Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birqütblü dünyadan çoxqütblü dünyaya: ABŞ hegemonluğunu itirirmi...
Birqütblü dünyadan çoxqütblü dünyaya: ABŞ hegemonluğunu itirirmi...
Aydın idi ki, Ukrayna müharibəsi sadəcə Rusiya və ya ABŞ hərbi əməliyyatı olaraq qala bilməzdi. Demək olar ki, hər kəs müharibənin Atlantik və Avrasiya arasında geosiyasi qlobal güc mübarizəsi olduğunu deyirdi. Əslində müharibə tərəfdarları toqquşmalar başlayan kimi bu faktı vurğulayırdılar.

İşğaldan bir ay sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov baş verənləri və baş verəcəkləri ümumiləşdirərək qeyd etdi ki, burada söhbət qətiyyən Ukraynadan yox, dünya nizamından gedir. Birqütblü dünya dönməz şəkildə tarixə gömülüb və indi çoxqütblü dünya doğulur.

Oksford Universitetinin tarix professoru Peter Frankopan kimi bir çox qərb eksperti də bu fikirdədir. Onların fikrincə, ABŞ-ın dünyanın jandarması olduğu günlər artıq geridə qaldı.

Ona görə də Rusiyanın hər bir əks addımı ABŞ-ın “hegemon ölümü”nə sübut kimi şərh olunur. Bunun ən bariz göstəricilərindən biri ABŞ-ın öz ətrafında əsas müttəfiqlərini toplamasına baxmayaraq, yeni qlobal güc mübarizəsində tərəf tutmaqdan imtina edən bir çox başqa ölkələri bu ittifaqa cəlb edə bilməməsidir. Bu mənzərədən güc alan Rusiya lideri Vladimir Putin Qərbin istismar etdiyi ölkələri birgə hərəkət etməyə çağırır. O, hətta Rusiyanı da müstəmləkələşdirməyə çalışan Qərbin digər gücsüz ölkələrə nə edəcəyini təsəvvür etmələrini istəyir.

Putinin “Qərb bərabərhüquqlu əməkdaşlıq istəmir, bizi soymaq istəyir” mesajının Cənubi Amerikada, xüsusən də Afrika və Asiyada böyük səs-küyə səbəb olduğu şübhəsizdir. Rusiya liderinə Qərblə mübarizəsində ən böyük dəstək Çin rəhbəri Si Cinpindən gəlir. Çin lideri 21 aprel 2022-ci ildə Boao Asiya Forumunda ABŞ-ı hədəf göstərərək, "birtərəfli sanksiyalara qarşı çıxmalıyıq" deyə bildirmişdi.

Bu açıqlamadan 10 ay sonra Çin Xarici İşlər Nazirliyi 22 fevral 2023-cü ildə dərc olunmuş “ABŞ hegemonluğu və onun təhlükələri” adlı məqaləsində qlobal xaosun əsas mənbəyinin ABŞ olduğunu rəsmən bəyan edib. Gördüyünüz kimi, Putin tək deyil və tez-tez Qərbə qarşı yalnız hərbi müharibə aparmadığını, həm də sivilizasiya müharibəsi apardığını vurğulayır.

Qlobal miqyasda antiamerikanizmi canlandıran Putinin də qeyd etdiyi kimi, Qərbin əsrlər boyu müstəmləkəçilik, diktatura və hegemonluq strategiyası ilə “dünyaya tüpürdüyü” nizam indi dağılır, balanslar dəyişir. Ölkələr qlobal status-kvonu müdafiə edən ABŞ-dan daha çox, dəyişiklik və sülh istəyən Rusiya və Çinin rəhbərlik etdiyi yeni qlobal bloku dəstəkləyir.

Lakin qlobal dəyişikliklərə olan bu istəyin tükəndiyini də nəzərdən qaçırmamalıyıq. Çünki keçən il 850 milyard dollarlıq inanılmaz gəlir əldə edən OPEK üzvü dövlətlərlə yanaşı, ümumi mənfəəti 200 milyard dollar olan “BP”, “Shell”, “Exxon”, “Chevron”“Total Energies” kimi neft nəhəngi Qərb şirkətləri həm də qlobal sistemdə transformasiya istəyirlər.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »