Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda su biznesinə heç bir qurum nəzarət etmir"
"Azərbaycanda su biznesinə heç bir qurum nəzarət etmir"

“Su təbiətin və yaxud Allahın möcüzəsidir. Yeganə maddədir ki, 3 halda kristal, buxar və maye şəklində olur. Bütün maddələrdən fərqli olaraq, həm istidə, həm soyuqda genişlənir. Qoxusu, rəngi yoxdur, dəyişməz qalır. İnsanlar onu çirkləndirir, o yerə düşür, qalxır ərşə təmizlənir və bir də insanlara qayıdır. Bədənimizin 85 faizi sudur. Su kimi əhəmiyyətli bir maddə bəşəriyyət tərəfindən qiymətləndirilmir. Bəzən ən ucuz qiymətə satılan vasitələr üçün “su qiymətinədir” deyirik. Əslində isə su hər şeydən baha olmalıdır”.

Bu barədə bizimyol.info xəbər portalına “Azad İstehlakçılar” Birliyinin sədri Eyyüb Hüseynov danışıb. QHT rəhbəri su barədə danışarkən 8 il əvvəl Marseldə su ilə bağlı konqresdə iştirakından söz açıb. Onun sözlərinə görə, suyun nə qədər ilahi bir maddə olduğunu elə həmin konqresdə öyrənib. Həmin vaxtdan sonra E. Hüseynov avtomobilini belə təmiz, içməl su ilə yudurtmur. Belə hesab edir ki, içməli su ilə avtomobil yudurtmaq axmaqlıqdır. E. Hüseynov ölkədə avtomobil yuma məntəqlərələrinin bağlanması, onun əvəzinə küçələrin təmiz saxlanması üçün əlindən gələni edir. Hətta bununla bağlı “Azərsu” ASC -də dəfələrlə məsələ qaldırıb.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Bir neçə il öncə çox primitiv üsulla indiki suyun ekspertizasını etdim. Onu mətbuata ötürdüm. Bir həftənin içində 3 yerdən məhkəməyə verildim. Və mənə dedilər “sən bilirsən nə barədə danışırsan?” Bu zarafat deyil. Bu, neftdən çox bahalıdır. Suyun mahiyyətinə enmək, “hansı adama hansı su lazımdır” bunu bilmək üçün insanda da, suda da, 300-ə qədər araşdırılma aparılmalıdır.

Hələ elm sübut etməyib ki, hansı gen quruluşuna malik olan insan hansı suyu içməlidir. Bir su növü bir ailənin 5 üzvünün 2 üzvü üçün uyğun ola bilər, amma 3-ü üçün uyğun olmaya bilər. Suyun bu ilahiliyindən, aliliyindən istifadə edən su biznesi ilə məşğul olan insanlar kütləni aldadır. Heç kəs deyə bilməz ki, hansı su təmizdir, hansı insana xeyirlidir”-deyən ekspert bildirib ki, ölkənin əmtəə bazarında 1 litri 10 manata olan və 1 litri 40 qəpik olan qablaşdırılmış sular satılır. Yəni su öz qiyməti, keyfiyyəti ilə də bu qədər təzadlı bir maddədir. Bu təzadlılıqdan su biznesi ilə məşğul olanlar sui-istifadə edir, insanları aldadırlar.

“Heç kəs deyə bilməz ki, bu su krandan doldurulub, təmizlənib, minerallaşdırılıb. Ola bilər ki, minerallaşdırılmış su ailənin hansısa üzvünə ziyan etsin. Bir müddət o su adama fayda verib, sonra zərər verə bilər. Orqanizmdə dəyişikliklər ola bilər. Azərbaycanda apteklər şəbəkəsinin çox olması məhz bizim bədənimizdə olan 85 faiz suyun bizi xəsətləndirməsi ilə bağlıdır. Hansı ölkəyə gedirəmsə, apteklər şəbəkəsini Azərbaycanla müqayisə edirəm. Azərbaycanda bu şəbəkə digər ölkələrlə müqayisədə təxminən 20 dəfə artıqdır. “Atatürk prospektində” olan bir doqquz mərtəbənin altında 7 aptek var. İnsanlar apteklərdə, klinikalarda növbələrdə saatlarla gözləyirlər. Bu o deməkdir ki, suda və qidada problemlər yaşanır”,- deyən ekspert bildirib ki, suya nəzarət sıfır səviyyəsindədir. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qidanın o cümlədən suyun yalnız təhlükəsizliyini təmin edir. Keyfiyyət məsələsi isə illərdir ki, masa üzərində qalıb. Ümumiyyətlə heç kim məşğul olmur. Çünki hökümət bu istiqamətdə səhv siyasət aparır. Ölkədə istehlakçı hüquqları arxa plandadır. Biznesin inkişafı ön plandadır. “Kim kimi aldadır aldadsın”, yəni kapitalizm cəmiyyətinin ən mənfur aksiomu həyata keçirilir.

Onun sözlərinə görə, Azərbaycan əmtəə bazarında quyu suyu, kəhriz suyu, qara su, yəni hər cür su var. Heç kəs də “bu kimə xeyir edir, kimə zərər edir” deyə araşdırmır. Evlərə daşınan 20 litrlik suların krandan yığılması, təmizlənməsi və ya təmizlənməməsi açıq bir məsələdir.

“Biz bir dəfə də görməmişik ki, Azərbaycanda olan labaratoriyalar hansısa araşdrmalar aparsın və ortaya nəsə tutarlı fakt qoysun”,- deyə o bildirib. Ekspert əlavə edib ki, plastik qablarda qablaşdırılmış sular, isti havada təhlükəli bir hala keçirlər, həmin plastik qabların xüsusən əzilmiş qabların tərkibində olan kimyəvi maddələr suyun tərkibinə keçir. Bu da insanların sağlamlığında izlər qoyur.

Eyyub Hüseynov bildirib ki, istehlakçılar su alan zaman fərqli sulara üstünlük verməlidir. Daim eyni sudan içmək olmaz. “Bəzən suların üzərində “ekoloji təmiz”, “hansısa xəstəliyi müalicə edir” və digər çağırışlar görürürk. Belə çağırışlara inanmaq olmaz. Çox yaxşı olar ki, suyun etiketində suyun mənbəyi göstərilsin. Amma bəzən etiketdə olanlar da, məsələn suyun hardan gətirilməsi sual altında ola bilir”,- deyən E. Hüseynov bildirib ki, su biznesinə heç bir qurum nəzarət etmir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »