Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məni nazir həbs elətdirib" deyən şirkət rəhbəri təcridxanada intihara cəhd elədi
"Məni nazir həbs elətdirib" deyən şirkət rəhbəri təcridxanada intihara cəhd elədi

Qarabağ əlilləri və şəhid ailələri üçün evlər tikmiş "Tua TT" MMC-nin rəhbəri Tural Alışanlı üç ildən çoxdur ki, həbsdədir. O, evlərin tikintisi üçün ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməkdə ittiham olunur. Lakin Tural Alışanlı bildirir ki, müqavilə üzrə nazirlikdən ona ödənilməli pulu tələb etdiyinə görə nazir Sahil Babayevin sifarişi ilə həbs olunub.

Bizimyol.info xəbər verir ki, Tural Alışanlının işinə iki il yarıma yaxındır Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Martın 3-də onun haqqında hökm çıxarılıb. Hökmə əsasən, o, 5 il azadlıqdan məhrum edilib.

Tural Alışanlı 515 min manatlıq mənimsəmədə ittiham olunurdu. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilmişdi. Prokuror da 12 il həbs cəzası istəmişdi.

Lakin məhkəmə yeyinti məbləğinin 159 min olduğu qənaətinə gəlib. İttihamı da 179.4 maddəsindən 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsinə tövsif edib və 5 il cəza kəsib.

Tural Alışanlı heç bu maddə ilə də özünü təqsirli bilmir. O, məhkəmədən bəraət istəyir. Ona görə də hökmdən apellyasiya şikayəti verəcək.

Bir neçə il əvvəl Qarabağ əlilləri, şəhid ailələri üçün evlərin tikintisinə görə nazirlik tender elan edib. Tural Alışanlının rəhbərlik etdiyi “Tua TT” və “Ağrıdağ təmir tikinti” MMC tender müsabiqələrinin qalibi olub, nazirliklə 893 min manatlıq müqavilə bağlanıb. Müqavilənin şərtlərinə əsasən, Masallı, Astara, Lənkəran və Lerik rayonlarında yaşayış evləri tikilib təhvil verilməliydi.

Evlərin böyük hissəsi tikilib təhvil verilib, bir hissəsinin tamamlama işləri qalıb. Tural Alışanlının sözlərinə görə, bunun üçün nazirlik qalan pulu da onlara ödəməliydi ki, işləri tamamlasınlar.

Həmin vaxt nazirliyin ona 157 min manat borcu qalmışdı. O pulu istəmək üçün nazir müavini Vüsal Nəsirli ilə görüşüb. Vüsal Nəsirli ona deyib ki, nazir Sahil Babayev vəsaitin ödənilməməsi barədə göstəriş verib, amma işlər bitirilməlidir: "Mən nazirin qəbuluna getmək istədiyimi bildirdim. Vüsal Nəsirli dedi ki, 20 min pul verək, yarımçıq işləri bitir. Mən razılaşmadım. Ertəsi gün Vüsal Nəsirli özü zəng elədi, nazirliyə çağırdı. Görüşdə dedi ki, nazir mənim hərəkətimdən əsəbiləşib, tapşırıb ki, heç 20 min də verilməsin. Mənə bir neçə ay vaxt verirlər, işlər tamamlansın, əks halda, şikayət eləyəcəklər. Yenə razılaşmadım, nazirlə görüşmək üçün dəfələrlə müraciət etdim. Alınmadı. Aylar sonra Sahil Babayevin Asan Radionun canlı yayımında qonaq olduğunu görüb Facebook vasitəsilə ona müraciət elədim. Bir neçə gün sonra Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırdılar..."

Nazir Sahil Babayevin sifarişilə həbs olunduğunu deyən Tural Alışanlı vurğulayıb ki, istintaq qərəzli aparılıb: "Yazıblar ki, evlər tikilməyib, grdib yoxlama aparmayıblar. Halbuki, o evlərdə adamlar yaşayır. Pulu versəydilər, qalan işlər də tamamlanardı. Pulu vermək əvəzinə məni həbs etdirdi. Bu qədər haqsızlıq, ədalətsizlik olmaz..."

Tural Alışanlı martın 3-də məhkəmədə onu da bildirib ki, bu gün səhər saatlarında o, Bakı İstintaq Təcridxanasında boğazını kəsərək özünə qəsd edib.

37 yaşlı Tural Alışanlının iki azyaşlı övladı var. Ona təcridxanada tibbi yardım göstərilib: "Bu qədər haqsızlığa dözmək olmur. Bir adamın sifarişiylə, hikkəsiykə başqalarının həyatını məhv edirlər..."

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »