Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Memar Sinanın sirri
Memar Sinanın sirri

Memar Sinan 16-cı əsr Osmanlı İmperiyasında 9 milyon kvadrat kilometrlik bir coğrafiyada 400-ə yaxın əsər tikdirmişdi. O, bu tikililərin hamısını 50 yaşından sonra tikdirmiş və bir əsrlik ömründə Osmanlı memarlığını zirvəyə çatdırmışdı.

O, karyerasının demək olar ki, hər ilində səkkiz müxtəlif tikinti layihəsini idarə edib. Lakin bu istedadlı baş memarı qeyri-adi edən onun tikdirdiyi əsərlərin sayı deyil, istifadə etdiyi sirrli üsullar idi. Gizli düsturlar, naməlum prosseslər və əsrlər sonra icad edilən bir sıra tikinti texnikası. Memar Sinanın sirrli mühəndisliyi özündə hansı sirrləri gizlədir? Bütün bunların cavabı Memar Sinanın istedadının zirvəsi olan möhtəşəm Süleymaniyyə məscidində gizlidir.

Möhkəmliyinin ilk şərti düzgün zəmin, düzgün təməl idi. Süleymaniyyə nəhəng ölçülərinə baxmayaraq, inşa edildiyi gündən keçən 5 əsrdə 15-i 5,5 baldan yuxarı olmaqla 89 zəlzələ görüb və cəmi 4 dəfə bərpa edilib. Müasir memarlıqda bu gün hər binanın adətən 100 illə 150 il arasında ömrü var.

Bu o deməkdir ki, 150 ildən sonra binanın dayanıqlılığına zəmanət vermək olmaz. Amma Memar Sinan Qanuni Süleymana zəlzələləri ilə məşhur olan bir şəhərdə dağılmayacaq bir məscid vəd etdi. Memar Sinan ilk iş olaraq uzunluğu 150 metr, eni 70 metr ölçüsündə və 6 metr dərinlikdə bir təməl çuxuru qazdı. 100 min tondan çox torpağın qazılması və müvəqqəti yaşayış binalarının divarlarının quraşdırılması 1,5 il çəkdi. Memar Sinanın bu bölgəni seçməkdə məqsədi o dövrdə İstanbul sərhədləri daxilində hər yerdən görünə bilməsi idi.

Sinan əvvəlcə yerüstü torpaq qatını çıxararaq qayalara yaxınlaşdı. Daha sonra 30 minə yaxın svay vurdu və bu payaların üzərinə tonlarla ağırlıqda bloklar qoydu, iki ildən çox gözlədi. Beləliklə, torpağın daha yaxşı sıxılmasını və yükdaşıyıcı olmasını təmin etdi. Bu svay bünövrə texnikası dünyanın ilk 7 ulduzlu oteli olan Burj əl-Ərəbin tikintisində də istifadə edilib.

Klassik Səlcuqlu və Osmanlı memarlığında binaların əsas doldurucu materialı Xorasan məhluludur. Bu, Misir piramidalarından bəri istifadə edilən bir qarışıqdır. Təzyiq altında sərtləşir və sarsılanda bükülür. Memar Sinan da Xorasan məhlulunun tərkibini dəyişdirərək, istifadə edib. Klassik Xorasan məhlulunda gil və qum qarışığından əldə edilən aqreqat var və o, struktura öz sərtliyini verir. Əhəng və su doldurucu material kimi istifadə olunur. Üzvi komponentlər karbonlaşmanı sürətləndirmək və elastikliyi təmin etmək üçün istifadə olunur. Bunlar o dövrdə pendir, süd, pambıq və yumurta ağıdır. Memar Sinan isə öz məhlulunda daha çox protein olan dəvəquşu yumurtasının ağından istifadə edib. Sinan Roma betonu kimi tanınan vulkanik tufdan hazırlanmış məhlulun da tərkibini bilirdi. Bu məhlulun tərkibində kükürd yüksək olduğu üçün onun yapışma qabiliyyəti də yüksək idi.

Ancaq vulkanik tuf Anadoluda asanlıqla tapılan bir material deyil. Bu zaman Memar Sinan məhlula “soğan” qatıb. Bu xüsusi qarışım sayəsində o, klassik Xorasan məhlulundan az qala iki dəfə daha davamlı xüsusi məhlul əldə edib. Sinan üçün materiallar deyil, komponentlər önəmli idi. O pendir və yumurta ağını deyil, zülalı bilirdi. Bilirdi ki, soğan yox, kükürd əlavə edir. Bütün bunlar memarın kimya üzrə biliklərinin nəticəsi idi.

Süleymaniyyənin dörd sütun ətrafında tikilmiş xarici divarlarının qalınlığı 1 metr, hündürlüyü isə 20 metrdir. Binanın ümumi çəkisinin yarıdan çoxu, yəni 36 min ton yük bu divarların üzərinə düşür. Divarlar öz çəkisi ilə birlikdə əsas günbəzin ağırlığını da daşıyır. Süleymaniyyə tikilərkən Sinan bugünə qədər dünyanın ən böyük məscidini tikdiyini bilirdi. Çünki o, həm ölçü, həm də davamlılıq vəd edirdi. Süleymaniyyə tamamlandıqda, ümumi çəkisi 68 min tona çatacaqdı. Başqa sözlə, onun çəkisi 6 Eyfel qülləsinin ümumi çəkisindən çoxdur.

Memar Sinan heç bir metal konstruksiyadan istifadə etmədən on minlərlə ton tikinti materialını bir yerdə saxlamalı və binanın yükünü sütun və divarlara düzgün nisbətdə bölüşdürməli idi.

1396-cı ildə inşa edilən Bursa Ulu Məscidinin memarları nəhəng məscidi 20 günbəzlə örtə bilmişdilər. Çünki o dövrdə bu boyda məscid üçün tək günbəz tikmək üçün texniki bilik yox idi. Halbuki Memar Sinan Ulu Məscid üçün “Mən onu tək günbəzlə örtə bilərdim” demişdi. Sinan gəncliyində dünyanın ən möhtəşəm tikililərini yaxından görmək imkanı qazanıb.

O, 50 yaşına qədər dünyanın müxtəlif coğrafiyalarında qədim tikililəri tədqiq edib, qeydlər aparıb və romalıların nəhəng günbəzlər tikməsinin sirrini öyrənib. Sənaye İnqilabından əvvəl ən çətin memarlıq hissələri qüllələr idi. Çünki polad skeleti olmayan hörgü binasını nə qədər çox qaldırmaq istəsəniz, onun əsasını bir o qədər genişləndirməlisiniz. Məsələn, 16-cı əsrə qədər dünyanın ən böyük tikilisi hesab edilən İngiltərədəki Linkoln Katedralinin 83 metr hündürlüyündə nəhəng qülləsinin eni 13 metr idi. Amma minarə mümkün qədər hündür və nazik olmalı idi və Sinan İstanbulun ən böyük məscidi üçün ən hündür minarələri tikmək istəyirdi. Minarələr Süleymaniyyənin ən çətin yerləri idi. Xüsusilə şərq və cənub minarələrinin hər biri 25 mərtəbəli idi və 462 il İstanbulun ən hündür minarələri kimi qeydə alınıb.

Minarələrdəki klassik daş işlərini bir addım irəli aparan Memar Sinan daşların birləşən səthlərində deşiklər açaraq oraya məftillər çəkdirib. Bu naqilləri qurğuşunla dolduraraq düzəldib. Bu, binaya elastiklik qabiliyyətini verib. Yəni bu gün Yaponiyada istifadə olunan elastik birləşmə texnologiyası 500 il əvvəl Süleymaniyyədə istifadə olunub.Süleymaniyyə minarələri başqa heç bir binada görünməyən bir elastikliyə malikdir. Zəlzələlərin şokunu özünə çəkən hərəkətli birləşmələri sayəsində bina hətta 8 ballıq zəlzələyə də dözə bilir.

Məsciddə səsi 4 dəfə ləngitməklə imamın səsinin hər yerə bərabər yayılmasına şərait yaradılıb. İçəridə əmələ gələn hisin müəyyən yerlərdə toplanmasını təmin etməklə onlardan mürəkkəb istehsal edilmiş və məscidin içindəki əsərlər bu mürəkkəblərlə yazılmışdı. Bəzi nöqtələrə yerləşdirdiyi 60 dəvəquşu yumurtası sayəsində zərərvericilərin içəri girməsinin qarşısını alıb. Məscidin döşəməsindəki 20 sm sahədə hava axınını sıfıra endirərək, gələnlərin ayaqlarını isti saxlayan hava təbəqəsi yaratdı. Süleymaniyyənin 7 il davam edən tikintisində 3 min 5 yüz işçi və minlərlə fəhlə çalışıb. Məscid cəmi 4 milyon iş saatı ilə hazırlanıb. Onun dəyəri 3 min 2 yüz kilo qızıldır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »