Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İdxaldan asılılığı necə azaltmalı?
İdxaldan asılılığı necə azaltmalı?

“İdxaldan asılılığın azalması həlli şübhəsiz bir faktordan – yerli istehsalın artırılmasından birbaşa asılıdır. İdxalın həm də siyasi motivləri olduğu üçün, dövlət də bu işdə maraqlıdır. Hansı ki, son illər yerli istehsalın təşviqi istiqamətində ciddi işlər görüldüyünü, dövlətin mühim siyasət yürütdüyünü deyə bilərik. Bu günə qədər, xüsusən regionlarda istehsal və iqtisadi aktivliyin canlanması üçün ən azından çoxsaylı güzəşt və stimullar həyata keçirilib. Ancaq, nəzərə almaq lazımdır ki, normadan artıq təşviq özəl sektoru arxayınlaşdıraraq səviyyəsini aşağı salır və bazar sistemində bu tam olaraq dövlətin aparacağı iş deyil. Sosial bazar iqtisadiyyatı prinsipcə dövlətin təsərrüfat subyektlərinin fəaliyyətinə ən minimum qarışmalı olduğu bir modeldir. Bu modelin işləyişi xüsusən də dövlətin istehsal prosesindən maksimum uzaq qalması ilə əldə olunur. Əslində statistika bizə, milli iqtisadiyyatımızda buna əməl olunduğunu deyir. Hansı ki, kimya sənayesi, metal filiz hasilatı, komputer cihazları və elektron-optik məhsullar, maşın və avadanlıqlar kimi bir neçə sektor istisna olmaqla yerli istehsalın böyük hissəsi özəl sektorda cəmlənir. Bununla belə, daxili tələbin idxalla qarşılanması faktı onu deməyə əsas verir ki, yenə də nəsə çatışmır. Bu ola bilsin ki, iqtisadiyyatda inhisarçılıq, qeyri-rəqabətli mühit kimi struktur çatışmazlıqlardan qaynaqlanır. Belə bir vəziyyət isə stimul və dəstəkləyici tədbirlərin bəlli qrupların maraqlarına xidmət etməsinə və bazarın dinamikasını daha da aşağı salmasına səbəb olur”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pünhan Musayev danışıb. İqtisadçı hesab edir ki, istehsalın məhdud qruplarda cəmlənməsi də problemin kök səbəbi deyil. Onun fikrincə, ilk növbədə, Azərbaycan iqtisadiyyatının drayveri enerji-karbohidrogen resursları ixracıdır. Ciddi bir diversifikasiya yoxdur, təmərküzləşmə yüksək səviyyədədir. Hətta qeyri-neft sektorunda belə neft sektorunun izlərini müşahidə etmək mümkündür. Bu da dövrü olaraq, dünya enerji bazarında canlanma yaranan zaman daxili təlabatın xaricdən tədarük hesabına təmin edilməsini asanlaşdırır. Hansı ki, bu məqam uzun illər Azərbaycan iqtisadiyyatı üçün formalaşan neqativ motivlərdən biridir.

Pünhan Musayev Pünhan Musayev

Pünhan Musayev qeyd edib ki, ikinci vacib nüans da ölkədə bölgələrarası balansın kəskin şəkildə pozulmasıdır. Bu gün ümumi buraxılışın 70 faizdən çox hissəsi təkcə Bakının payına düşür, əlavə dəyərin mühüm hissəsi məhz Bakıda formalaşır. Bu da əlbəttə ki, üzərində dayandığımız neft-qaz amili hesabına baş verir.

İqtisadçının fikrincə, paytaxdan savayı, dinamikanın yüksək olduğu bir neçə bölgə isə üstünlüyü qonşu ölkələrlə həmsərhəd olması ilə təmin edə bilir. Təbii olaraq bu həm rəqabət, həm də investisiya baxımından olduqca ciddi məqamdır. Digər tərəfdən, bazar sistemi prinsiplərinin zəif olduğu regionda istehsalı təşviq etmək üçün nə hazırlıqlı kadr, nə də oturuşmuş bazar tapmaq çox müşküldür.

“Rəsmi statistikaya baxsaq görərik ki, məşğul əhalinin hər üç nəfərindən biri ali, orta və ya peşə təhsillidir. Onların aldıqları təhsilin keyfiyyəti isə bir ayrı məsələdir. İşləyənlərin qalan 70 faizi isə ən yaxşı halda tam orta təhsili bitirərək əmək bazarına qoşulub. Aşağı ixtisaslı və yaxud elə ixtisassız əməyin də qiyməti (əməkhaqqı) təbii ki aşağı olur. Aşağı əməkhaqqı alan şəxs də yaşayışını ucuz məhsullar üzərindən təmin edir. Bunlar bir-birilə spiralvari əlaqə yaradaraq, beləliklə dəbdəbəli bazarın formalaşmasına mane olur. Hansı ki, bu gün Bakıda orta aylıq əməkhaqqı ölkə ortalamasından 200 manat yüksək olduğu halda, digər regionlar üzrə bu səviyyə ölkə ortalamasından 200 manat aşağıdır. Belə bir vəziyyətdə də qeyd etdiyimiz cəlbedici bazarların regionlarda formalaşma ehtimalı çox aşağıdır” - deyən iqtisadçının fikrincə, məsələnin alt qatları o qədər qarışıqdır ki, həlli bir-birinə dolaşan düyünlərin açılmasına bənzəyir. Belə ki, 10 ilə yaxındır ki, ölkənin illik idxalı aşağı-yuxarı 10 milyard dollar həcmdədir. Rəsmi statistika açıqlamasa da, təxmin etmək olar ki idxalın da böyük hissəsi Bakının payına düşür. Bu baxımdan ilk növbədə ölkənin idxal xəritəsini və idxal olunan məhsulların təsnifatını tərtib etmək lazımdır ki, bilinsin ki hansı məhsulu idxal etməliyik, hansını özümüz istehsal etməliyik və nə üçün?

“Hansı malların idxalının azaldılıb, yerli istehsalına başlanılması daha sərfəlidir? Həm də axı, belə də bir qayda da yoxdur ki, tamamən idxalı dayandırıb tələbatın hamısını yerli istehsal hesabına qarşılayaq. Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreya belə bəzi malları qonşu Rusiya və Çindən alır. Bu baxımdan aydınlaşdırılması vacib olan nüans idxalın özü yox, onunla bağlı nisbətdir. Yəni həqiqətən də bu gün idxal yüksəkdir mi? İdxaldan asılığı nə qədər azaltmaq lazımdır və mümkündür? Potensial nə yerdədir? Məsələn, yerli istehsalın idxalla əvəz edilməsinin təbliği və əməli bir-birilə uzlaşır mı? Son 7-8 ildə 1 milyondan çox tələbə müxtəlif ixtisaslar üzrə ali təhsil müəssisələrindən məzun olsa da, bu dövrdə ali təhsilli məşğulların sayı heç yüz min nəfər artmayıb. Ortaya sual çıxır, bəs heç olmasa hər il dövlət hesabına təhsil alan yüz minə yaxın tələbənin aqibəti ilə maraqlanan var mı? Dövlət onlara sərf etdiyi vəsaitin qarşılığını ala bilir mi? Buna dair hansısa monitorinq aparılır mı? Yoxsa, vəsaitlər kadr potensialı olmayan, sonradan qapısı bağlı qalan müəssisələrin açılışına sərf edilən vəsaitlər kimi elə boşu boşuna sərf olunub, gedir?! Bu suallara cavab tapmadan, fikrimcə bu məsələ elə “söz oyun”u olaraq da qalacaq”- deyə iqtisadçı bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »