Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan-Azərbaycan “onlayn diplomatiyası”: Qərb niyə tələsir?
Ermənistan-Azərbaycan “onlayn diplomatiyası”: Qərb niyə tələsir?

Qərb Ermənistan və Azərbaycan ictimaiyyətinə Moskvanın üzərinə düşən vəzifənin öhdəsindən gəlmədiyini göstərmək üçün prezidentləri sülh müqaviləsi ilə tələsdirir.

Bizimyol.info xəbər verir ki, bu fikirləri ekspert Qriqor Balasanyan Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərinin Ermənistanla elan etdiyi onlayn diplomatiya mərhələsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sülh danışıqlarının onlayn mühitə keçməsi o deməkdir ki, saziş artıq hazırdır, texniki məsələlər yeni formatda razılaşdırılır. "Beynəlxalq təcrübədə belə bir nümunə olmayıb. Bu, yaxşı heç nəyə gətirib çıxara bilməz",- deyən Balasanyan, bir qayda olaraq, Ermənistan və Azərbaycan kimi qarşılıqlı əlaqə səviyyəsinə malik olan ölkələrin adətən vasitəçilər vasitəsilə əlaqə saxladığını vurğulayıb.

Onun sözlərinə görə, belə olan halda, ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını öz üzərinə götürə bilər. “Azərbaycanlı nazirin bəyanatı beynəlxalq mütəxəssisə sənədin əsas məqamlarının onlayn müzakirə olunmadığını, texniki məsələlərə aydınlıq gətirildiyini güman etməyə əsas verir: bunun üçün birbaşa danışıqlara və görüşlərə ehtiyac yoxdur.

Yəni, bu saziş artıq hazırdır, lakin bu barədə cəmiyyətə məlumat verilməyib, sual yaranır: belə bir razılaşmanın yekun variantı var, ya yox, ikincisi, əsas variant kimi hansı variant seçilir: Vaşinqton, yoxsa Moskva? Əsas odur ki, Qarabağ məsələsi necə həll olunacaq?”,- deyə o, bildirb.

Bu kontekstdə Balasanyan vurğulayıb ki, 2018-ci ildən başlayaraq (məxməri inqilabdan sonra – red.) virtual məkan vasitəsilə idarəçilik bütövlükdə Ermənistan hakimiyyəti üçün kifayət qədər xarakterikdir. Lakin Ermənistan-Azərbaycan münasibətlərinin həlli, Qarabağ münaqişəsi kimi ciddi məsələlərin onlayn məkana daşınması elə qeyri-ciddi addımdır ki, beynəlxalq tərəfdaşlar sadəcə olaraq buna ciddi yanaşa bilmirlər.

Azərbaycana gəlincə, onun müşahidələrinə görə, bu ölkə bu gün aparıcı qüvvə nöqteyi-nəzərindən çıxış edir və ona görə də öz mövqeyini istənilən formatda çatdırmağa çalışacaq.

"Görünür, erməni tərəfi danışıqlar aparmır, sadəcə olaraq, Azərbaycan tərəfinin göstərişlərini mütəmadi olaraq yerinə yetirir. Və onun bu göstərişləri necə - onlayn, oflayn, birbaşa və ya dolayı danışıqlar yolu ilə alması vacib deyil. Görünür, proses ona doğru gedir və buna görə də birbaşa danışıqlar və görüşlər təşkil etmək artıq mənasızdır", -deyə ekspert əlavə edib.

Ekspert əmindir ki, Rusiya Federasiyası ilə qarşıdurma fonunda hər iki ölkənin ictimaiyyətinə Rusiyanın üzərinə düşən vəzifənin öhdəsindən gəlmədiyini sübut etməyə çalışan Qərb tələsir.

"Bunun Cənubi Qafqaz üçün hansı nəticələrə gətirib çıxaracağı Qərb üçün ikinci dərəcəli məsələdir. Düşünmürəm ki, "tələsik" imzalanan saziş uzun ömürlü olacaq”, - deyə Balasanyan bildirib.

Xatırladaq ki, fevralın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Bakı onlayn formatda Yerevanla sülh danışıqları ilə bağlı təkliflər mübadiləsi aparır. Fevralın 28-də rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında Bayramov izah edib ki, Bakı hazırda erməni tərəfi ilə sülh müqaviləsi layihəsi üzrə şərhlərin mübadiləsini nəzərdə tutan onlayn diplomatiya vasitəsilə danışıqlar aparır.

Bundan əlavə, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 16-da hökumətin iclasında bəyan etmişdi ki, İrəvan öz təkliflərini Azərbaycan tərəfinə çatdıraraq, Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb. O əlavə edib ki, bu, tam müqavilə layihəsidir. Sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »