Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qırmızı Xaçın Azərbaycan nümayəndəliyi məhkəməyə görə immunitetindən imtina etdi?
Qırmızı Xaçın Azərbaycan nümayəndəliyi məhkəməyə görə immunitetindən imtina etdi?

Hazırda Nərimanov Rayon Məhkəməsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyilə bu qurumun öz əməkdaşı Vüqar Əliyev arasında məhkəmə çəkişməsi gedir. Vüqar Əliyevin təşkilata qarşı qaldırdığı iddia hakim Aytən Novruzovanın sədrliyilə araşdırılır.

Bizimyol.info xəbər verir ki, Vüqar Əliyev ona qarşı aşağılayıcı münasibət nəticəsində stress keçirdiyini, səhhətində ciddi problemlər yarandığını bildirərək, ona dəymiş ziyana görə 60 min manat təzminat tələb edir.

Cavabdeh tərəf - Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi bu məhkəmə prosesinin qapalı keçirilməsini, Vüqar Əliyevin də üzərinə bu prosesin gedişatı haqda açıqlama vermək qadağası qoyulmasını istəyirdi. Bu qurumun nümayəndəsi və vəkili Natiq Məmmədov məhkəmədə bu barədə vəsatət qaldırsa da, hakim onu təmin etmədi.

O da məlum olub ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi Xarici İşlər Nazirliyinə məktub göndərərək, öz immunitetindən imtina edib. Məsələ buraxındadır ki, Azərbaycanla Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında Beynəlxalq Qırmızı Xaç Komitəsi və onun Azərbaycandakı nümayəndəliyinin hüquqi statusu haqqında imzalanmış 9 avqust 1996-cı il tarixli Saziş var. Həmin Sazişin müddəalarına əsasən, bu təşkilata müəyyən imtiyazlar və immunitet verilib.

Xüsusilə saziş Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin ölkədəki icra, inzibati, məhkəmə və yaxud qanunvericilik məcbuiriyyətinin istənilən digər formasından immunutet hüququ təmin edilir.

Qeyd edək ki, təşkilat malik olduğu imtiyazlar və immunitetindən yalnız bu işə münasibətdə imtina edib.

“İmmunitetdən imtina yalnız bu iş üçün nəzərdə tutulub”, - Xarici İşlər Nazirliyinə göndərilmiş məktubda belə yazılıb.

Təşkilatın vəkili məhkəmədə bildirib ki, onlar immunitetdən ədalət mühakiməsi maraqları naminə güzəştə gedib.

Bu iş üzrə məhkəmə baxışı aprelin 6-na təin olunub. Həmin məhkəmə iclasında təşkilatın əməkdaşının iddia tələbi mahiyyəti üzrə araşdırılacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »