Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov səfirliyin 347 min manat vəsaitini mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunur. 34 yaşlı Nəcib Osmanov 2021-ci ilin fevralından 2022-ci ilin aprelinə qədər Koreyadakı səfirlikdə işləyib. Bundan əvvəl isə Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsində çalışıb.
Bizimyol.info xəbər verir ki, Nəcib Osmanovun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
Keçmiş diplomat həbsdə deyil, onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Fevralın 24-də məhkəmədə prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəldib. O, bu məqsədlə ödəniş tapşırıqlarını səfir Rəmzi Teymurova möhürlətdirib təsdiqlətdirərək, daha sonra həmin vəsaitləri bankdan çıxarıb. Lakin sonradan vəsaitlər təyinatı üzrə xərclənməyib, mərc oyunlarına yönləndirilib.
Keçmiş diplomat məhkəmədə ifadəsində özünü təqsirli bilib. Deyib ki, hər üç maddə üzrə ittihamı qəbul edir. Onun sözlərinə görə, Koreya səfirliyinə təyin olunandan az sonra - 2021-ci ilin may ayından mərc oyunlarına aludə olub, onda asılılıq yaranıb.
“Çox peşmanam. Dəymiş ziyandan 77 min dollar ödəmişəm. Qalanını da ödəməyə çalışıram”, - Nəcib Osmanov məhkəmədə belə deyib.
Məhkəmədə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi tanınıb. Nazirlik dəymiş ziyanın ödənilməsini tələb edir.
Aytən, Bizimyol.info