Putin çıxışına davam edərək bildirib ki, son illər Ukrayna Qərbin istədikləri istiqamətdə formalaşıb və Rusiyaya qarşı istifadə oluna biləcək gücə çevrilib: "Qərb artıq “cin”i şüşədən çıxartdı. Onlar müharibəyə başladılar və biz bunu dayandırmaq üçün hər şeyi etdik".
Putin müharibənin Qərb ölkələri tərəfindən aparıldığını vurğulayıb. O, bəyan edib ki, ona və dövlətinə görə, qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan bütün razılaşmaları, o cümlədən “Yeni Başlanğıc” sazişini dayandıracaqlar.
Geriyə nəzər saldıqda, Rusiya tarixində Ukraynaya qarşı törədilən böyük vəhşiliklər Qərbin qaşıyacağı sərfəli “yara”ya çevrilib. Rusiya tərəfindən məruz qaldığı böyük vəhşiliklərdən sarsılan Ukrayna Qərbə yaxınlaşdıqca, Qərb həmişə olduğu kimi bu fürsəti əldən vermədi. Qərb illərdir Rusiyaya qarşı faktiki müharibə nəticəsində insan itkisinin qarşısını ala bilmədi və asanlıqla qurban verə biləcəyi bir cəmiyyət - Ukrayna Qərbin əlinə keçdi. Nəticədə iki şərq cəmiyyətinin - Ukrayna və Rusiyanın yenidən bir-birinə qarışdığını gördük. Qərb Rusiyanın yavaş-yavaş enerji tükətməsini, gücdən düşməsini seyr edərkən, Ukrayna dövlətinin yoxa çıxmasına da bir növ göz yumur. Çünki hər iki dövlət də Qərbin gözündə eynidir – onlar şərq ölkələridir…
Putin ölkəsinin NATO tərəfindən mühasirəyə alınmasının qarşısını almaq üçün mübarizə apararkən, digər tərəfdən Qərbin dünya cəmiyyətlərinə yeridilən bir sıra korrupsioner siyasətlərlə mübarizə apardığını iddia edir.
Onun çıxışından ən çox yadımda qalan hissə də elə burasdır: “Görün, Qərb hökumətləri öz xalqına nə edir, onlar ailəni, mədəni və milli kimliyi məhv edirlər.Uşaq istismarı, o cümlədən pedofiliya onların həyatında normaya çevrilir və keşişlər eynicinsli nikahlara xeyir-dua verməyə məcbur olurlar. Amma dünya dinlərinin müqəddəs kitablarına baxın. Onlar hər şeydən, o cümlədən ailənin kişi və qadının birliyindən formalaşdığını yazırlar, lakin indi hətta bu müqəddəs yazılar da sual altındadır. Düşünürəm ki, Qərbin uşaqlara cinsləri dəyişməyin yaxşı olduğunu sırıması insanlığa qarşı cinayətdir”.
Deyilənləri müşahidə edə bilirik. Belə ki, rəqəmsal platformalardan tutmuş sosial mediaya qədər, hətta bəzi Amerika ştatlarının və Avropa dövlətlərinin hüquq sistemlərində bu “qayda-qanun”lar vətəndaşlara tam şəkildə tətbiq olunur.
Yadımdadır, Rusiya da homoseksual təbliğatı qadağan etdiyinə görə tənqid olunurdu. Ukraynada Zelenskinin siyasətə gəlməmişdən əvvəl iştirak etdiyi layihələrin demək olar ki, hamısı Qərbin korrupsiya siyasətinin məhsulu kimi görünürdü.
At izlərinin it izi ilə qarışdığı bu dönəmdə kimin öz xalqını müdafiə etdiyi, kimin fitnə-fəsad dalınca qaçdığı bəlli deyil. Kimin səmimi olduğunu və ya həqiqətən öz ölkəsinin mənafeyini düşündüyünü anlamaq indi çox çətinləşib. Ukrayna-Rusiya müharibəsi artıq amansız "qumar"a çevrilib və bu "qumarı" oynadanın və sonunda udanın kimliyi bu başdan bəllidir...
Mətin Şükürlü, Bizimyol.info