Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnanılmaz ev elanı: Mənzilini yalnız pis adamlara satır
İnanılmaz ev elanı: Mənzilini yalnız pis adamlara satır

Ev satışı ilə bağlı elanlar bir-birindən çox fərqlənmir. Adətən, satış predmeti ilə bağlı müsbət fikir qeyd olunur, qiymətin uyğun seçildiyi yazılır. Türkiyədə isə xeyli qəribə təklif irəli sürülüb. Ev sahibi mənzilini yalnız pis adamlara satmağa hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, maraqlı hadisə Aydının Kuşadası ilçəsində müşahidə edilib. Türkmən məhəlləsində bir ev yiyəsi daim problemlər yaşadığı alt mərtəbədəki qonşuya üsyan edərək evini satışa çıxarıb. Adının açıqlanmasını istəməyən mənzil sahibi “Aşağıdakı çirkin və pis adamlara görə pis insanlara satılır” ifadələrini plakata yazaraq eyvandan asıb. Jurnalistlərlə söhbətləşən inanılmaz elanın müəllifi, həqiqətən də, evini satmaq istədiyini deyib. Ev sahibi bununla insanları empatiyaya çağırdığını düşünür.

“Son illər cəmiyyətdə böyük bir pozulma var. İnsanlara çox mənfi təsir edilib. Buna cavab olaraq çoxlarının etmək istədiyi, lakin cəsarət göstərmədiyi və ya həyata keçirə bilmədiyi bir işi etdim. İstədim ki, insanlar asdığım plakatı görsünlər və bir qədər empatiya göstərsinlər. İstədim ki, bir az özünü sorğu-sual etsin, “mən də bu pis adamlardanammı?” deyə düşünsün, qiymət versin. Bilirəm ki, afişa satışa mənfi təsir edəcək”.

İnanılmaz ev elanı sosial mediada çox müzakirə olunub. Rəy yazanlar məsələyə bol yumor qatıblar. Məsələn, rəylərdən birində yazılıb ki, “görəsən çox pis adamlara nə qədər endirim var?” Rəylərin əksərində ev sahibinin istəyinə nail olmayacağı qeyd edilib. Yəni mənzilin satılmaq şansı azdır. Çünki heç kim pis qonşu istəməz. Həmin qonşunun elana münasibətini də bilmək olmur. Hər halda buna biganə qala bilməz. İstənilən halda ev sahibinin məqsədinin məhz mənzili satmaq olduğuna inanmaq çətindir. Böyük ehtimalla qonşusundan bu yolla acıq çıxmaq istəyib. Onun istəyinə müəyyən mənada çatdığını demək olar.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »