Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Yel çərşənbəsidir...
Bu gün Yel çərşənbəsidir...

El arasında bu çərşənbə, oyanış çərşənbəsi və ya “Küləkli çərşənbə” kimi də tanınır. İnanclara görə, bu gün küləklər oyanır, əsən isti küləklər insanlara və təbiətə yazın gəlişindən xəbər verir.

Mütəxəssislərin fikrincə, Novruz şənliklərində Yel Baba mərasimi keçmiş əsrlərdən Külək Tanrısına inamla bağlıdır. Bəzi filosoflara görə, kainat sudan ibarətdir və digər üç ünsür də ona nisbətdə yaranıb. Bəziləri üçün hər şeydən əvvəl atəşdir. Bəziləri küləyi önə çəkərək atmosferin yuxarı hissəsini örtən efir materialının od olduğunu izah etməyə çalışırdılar.

Azərbaycanda üçüncü çərşənbə kimi tanınan “Yel Çərşənbəsi” Novruzdan əvvəl üçüncü çərşənbə gecəsidir. Təbii ünsür kimi küləyə inanc Cənubi Sibir və Yakut türklərində hələ də mövcuddur.

Türk mifologiyasına görə, Yaqut türkləri küləyi dörd istiqamətə ayırır və türklərin müqəddəs istiqaməti olduğu üçün şərqdən əsən küləyi müqəddəs sayırdılar. İnanca görə, Şərqdən əsən küləklər insanlara uğur və xeyir gətirdiyi üçün baharı da özü ilə gətirir.

Azərbaycanda da Külək çərşənbəsində dörd küləyin bir araya gəldiyinə inanılır. Bu küləklər; "Ağ külək", "Qırmızı külək", "Qara külək", "Yaşıl küləklərdir". Azərbaycan inancına görə bu dörd yel qara çayın yatağında yatır. Üçüncü çərşənbə axşamı gecəsi bu dörd külək azad olub təmizləndikdən sonra yer üzündə hər biri başqa cür təzahür edir. İnanca görə, Ağ Külək suyu təmizləyir, Qırmızı külək odu alovlandırır, Qara Külək yeri oyadır, Yaşıl Külək yer üzündə toxumları cücərdir. Yəni bu dörd külək Novruzdan əvvəlki dörd çərşənbə gecəsi ilə əlaqəlidir. Azərbaycanda bu çərşənbə “Üçüncü çərşənbə”, “Yel çərşənbəsi” və ya “Qara çərşənbə” kimi tanınır.

“Yel çərşənbəsi” Azərbaycan türkləri tərəfindən müxtəlif ayinlərlə qeyd olunur. Məsələn, çərşənbə axşamı gecəsi söyüd ağacının altına girib orada bir arzu diləyirsən. Sonra “Yel baba” çağırılır. İnanca görə, söyüd ağacının yarpaqları yerə doğru əyilirsə, bu, arzunun həyata keçməsi deməkdir.

Yel çərşənbəsi günü hər evdə pəncərələr açılır, xalçalar təmizlənir, Novruz bayramına hazırlıq görülür. Eyni zamanda novruz süfrəsinin bəzəyi olan “Səməni”ni hazırlamaq üçün buğda isladılır və cücərmək üçün qoyulur.

Bu gecədə gənc qızlar müxtəlif fallar edərək, gələcəklərini “görməyə” çalışırlar. Deyilənə görə, bu çərşənbə axşamı gənc qızlar arxası qapıya tərəf durub, ayaqqabılarını başları üstündən atarlar. Əgər ayaqqabının burnu qapıya tərəf düşsə, gənc qız bu il ailə həyatı quracaq.

Digər bir inanc da üzük falıdır. Bir stəkana və ya qaba su qoyulur. Bir üzük götürülür. Gənc qızlar saçlarından bir tel ayıraraq, üzüyə bağlayır və qabın içində saxlayırlar. Üzük qabın kənarına neçə dəfə dəyərsə, həmin qızın o yaşda ailə həyatı quracağına inanılır.

Ümumiyyətlə, Azərbaycanda çərşənbələrlə bağlı inanclar çoxdur. Ən önəmlisi isə tonqal qalayıb, üzərindən atılmaq, “ağırlığım, uğurluğum odlara” deməkdir...

Ümid edirik ki, bu Novruz həyatınızda arzulayıb, əldə edə bilmədikləriniz hər şeyi sizin üçün əlçatan edər. Çərşənbəniz mübarək!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »