Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəb şeyxləri kimi yaşayan "Azərsu" rəhbərliyi vətəndaşları ittiham edir
Ərəb şeyxləri kimi yaşayan "Azərsu" rəhbərliyi vətəndaşları ittiham edir
Hələ iki il öncə suyun qiymətini iki dəfə artıran “Azərsu” rəhbərliyi bu dəfə də yenidən qiymət artımına gedilməsi ilə bağlı “arzu və istəklərini” dilə gətirib. Gətirilən arqumentlər isə olduqca dayaz və məntiqdən kənar görsənir. Beləliklə, həyat tərzləri ərəb şeyxlərindən fərqlənməyən “Azərsu” rəhbərliyinin anidən belə bir fikirlə yenidən çıxış etməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, “Azərsu” xərclərin necə hesablanması barədə ortaya şəffaf hesabat qoymalıdır:

Natiq Cəfərli Natiq Cəfərli

“Suyun qiymətinin artırılmasından iki il keçib. 2021-ci ilin fevral ayında suyun qiyməti birdən-birə kəskin artırıldı və "Azərsu" rəhbərliyinin indiki “arqumenti” ondan ibarətdir ki, suyun maya dəyəri daha yüksəkdir. Ümumiyyətlə bu, çox pis bir tendensiyadır. Dövlətin inhisarçı qurumlarının bazarda rəqibləri yoxdur. Daim qiymət artırmaq istədiklərində, hansı ki, istər metroda olsun, istər su, qaz – fərqi yoxdur, onlar daim bu məsələyə istinad edirlər ki, xidmətin maya dəyəri satışdan yüksəkdir. Amma bu günədək bircə dəfə də olsun vətəndaşlara o maya dəyərini necə hesablayırlar, həmin dəyərə nələr daxildir bununla bağlı heç bir məlumat vermirlər. Əgər xərclər çoxdursa, maliyyə dəyəri yüksəkdirsə, "Azərsu" rəhbərliyi də xərcləri necə hesablayırlar, açıqlasınlar, onun azaldılması yolları ilə bağlı müəyyən modellər qurulsun. Bəlkə elə həqiqətən də xərclər şişirilir, o da maya dəyərini yüksəldir. Həmin xərclərin azaldılmasından sonra qiymətlə bağlı hansısa tədbirlər görülə bilər və yaxud da buna ehtiyac yarana bilər. İndiki durumda isə buna ehtiyac yoxdur. Çünki xərclər də çox şişirilib və qiymətlər də zatən yüksəkdir. Əhaliyə satılan suyu qiyməti iki il bundan öncə elə iki dəfə artırılıb.

İndiki şəraitdə hansısa bir formada qiymətin qaldırılmasını bəhanə edə bilməzlər. İkinci səbəb kimi bu göstərilir ki, israfçılığa yol verilir. Bu, olduqca absurd bir iddiadır. Çünki vətəndaş cibinin düşməni deyil – nə suyu, nə qazı, nə elektrik enerjisini boş yerə yandırmaz, boş yerə sərf eləməz. Ona görə də bu iddia əsassızdır və tamamilə kökündən yanlışdır.

Üçüncü səbəb isə onu göstərirlər ki, əvvəllər Azərbaycanda texniki su anlayışı var idi, indi isə yoxdur. Buna görə də şirin suyun israfına yol verilir. Baxın, burda ümumiyyətlə anlamaq olmur ki, Azərbaycan vətəndaşının günahı nədir ki, ölkənin dövlət və hökumət qurumları texniki su ilə bağlı problemi həll etməyiblər? Bunun da günahı bizdə - vətəndaşdadır? Təbii ki, yox. Ona görə də gətirinlən hər üç arqumentin də aslı-astarı, əsası yoxdur. Beləliklə Azərbaycanda monopolist-inhisarçı şirkətlər qiymət artırmağın ardınca getməkdənsə, öz xərclərini, korrupsiyaya, israfçılığa xərclənən vəsaitləri azaltsalar daha məntiqli, daha doğru olar” – deyə, iqtisadçı ekspert “Azərsu” rəhbərliyinin qiymət artmı ilə əlaqədar növbəti skandal açıqlamasını şərh edib.

P.S. Qeyd edək ki, iqtisadçı ekspert Natiq Cəfərli öz sosial şəbəkə hesabında "Azərsu" rəhbərliyini zəngin və dəbdəbəli həyat tərzi sürən ərəb şeyxlərinə bənzədərək, bildirib ki, rəhbərlik etdikləri qurum ziyanla işləyirsə, onda nə üçün həmin məmurlar bu qədər varlıdırlar?...

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »