Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloqla “Paşa Bank” və Gənclər Fondu arasında yarım milyonluq yeyinti qalmaqalı
Politoloqla “Paşa Bank” və Gənclər Fondu arasında yarım milyonluq yeyinti qalmaqalı

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyev hazırda həbsdədir. O, 527 min manatlıq mənimsəmə və dələduzluqda ittiham olunur.

Bizimyol.info xəbər verir ki, 33 yaşlı Cəbrayıl Fərzəliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Fərid Namazovun sədrliyilə keçirilən məhkəmə iclasında onun vəkili bir sıra vəsatətlər qaldırıb. Vəkil bu cinayət işinin istintaqından narazı qalıb, təkrar araşdırma üçün prokurora qaytarılmasını istəyib. Məhkəmə bu vəsatəti təmin etməyəndə isə vəkil vəsatət verib ki, Cəbrayıl Fərzəliyev barəsində məhkəmə psixiatrik ekspertizası təyin olunsun. Müdafiəçinin sözlərinə görə, müvəkkili bir neçə dəfə saxlandığı Bakı İstintaq Təcridxanasında intihara cəhd edib. Onda psixi pozğunluq əlamətləri müşahidə olunur.

Hakimlər bu vəsatəti baxılmamış saxlayıb. Çünki istintaq dövründə Cəbrayıl Fərzəliyev ekspertizadan keçirilib. Həmin rəy araşdırılandan sonra bu vəsatətə baxılacaq.

Daha sonra prokuror Orxan Səmədov ittiham aktını elan edib. İttihama görə, Cəbrayıl Fərzəliyev mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı kimi əməllərdə ittiham olunur. O, “Paşa Bank”dan, “Azərbaycan Respublikası Gənclər Fondu”ndan müxtəlif işlər görmək adıyla ümumilikdə 527 min manat vəsait pul alıb, təyinatı üzrə xərcləməyərək, mənimsəməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə) və digər maddələrilə ittiham irəli sürülüb.

Cinayət işində göstərilib ki, bankdan 300 mindən çox vəsait avadanlıq alınması, dövriyyənin artırılması və s. adlar altında kredit kimi götürülüb. Gənclər Fondundan isə işğaldan azad edilmiş torpaqlarla bağlı film çəkilişi və başqa layihələr üzrə qrant formasında verilib. Lakin ayrılan məbləğlər mənimsənilib. İttihamda o da göstərilib ki. Cəbrayıl Fərzəliyev sənədlərə müxtəlif adamların adından imza ataraq, saxtakarlığa yol verib.

Cəbrail Fərzəliyev YAP Gənclər Birliyinin üzvü olub. O, həmçinin politoloq kimi, fəaliyyət göstərib.

“Paşa Bank” və Gənclər Fondu məhkəmədə zərərçəkmiş qismində tanınıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »