Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Krım müharibəsindən sonra ”Qazprom” kommersiya maraqlarını kənara qoyub"
"Krım müharibəsindən sonra ”Qazprom” kommersiya maraqlarını kənara qoyub"
Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin tədqiqatçı və böyük elmi işçisi Conatan Elkind “Zoom” proqramı vasitəsilə Bakı Amerika Mərkəzində azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. Tədqiqatçı Xəzər dənizində yerləşən enerji mənbələrinə və bu mənbələrin indi Avropa üçün nə qədər önəm kəsb etdiyinə toxunub. O, qeyd edib ki, neft və qaz kəmərləri Türkmənistan vasitəsilə digər ölkələrə transfer oluna bilər:

“...Artıq hazır bir neft kəməri də var. Yəni sadəcə Xəzər dənizinin altından elə də uzun olmayan bir neft kəməri çəkməklə resursları Türkmənistan Avropaya çox rahat bir şəkildə çıxara bilər, nəinki Çin və Rusiya. Hansı ki, bu iki ölkə Azərbaycana nisbətən Türkmənistana daha uzaqdır. Qeyd etmək istərdim ki, Türkmənistanın həqiqətən yetərincə resursları var ki, onlar eyni zamanda bir istiqamətdə yox, bir neçə istiqamətdə - həm Çinə, həm Rusiyaya, həm Azərbaycana, həm də Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya öz ixracını edə bilər. Əslində buradakı boşluq məhz maraqların kəsişməməsindədir. Çünki maraqlar yetərincə kəsişmir və lazımi tərəfdaşlar yoxdur ki, onlar bu layihənin həyata keçirilməsini istəsinlər. Bu maraq da olmadığına görə, layihə hal-hazırda baş tuta bilmir və boşluqlar yaranır”.

Conatan Elkind enerji ötürülməsində bəzi texniki tərəflərdə yaşanan problemləri və onların necə aradan qaldırılması barədə öz fikirlərini bölüşüb:

“Ümumiyyətlə, dünya neft və qaz kəmərləri barəsindəki təcrübələrə nəzər saldıqda demək istərdim ki, biz bir kəmər vasitəsilə müxtəlif axınlardan, mənbələrdən enerjinin daşınmasını istifadə edə bilmişik. Doğrudur, bəzən olub ki, kəmər tutumunun maksimal səviyyəsində olub, amma yenə də əlavə kəmərə ehtiyac yaranmayıb. Sadəcə müəyyən qoşqular vasitəsilə eyni həcmi daşımaq mümkündür. Təbii ki, bu məsələnin texniki tərəfdən də həlli mövcuddur. Belə ki, artıq texniki olaraq bu sahə ilə məşğul olan şəxslər qaz və ya neftin tərkibinə müəyyən əlavələr qatmaqla elə edə bilərlər ki, fasiləli şəkildə lazım olan həcm digər tərəfə ötürülsün. Amma bu mümkün deyilsə, sadəcə bir boru xətti mövcuddursa, ona əlavə boru xətti də əlavə edib, çəkə bilərlər – bir artırma kimi. Bu, texniki cəhətdən olduqca rahatdır. Bununla izah etmək istədim ki, həm texniki, həm də kammersiya nöqtey-nəzərdən əgər maraqlar kəsişsə, bunu çox rahat şəkildə həyata keçirə bilərlər. Bəs hökumətlər bu məsələ barədə nə düşünürlər? İndi 2023-cü ildəyik, daha nə 1998, nə də 2016-cı ildə deyilik, maraqlar tamamilə dəyişib. İndi sual oluna bilər ki, dövlətlər bunu istəyirlərmi? İstəyirlərsə, hansı şəkildə istəyirlər?

Hamımıza artıq məlumdur ki, indi iqlim dəyişikliyi mövcuddur və bir çox ölkələr öz siyasətlərində bu dediyim dəyişikliklərə köklənirlər. Bəs ABŞ büdcədən ayırdığı pulu belə bir enerji resursuna yatırmalıdırmı? Hələ də ehtiyac varmı ki, biz karbo-hidrogen enerji mənbəsinə bu qədər vəsait ayıraq? Çünki iqlim dəyişikliyi ölkələrin siyasətinə böyük bir şəkildə təsir göstərə bilir”.

ABŞ-ın Azərbaycan və ətraf ölkələrə bu sahədə maliyyə ayıracağını bildirən tədqiqatçıya yerli jurnalistlərdən biri belə sual da yönləndirib:

- Cənab Conatan Elkind, dövlətlərin maraqları məsələsi daha çox nə Azərbaycanla, nə də Türkmənistanla bağlıdır. Elə Avropanın özü ilə bağlıdır. Maraqlı odur ki, son 20 ildə ABŞ Avropanın enerji təhlükəsizliyi məsələsində öz üzərinə Avropanın özündən daha çox məsuliyyət götürür, daha çox çalışır ki, iş görsün. Amma siz özünüz gözəl bilirsiniz ki, vaxtilə həmin transxəzər də daxil olmaqla “Nabukko”nun reallaşması məsələsində Avropanın aparıcı ölkələri olan Almaniya və Fransanın mövqeyi problem yaratdı. Məhz onların mövqeyi imkan vermədi ki, həmin o layihə reallaşdırılsın. Onlar Rusiya ilə pərdəarxası danışıqlarla həmin o şimal axınları məsələsini həyata keçirdilər. Artıq indinin özündə Avropanın Azərbaycan qazına bu qədər ehtiyacının olduğu vaxtda Fransa bildirir ki, Avropanın digər ölkələrinin qaza olan ehtiyacı məsələsində Azərbaycanla olan probleminin bizə heç bir aidiyyəti yoxdur. Bu, onların öz problemidir. Bu, Avropa timsalında necə müttəfiqlik anlayışıdır?

““Nabukko”nun həyata keçməməsi ilə bağlı mən başqa fikirdəyəm. Çünki mən düşünürəm ki, bu layihənin həyata keçirilməsində siyasi və kommersiya maraqları üst-üstə düşmədi. Düzdür, dövlətlər bir araya gəldilər və bildirdilər ki, bu layihəni həyata keçirmək istəyirlər və maliyyə də ayıracaqlar. Ancaq günahkar dövlətlər yox, onların şirkətləri oldu ki, layihəyə pul ayırmaq istəmədilər. Çünki maliyyələşdirilməsi üçün maraqlı tərəf tapa bilmədilər. Yəni bu məsələ siyasi olaraq yox, sadəcə kommersiya problemi nəticəsində baş tutmadı. Rusiya ilə danışıqlar məsələsinə gəldikdə isə bildirim ki, o dövrlərdə şimal-qərbi Avropa ölkələri “Qazprom”la danışıqlar apararaq, Şimal axını 1 və 2 kəmərlərinin çəkilməsində əməkdaşlıq etmişdilər. Bu doğrudur, amma nə üçün etdiklərinə gəldikdə, orada kommersiyayönümlü şirkətlər maraqlı idilər ki, kəmər daha qısa olsun. Amma “Nabukko” uzun idi. Almaniya şirkətləri kəmərlərin birbaşa Almaniyaya çəkilməsində maraqlı idilər. Ona görə də bu şirkətlər Rusiya ilə razılaşdı. Burda kommersiya maraqları üst-üstə düşdüyü üçün layihə baş tutdu. Ancaq Avropadan fərqli olaraq, Rusiyada “Qazprom” kommersiya məqsədlərindən çox, siyasi məqsədlərlə də çıxış edir. Krım müharibəsi başladıqdan sonra”Qazprom” bu sahədə kommersiya maraqlarını kənara qoyub, Rusiyanın siyasi xəttinə dəstək verməyə başladı” – deyə, amerikalı tədqiqatçı sualı cavablandırıb.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »