Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İlk Cümhuriyyət bizim son bir əsrdə yaratdığımız yeganə dəyərimizdir"
"İlk Cümhuriyyət bizim son bir əsrdə yaratdığımız yeganə dəyərimizdir"

Azərbaycan Cümhuriyyətinin banisi, Məhəmməd Əmin Rəsulzadənin vəfatından 68 il keçir. Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözləri bizim üçün müstəqillik rəmzi kimi dəyərləndirilir.

1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olan Rəsulzadə, gənc yaşlarından muxtariyyət və ya müstəqillik lehinə siyasi hərəkatlarda iştirak etmişdi. O, müxtəlif siyasi strukturlarda rejimə qarşı mübarizə aparmış, müxtəlif qəzet və jurnallarda məqalələr yazaraq fikirlərini cəmiyyətə çatdırmağa çalışmışdır. Ancaq Çar rejiminin təzyiqləri artdığı üçün Rəsulzadə 1909-cu ildə İrana gedir, burada jurnalist kimi çalışır və siyasətlə məşğul olur. Burada təzyiqlərlə üzləşdiyi üçün əvvəlcə Türkiyəyə sonra isə, Bakıya gəlir. Bakıda Müsavat Partiyasının üzvü kimi siyasi mübarizəsini davam etdirir. 1917-ci ildə isə, bu partiyanın, 1918-ci ildə isə, Azərbaycan ziyalılarının yaratdığı Milli Şuranın sədri seçilir. 1918-ci il mayın 28-də Milli Şura rəsmən Azərbaycan Cümhuriyyətinin yarandığını elan edir. 1918-ci il iyunun 4-də Rəsulzadə Azərbaycan ilə Osmanlı İmperiyası arasında imzalanmış dostluq və əməkdaşlıq müqaviləsini Azərbaycan adından imzalayır. 1918-ci il sentyabrın 15-də “Qafqaz İslam Ordusu” adlandırılan Osmanlı ordusu Bakını erməni və bolşevik quldur dəstələrindən azad etdiyi zaman Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü.

Rəsulzadə 1947-ci ildə Türkiyədə məskunlaşaraq Türkiyə vətəndaşlığını qəbul edib. O, yazdığı kitablar, nəşr etdiyi jurnallar və təşkil etdiyi konfranslarla ölkəsinin vəziyyətini izah etməyə davam edirdi. Məhəmməd Əmin Rəsulzadə ömrünün bir hissəsini Türkiyədə yaşayıb. Rəsulzadə 1955-ci ildə martın 6-da Ankarada vəfat edir və Cebeci Əsri qəbiristanlığında dəfn edilir.

Türkiyənin bir çox vilayət və rayonlarında küçə və prospektlərə Məhəmməd Əmin Rəsulzadənin adı verilib. Eyni zamanda Ankara Çankayada Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyi də fəaliyyət göstərir.

Kırıkkale Universitetinin professoru Şahin Əhmədoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 1918-ci ildə Türk-İslam dünyasında qurduğumuz ilk Cümhuriyyət bizim son bir əsrdə yaratdığımız yeganə dəyərimizdir.

Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info

“O, elə bir dəyərdir ki, tanrıtanımaz Sovet rejimi belə bu dəyəri bizim əlimizdən ala bilməmiş, rejim tarixin zibilliyinə göndərildikdən sonra dərhal o dəyərimizə sahib çıxmış və üç rəngli bayrağımızı “Bir kərə yüksələn bayraq bir daha enməz” deyərək yenidən dalğalandırmışıq. Cümhuriyət və onun qurucuları bu mənada bizim vazkeçilməz dəyərlərimizdir”-deyə professor qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »