Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teatr canlı sənət növüdür…
Teatr canlı sənət növüdür…

Bu gün Milli Teatr günüdür. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Həmin gündən etibarən Azərbaycanda martın 10-u Milli Teatr günü kimi qeyd olunur.

Milli Teatr günündə Pantomima Teatrının aktyoru və direktoru, əməkdar artist Elman Rəfiyev Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

Elman Rəfiyev Elman Rəfiyev

- Düz 150 il bundan qabaq Azərbaycanda ilk professional teatr yarandı. Nə xoş bizə ki, Azərbaycanda yaranan Pantomima Teatrının yaranmasında bizim də əməyimiz oldu. Pantomima teatrını Azərbaycan Respublikasının xalq artisti Bəxtiyar Xanızadə yaratdı.

Teatrın yaranmasında mənim - respublikanın əməkdar artisti Elman Rəfiyevin, Rövşən İsaxın, Siyavuş Hüseynlinin, Əsəd İsmayılovun da böyük rolu olub. Həmin bu dördlük üzərində Azərbaycanda ilk Pantomim teatrı yaradıldı. 150 illik teatr bayramında Azərbaycana bizim də bir töhfəmiz oldu. Gələn il də bizim teatrımızın yaranmasının 30 yaşı tamam olur.

Mənə hər zaman sual verirlər ki, "teatr nəyə lazımdır, teatr insanlara nə verir?", mən həmişə deyirəm ki, teatr canlı bir sənət növüdür. Kinodan fərqli olaraq, teatrda canlı nəfəsi hiss edə, həmin dəqiqə gözünlə, görüb hiss edə bilirsən. Yəni teatrın özəlliyi bundan ibarətdir.

Pantomima teatrının 40 nəfərlik tamaşa salonu var. Səhnə ilə tamaşaçı arasında məsafə də çox qısadır. Aktyorun səhnədə həyəcanını tamaşaçı hiss edə bilir. Aktyor səhnədə qaçanda belə tamaşaçı onun küləyini, həyəcanını, duyğularını elə öz içində hiss edir. Yəni sosial şəbəkə ilə canlı təsir arasında böyük fərq var. Bu səbəbdən də, teatra getməyi məsləhət görürəm.

Əgər insanlar teatrı sevməsə, teatrlar bağlanardı. Çünki mənəvi qida deyiləndə teatr və musiqi yada düşür. Teatr doğrudan da mənəvi qidadır.

- Niyə insanlar mənəvi qidanı, restoranlarda deyil, teatrda tapmalıdır?

- Hər bir insanın bir yaşam tərzi var. İnsanlar istədiyi qərarları özləri verirlər. Heç bir insanın düşüncəsinə kimsə mane ola bilməz. İnsan var ki, restoranda hesab verir, insan da var ki, zamanını teatrda keçirir. Bu, onun şəxsi fikridir və bunları bir-birinə qarışdırmaq olmaz. İnsanları restoranlardan teatra gəlməyə məcbur etmək olmaz. Onlara teatr lazım da deyil. Çünki onların fikri-zikri elə restorandır.

Teatrımıza 3-5 dəfə gəlib eyni tamaşaya baxan tamaşaçılar var ki, bundan zövq aldıqlarını da hiss etdirirlər. Baxırsan ki, bu tamaşaçı dəfələrlə gəlib teatra.

Mən bunu tez-tez qeyd edirəm. Bu gün biz "mall"-lara gedəndə (alış-veriş mərkəzləri) görürük ki, hamı yemək yeməyə yer axtarır. Amma bəzi teatrlarda tamaşaçı sayı azdır. Biz bu gün o az olan tamaşaçını qorumalıyıq. Çünki o az olan tamaşaçını qorusaq, onların sayı sabah artacaq. Mən bunu tam əminliklə deyə bilərəm.

Mənim gözümün qarşısında teatr tənəzzülə uğrayıb. 90-cı illərdə olub belə. Sonra yenidən bir həvəs başladı və sinema müəyyən müddət teatrı "üstələdi". Sonradan insanlar kinoteatrlara üz tutmağa başladılar. Bu gün 3-5 nəfər üçün belə kinoteatrlarda kino göstərirlər. İnsanlar canlı nəsə görmək istəyəndə teatra gəlirlər. Teatrımıza gələn gənclərdən soruşmuşam ki, “sizi teatra nə gətirib?”. Deyirlər ki, “biz artıq alışveriş mərkəzlərindən bezmişik, "canlılıq" görmək istəyirik. Canlıdan aldığımız enerjini heçnədən ala bilmirik”... Həqiqətən də teatrdan ötürülən enerji tamam fərqlidir. Çünki aktyor bütün varlığıyla oynayırsa və o ötürdüyü enerjini tamaşaçı hiss edir. Biz zalda oturan tamaşaçının enerjisini hiss etdiyimiz kimi tamaşaçı da enerjini hiss edir.

Dəfələrlə bizim teatrda da olub, tamaşaçı gəlib, oturub zalda, selfi eləyib ki, “mən Pantomim teatrındayam”, amma başını telefondan yuxarı qaldırmayıb. İstəmişəm soruşum ki, "səni bura gətirən nədir? 45 dəqiqə-1 saat bura gəlib, telefondan ayrılmayacaqsansa, burda qalmaqda məqsədin nədir?" Onun üçün də hər teatra gələn teatrı sevən deyil.

Biz aktyorlar səhnədə oynadığımız zaman mükəmməl və professional oynamalıyıq ki, teatra gələn tamaşaçı bizim oyunumuza inansın. Yaxşı mənada “aldansın”.. Çünki biz səhnədə “kral” oluruq və ya “oğru” oluruq. Biz tamaşaçını "aldadırıq" və tamaşaçı da bilir ki, bu tamaşadı.

Hər kəs, yəni hansı sənətin sahibi olursa, olsun bu sənəti sevməlidir. Bu gün mən teatrı çox sevirəm.

Mənim həyatım teatra bağlıdır və ürəklə deyə bilərəm ki, artıq mənim teatrla məşğul olmağım 43-cü ilə keçib. 43 il az vaxt deyil. Əgər mən bu teatrı sevməsəydim, 43 il davam gətirməzdim.

İndiki gənclərimiz teatra gəlib birdən-birə populyar olmaq istəyirlər. Bu isə, mümkün deyil. Teatrda birdən-birə populyar olmaq asan olmur. O gözlənti bəzən kinolarda real olur. Bir filmdə və ya serialda rol alırsan, səni bütün ölkə tanıyır. Amma teatrda yavaş-yavaş insanlara sevdirirsən teatrı. Məsələn, 1994-cü ildə Pantomima Teatrı yarananda bir çox insanlar bu teatrı qəbul etmək istəmədilər. Deyirdilər “nəyə lazımdır, sözsüz durublar, lal- kar kimi danışırlar. Amma biz qarşımıza məqsəd qoyduq ki, teatrın bu növünü də tamaşaçıya sevdirəcəyik. Bu gün Pantomima Teatrının öz sevənləri, tamaşaçıları var. Teatrımızın 1-70 yaşlı tamaşaçısı var.

- Bu gün Milli Teatr günü, teatr bayramıdır. Nə demək istərdiniz?

- Mən bütün həmkarlarımı təbrik edirəm. Arzu edirəm ki, zalımızda olan tamaşaçımız tükənməsin. Çünki aktyor səhnəyə çıxdığı zaman o tamaşaçı və tamaşaçı alqışından enerji alır. Biz bu enerjini dünyada heçnəyə dəyişmərik. Çox qəribədir, aktyor səhnəyə çıxıb, o alqışları eşidəndə sanki bir anlıq dünya sənin olur. Bu da aktyorların özünəməxsus xüsusiyyətidir. Arzu edirəm ki, tamaşaçı zalımız boş olmasın. Bizi sevən tamaşaçılar olsun, gözəl tamaşalar qurulsun. İstədiyimiz tamaşaları oynayaq və gözəl-gözəl rollarla bütün tamaşaçıları da, özümüzü də sevindirək. Çünki doğrudan da teatr canlı sənət növüdür.

Eşq olsun, Azərbaycan teatrına! Eşq olsun, Azərbaycan teatrını sevən tamaşaçılara! Yaşasın teatr!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »