, demək olar ki, onun bütün maddi ehtiyaclarını ehtiva edən ünsürlərdən biridir. Dinimizin baxışında torpaq həm də bizim evimiz, məskənimizdir. Buna görə də, bizə doğmadır. “Məgər Biz yeri məskən etmədikmi?” (Mursəlat\25) Yaxud Hud surəsi 61-ci ayədə buyurulur: “O sizi torpaqdan yaratdı və orada sizi məskunlaşdırdı.”

“Ana torpaq” sözü də elə buradan yaranıb. Çünki torpaq sanki insanın anasıdır, onu bəsləyir, ağuşunda böyüdür. Elə buna görədir ki, müqəddəs kitabımızda yer üzünü (torpağı) “beşik” adlandırır: “Məgər Biz yeri beşik etmədikmi?!” (Nəbə.6)

Allah-taala Qurani-Kərimdə mənəvi və maddi xüsusiyyətlərə malik ən əzəmətli nemətlərinə dəfələrlə and içmişdir. Yer üzü və torpaq da onlardan biridir. Buyurulur: “And olsun yerə və onu döşəyənə!” (Şəms\6) Bilirsinizmi niyə? Çünki torpaqda müqəddəs xüsusiyyətlər vardır. İnsan övladı bu xüsusiyyətləri mənimsəməlidir. Məhz torpağın xüsusiyyətlərinə sahib olduğu zaman ən dəyərli mənəvi keyfiyyətlərə malik olacaqdır. Bu da, insanla torpağın müştərək qabiliyyətindən xəbər verir. Həmin xüsusiyyətlərin bəzisini qeyd edim:

Torpaq səxavətlidir. Ona bir toxum atsan, sənə neçə qatını qaytarar. Bərəkətlidir. Bizə xeyirxah və qurucu olmağı, həris və simiclikdən uzaq qalmağı öyrədir.

Torpaq sədaqətlidir. Düzgün davransan, qulluq etsən yaxşılığını itirməz, zəhmətini hədər etməz. Sənə bərəkətli ruzi bəxş edər. İnsana da sədaqətli olmalı yaxşılığı itirməməyi öyrədir.

Torpaq təvazökardır. Bizə kibrdən uzaq qalmaq dərsi verir. Əkin daş üzərində deyil, yumşaq torpaqda əmələ gələr. Necə ki, müdriklik də belədir, təvazökar qəlblərdə abad olar, özündənrazı və təkəbbürlü qəlbdə isə yetişməz.

Torpaq təmizləyən və saflaşdırandır. Çirkli suları süzüb paklaşdırar. Onu gözəlləşdirib sənə bəxş edər. O, insan övladına sanki pis fikirlərdən, ayıb axtarmaqdan uzaq qalmağı tövsiyə edir.

Torpaq qayğıkeşdir. Sənin üçün gözəl suları, lazım olan nemətləri yığıb saxlayır və bizə təqdim edir. Bəşəriyyətlə sanki danışır, şəfqət və mərhəməti, paylaşmağı öyrədir.

Torpaq səni ayaq üzərində tutar. Yıxılsan belə səni saxlayar. Ona güvənə bilərsən. Bu hər kəsə bir etibar dərsidir. Torpaq sirr ortağıdır orada istədiyini gizlədə bilərsən və s. Biz bunun kimi onlarla gözəl xüsusiyyətləri qeyd edə bilərik. Qurani-Kərim torpağı insan nümunə göstərərək belə misal vurur: “Təmiz münbit bir torpağın bitkiləri Rəbbinin iznilə (bol, vaxtında) çıxar. Pis və qeyri-münbit bir torpağın bitkiləri isə yalnız çox çətinlikdə (özü də az) yetişər. Biz ibrətlərimizi (nemətlərimizə) şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik.” (Əraf\58).

Çox maraqlıdır ki, Qiyamət günü pis əməl sahibləri deyəcəklər: “Kaş mən torpaq olaydım!” (Nəbə\40) Bəzilər bunun mənfi mənada olduğunu düşünürlər, amma əksinə pis əməl sahibləri torpaq kimi səxavətli, sədaqətli, eybləri ortən, qayğıkeş, xeyirxah və insanlara dayaq olan xüsusiyyətlərə malik olmağı arzu edəcəklər.

Həzrət Məhəmməd (s) torpağı pak və paklaşdırıcı sayırdı. Onu səcdəgah bilirdi. Belə ki, namaz zamanı alnını torpağa qoyurdu. İslam baxışında torpaq bir növ şüurlu sayılır. Buna görə də onunla əlaqə yaratmaq önəmlidir. (İsra\44;Təğabun\1; Zəlzələ 1-4)

- Bu gün torpaq çərşənbəsidir. Müxtəlif adətlər var. Bu adətlər illər boyu nəsildən nəslə ötürülüb.

- Bildiyiniz kimi, torpaq çərşənbəsində də, insanlar qədim adətə görə, əcdadların, əzizlərin məzarlarını ziyarət edir, onların ruhuna dualar oxuyurlar. Kin-küdurəti bir kənara buraxıb, barışırlar.

Əslində dini baxımdan kimsəni gizlin dinlmək adəti uyğun sayılmasa da, burada belə bir mənəvi mesaj daşıyır: “Xoş sözlər danışın.”

Torpaq çərşənbəsində torpaq oyanır, canlanır. Bu da inkişaf, yenilənmə, abadlıq, dərq-qəmdən uzaqlaşma və ümid deməkdir. Necə ki, Qurani-Kərimdə buyurulur: “(Allah) ... öləndən sonra torpağı dirildir.” (Rum\30)

Ümumiyyətlə ətraf mühit, insanlıq üçün ən böyük ilahi nemətlərdən olan su, torpaq və hava həyat zənciri deyilən halqalar kimi bir-birinə bağlı və əlaqəlidir. Onların hər hansından məhrum olmaq həyatın məhvinə bərabərdir. Amma torpaq su və havanı belə istehsal edən, onu özündə cəmləyən bir ünsürdür. Daha kamildir. Buna görə də, hər üç ünsürün qorunması haqda dinizmizdə çoxlu əmrlər və tövsiyələr mövcuddur, xüsusilə də torpaq haqda. Belə ki, Həzrət Əli (ə) buyurur: “Allahdan, Onun bəndələri və torpaqları barəsində qorxun. Çünki siz hətta torpaqlara və heyvanlara görə də cavabdeh olmalısınız. Allahdan qorxun və Ona itaətsizlik etməyin.” (Nəhcül-Bəlağə, xütbə 167)

- Torpağı qorumaq üçün nə etməliyik?

- Dinimizdə insanın torpağına qəsbkarların təcavüzü mübarizə səbəbi sayırlır. Allah-taala müqəddəs kitabımızda torpaqlarına təcavüz edilən şəxslərin döyüşdən yayınmalarını şiddətlə tənqid edir: “Dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır!” (Bəqərə, 246)

Torpağa bağlılıq simvolunda Vətən eşqi, torpağın üzərində yaşayan şəxslərin onun quruculuğu, abadlığı, inkişafı üçün çalışması kimi də vurğulanır. Uzun illər bu torpaqları qorumuş, bizə əmanət vermiş nəsillərin yadigarıdır Vətən. Dinimizə görə bu yadigarı layiqincə qorumaq şərəf, ləyaqət və alicənablıqdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »