Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mövqeyindən və milli kimliyindən əsla güzəştə getməyən xarakter - Hacı Şahin Həsənli...
Mövqeyindən və milli kimliyindən əsla güzəştə getməyən xarakter - Hacı Şahin Həsənli...
Bu gün hər kəsin evindən bir qonaq – Hacı Şahin Həsənli əbədiyyət aləminə yola salındı. Müstəqilliyə qovuşduğumuz 33 il müddətində Hacı Şahin Həsənli Azərbaycan cəmiyyətinin yetişdirdiyi ən dəyərli ziyalılardan, mövqeyi açıq din xadimlərindən və ən əsası, sosial sferanı öz əhatəsində cəmləşdirməyi bacaran ən ağır fiqurlardan biri idi. Necə ki, dəfn mərasimindəki mənzərə, oradakı müxtəlif camiələrdən gəlmiş insanların sayı bu həqiqəti bir daha açıq-aydın göstərdi: Azərbaycan cəmiyyəti ölkənin ən çətin zamanlarında öz mili mövqeyini bir əsgər ləyaqəti ilə qoruyan ən dəyərli ziyalılarından birini – Hacı Şahin Həsənlini axirət yurduna yola saldı.

70 il sovetlərin təsiri altında böyümüş, ateist ruhda tərbiyələndirilmiş müsəlman cəmiyyətinin birdən-birə azadlığa çıxıb, bir çox dini cərəyanlara qapı aralaması, həmin qapılardan dini, məzhəbi, kökü, zatı bəlli olmayan, ancaq görkəmcə özünü ilahiyyatçı, islamçı, dindar görkəminə bürümüş licimsizlərin müstəqəlliyimizi həzm edə bilməyən bəzi bədnam qonşularımızın əlində potensial kəşfiyyat-agentura şəbəkəsi kimi formalaşdırılaraq, ölkəyə axın-axın daxil olmasına zəmin yaratmşdı.

Kimin kim olduğu bəlli olmayan həmin düzənsiz dövrdə Azərbaycan dövləti bir tərəfdən Qarabağda seperatçı erməni terrorçuları ilə mübarizə aparır, digər bir tərəfdən islami libasla kamuflaj olub, cəmiyyətin arasına dürtülən casus şəbəkəsini çökərtməklə məşğul idi. Bax, belə bir xaos ortamında öz milli kimliyini kimliyi olmayan ünsürlərə qarşı müdafiə edən, mövqeyi açıq, islami kimliyini cəhalət yox, elm üzərindən formalaşdıran nadir şəxslərdən biri də Hacı Şahin Həsənli oldu. Cəmiyyətimizin əksər hissəsi onu sadəcə ilahiyyatçı, din xadimi statusunda görsə də, mən hər zaman o şəxsiyyətə bir qədər fərqli yanaşmışam. O, mənim nəzərimdə bir din xadimindən daha çox, dinini və milli kimliyini əsla güzəştə getməyən, üçrəngli bayrağa qarşı qotur tutub, qaşınmaya düşənlərin artdığı bir vaxtda elə o üçrəngli bayraqla həmin qoturların xəstəliyini “müalicə” edən həkim, peşəkar sosioloq, sözübütöv alim və dini-psixoloji müharibədə öz yerini, mövqeyini, cinahını tərk etməyən, önündə gəldiyi dindarlar ordusunu əsla bada verməyən ləyaqətli əsgər, iradəli sərkərdə idi.

...Heç vaxt yüksək səslə danışmazdı, olduqca yığcam, axıcı və səlis danışardı – belə ki, əgər istəsən, kəlimələrini saya bilərdin. Heç vaxt təmkinini pozmaz, səsini yüksəltməz, o məşhur gözlüyünün arxasından qarşısında oturub, ona diqqət kəsilənləri bir-bir elə süzər, baxardı ki, zənn edərdin, o məclisdə səndən başqa heç kəs yoxdur və Hacı yalnız səninlə danışır. Yüzlərlə insana eyni anda xitab edər, səslənərdi, amma təsirgücü o qədər möhtəşəm idi ki, elə zənn edərdin deyilən sözlər yalnız sənə aiddir. Əgər Hacı günahların ağırlığından danışarsa, o günah yükünü öz çiyinlərində, yox əgər cənnətin nemətlərindən, gözəlliyindən danışardısa, düşünərdin bu söhbət elə yenə sənə aiddir və həmin cənnətə də məhz sən gedəcəksən. Xitabət və bəlağət sənəti İslam dünyasında ən təsirli metodlardan biridir və bu iki xüsusiyyətə əsasən İslam elmini dərinlikləri ilə bilən elm adamları, alimlər vaqif ola bilirlər. Hansı ki, elə İslam peyğəmbəri həzrəti Məhəmməd də gözəl xitabət üsuluna görə Məkkə əhli içərisində xüsusilə seçilərdi. Bəli, hər bir mömin özündə həzrəti Məhəmmədlə müəyyən bənzərliklər daşıyar - kimisi səbrində, kimisi elmində, kimisi də xitabətində. Hacıya verilən isə elm və xitabət yolu oldu. Bu gün o, xitabət qabiliyyəti ilə özünə aşiq etməyi bacardığı onminlərlə möminin, müsəlmanın çiyinlərində fani həyatdan baqi olan axirətə - sevimli Rəbbinin yanına yola salındı.

Allah sənə rəhməti, bizə isə səbri və böyüklüyü ilə davransın. Nə xoş sənə ki, imtahanı qalib bitirdin...

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »