Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş prezidentin yeni mahnısını hamıya məcbur dinlətdirirlər
Keçmiş prezidentin yeni mahnısını hamıya məcbur dinlətdirirlər

Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdıməhəmmədovun az qala məşğul olmadığı sahə yoxdur. O, müxtəlif idman növlərində özünü sınayır, şeir, kitab yazır, mahnı bəstələyir. Onun kitablarını almaq məcburidir. Elə milli liderin bəstələdiyi mahnıya qulaq asmamaq da qəbahət sayılır.

Bizimyol.info xəbər verir ki, Türkmənistanda Berdıməhəmmədovun təzə mahnısını hamıya məcbur dinlətdirirlər. 8 mart Beynəlxalq Qadınlar Günün bütün dövlət tədbirlərində milli liderin balladası səslənib. Qadınlar Berdıməhəmmədovun yeni mahnısına qulaq asmaq məcburiyyətində qalıblar. Onlar sözləri oxumalı olur, ayağı qalxıb alqışlayırlar.

Türkmənistanın keçmiş prezidenti mahnını nəvəsi Kərimqulunun toyuna həsr edib. Mahnının mətnini TDH dövlət informasiya agentliyi və hökumətin “Neytral Türkmənistan” qəzeti dərc edib. Mətbuatda yaradıcılıq nümunəsi “valideyn qəlbinin ən dərin istəklərini tərənnüm edən ləzzətli vokal-instrumental kompozisiya” adlandırılıb. Türkmənistanın əməkdar artisti Dövlət Amanlıkov mahnını ifa edib.

“Gəncə təbriklər” adlı mahnıda birbaşa Kərimqulu Berdıməhəmmədova ithaf yoxdur, onun adı ümumiyyətlə çəkilmir. Buna baxmayaraq, söhbətin nədən və kimdən getdiyi şübhəsizdir. Çünki mahnıda “mənim sevimli nəvəm” ifadəsi eşidilir. Berdıməhəmmədov nəvəsinə həyat yoldaşı ilə adlarının min illərlə yanaşı çəkilməsini arzulayır.

21 yaşlı Kərimqulunun toyu barədə rəsmi məlumat verilməyib. Amma alternativ media fevralın 25-də Aşqabaddakı “Mizan” otelində subaylıq məclisinin, bunu ertəsi gün isə “Arxadağ” otelində qohumların iştirakı ilə şənlik keçirildiyini öyrənib. Gəlinlə bağlı yeganə məlumat odur ki, atası Daxili İşlər Nazirliyində işləyir. Gənclərə bu idarənin əməkdaşları üçün tikilmiş bağ evi və BMW M4 markalı avtomobil hədiyyə edilib.

Berdıməhəmmədovlar ailəsinin şəxsi həyatı haqqında çox az şey məlumdur. 2022-ci ilin martından prezident postunda milli lideri yeganə oğlu Sərdar Berdıməhəmmədov əvəz edib. İndiki dövlət başçısının oğlu Kərimqulu babasının sevimlisi sayılır. Qurbanqulu Berdıməhəmmədov hətta özünün prezidentliyi dövründə də dəfələrlə nəvəsi ilə birlikdə media xəbərlərində görünürdü. Onlar birlikdə mahnılar bəstələyib ifa edirdilər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »