Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlətin maraqları hər bir azərbaycanlının marağı olmalıdır...
Dövlətin maraqları hər bir azərbaycanlının marağı olmalıdır...

İctimai mənafe əslində fərdlə əlaqəli deyil, fərdlərin birlikdə yaşayaraq, yaratdığqları cəmiyyətin varlığını davam etdirməsi üçün olan bir maraqdır. Cəmiyyətin nizamının əsasını təşkil edən şəxslərin maraqlarının birbaşa və dolayı yolla qorunması ictimai mənafeni yaradır. Demokratik və siyasi dövrdə ictimai mənafe ilə fərdlərin maraqları arasında birbaşa əlaqə var. İctimai maraqlar, fərdlərin maraqları birbaşa dövlətin maraqlarını formalaşdırır.

Biz Azərbaycan olaraq, maraqların kəsişməsinə 30 illik müharibə dövründə şahid olduq. İstər Birinci Qarabağ müharibəsi, istərsə də ondan sonrakı dövrlərdə dövlət maraqları birbaşa ictimai maraqların qorunmasını özündə ehtiva edirdi. Yəni dövlət vətəndaşının maraqlarına önəm verir və qorumağa çalışırdı. Müharibə, soyqırımlar, milyona yaxın azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin düşməsi həm ictimai maraqlarına, həm də dövlət maraqlarına zərbə idi. Çünki ictimai maraqların zərbə görməsi birbaşa dövlətin maraqlarına təsir edirdi. Sözügedən dövrdə və ondan sonrakı müddət ərzində biz hər zaman dövlət maraqları ilə, ictimai maraqların bu istiqamətdə üst-üstə düşdüyünün şahidi olduq. Bu, ölkədə təhlükəsizlik sahəsində də özünü biruzə verir. Hər bir azərbaycanlı bilir ki, ölkənin təhlükəsizliyi onun şəxsi təhlükəsizliyi deməkdir.

Bir müddət əvvəl Azərbaycanın İrandakı səfirliyinə edilən terror aktından sonra da Azərbaycanda ictimai maraqların birbaşa dövlət maraqları ilə əlaqəli olduğu açıq şəkildə özünü göstərdi. Terror hər bir fərd tərəfindən pislənir, terroru həyata keçirən rejim lənətlənirdi. Və yaxud 2020-ci il 44 günlük savaşda əldə olunan tarixi zəfəri vətəndaşların bu qələbəni böyük təntənə ilə qeyd etməsi də, ictimai maraqlarla dövlət maraqlarının kəsişməsinin bariz nümunəsi idi.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsindən əvvəl, savaş dönəmində və ondan sonra da cəmiyyət və dövlət maraqları arasında böyük fərq olmayıb. Düzdür, ara-sıra süni ajiotaj yaratmaq istəyən qüvvələr meydana gəlirdi. Amma İkinci Qarabağ müharibəsindən əvvəl Tovuz döyüşləri zamanı dövlət maraqları daha önə çıxarmağa başladı. İctimaiyyətin özü birbaşa dövlət maraqlarını müdafiə etməyə başladı. Yəni bu zaman ictimai maraqlarla dövlət maraqları kəsişməyə başladı. Bu dövrdən sonra hər kəs bütün məsələlərə dövlət və dövlətçilik prizmasından yanaşmağa başladı.

Samir Hümbətov Samir Hümbətov

“Dövlətin təhlükəsiziliyi həm də, ictimai təhlükəsizliyi təmin edən amildir. İctimai təhlükəsizlik də dövlətin təhlükəsizliyi üçün önəmlidir. Yəni qarşılıqlı bir əlaqə var. Xüsusilə, İkinci Qarabağ savaşından sonra ictimai fikrin formalaşması daha çox Azərbaycan maraqlarına xidmət edən sahələr üzrə cərəyan edib. Bu gün də bu proses davam edir. Yəni dövlətin maraqları daha çox ön plana çıxır, nəinki fərdlərin. Bəzən hansısa fərdin özünü daha çox önə çıxarma cəhdləri ola bilər, burada dövlətin maraqları da önə çıxdığı üçün cəmiyyət və ictimaiyyət bu fərdin marağını deyil, daha çox dövlətin maraqlarını müdafiə etməyə başlayır”-deyən politoloq hesab edir ki, bu məsələdə cəmiyyətdə fərqli yanaşmalar ola bilər.

Samir Hümbətovun fikrincə, Azərbaycan cəmiyyəti artıq monolit bir cəmiyyətdir. Xüsusən İkinci Qarabağ Savaşından sonra qalib bir xalqın yanaşması həm ictimai fikrilər bağlı, həm dövlətin maraqlarının qorunması ilə bağlı necə olmalıdırsa, Azərbaycan cəmiyyəti bu ruhdadır, bu düşüncədədir. Ziyalı kəsimin hesab edir ki, dövlət və dövlətçiliyin qorunması hər kəsin, ictimaiyyətin hər bir fərdinin maraqlarından daha üstündür. İctimaiyyətin maraqları da elə dövlətin maraqlarıdır. Yəni bütün bunlar qarşılıqlı əlaqənin formalaşması ilə həyata keçirilir.

P.S. Politoloqlar hesab edir ki, ölkədə maraqların örtüşməsi, kəsişməsi məhz Azərbaycan müstəqilliyini əldə etdikdən sonrakı inkişaf dövründə özünü daha bariz şəkildə göstərməyə başlayıb. Çünki artıq hər bir azərbaycanlı bilirdi ki, dövlətin maraqları elə fərdlərin maraqlarıdır. Elə bu səbəbdən də hər bir azərbaycanlı bu maraqların qorunması üçün əlindən gələni etməlidir. Bura Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması da daxildir. Çünki hansı ölkədə yaşamasından asılı olmayaraq, “Mən azərbaycanlıyam” dediyin zaman dövlətinlə, ölkənlə maraqlananların sayı kifayət qədər çox olur. Bu səbəbdən də 30 illik işğal dövrü, erməni vəhşilikləri, qaçqınlıq dövrü, müharibə, Vətən uğrunda canından keçən şəhidlər unudulmamalıdır. Bu, birbaşa hər bir vətəndaşın maraqları çərçivəsindədir. Sən Azərbaycanı tanıda bilməsən, sıradan biri kimi tanınacaqsan. Sən Azərbaycanı, bütün həqiqətləri ilə tanıtdığın zaman, şəhidlərdən söz açdığın zaman isə, daha dəyərli olduğunu hiss edəcəksən. Yəni Azərbaycanın maraqları hər bir vətəndaşın maraqları olmalıdır...

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi.

Son xəbərlər
Bütün xəbərlər »