Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türklərin Ergenekondan çıxaraq dünyaya yayıldığı günün tarixi...
Türklərin Ergenekondan çıxaraq dünyaya yayıldığı günün tarixi...

Dövlətlərin və millətlərin həyatında özünəməxsus yeri olan bir çox dəyərli adət-ənənələri vardır. Bu adət-ənənələr bəzən milli, bəzən də mənəvi olur. Bunlardan biri də qədim dövrlərdən başlayaraq günümüzə qədər Azərbaycanda qeyd olunan Novruz bayramıdır. Novruzu bəzi cəhətlərinə görə milli, bəzi cəhətlərinə görə isə dini bayram adlandırmaq mümkündür. Bu özündə hər iki dəyəri birləşdirir.

Tarixi bayramımızla bağlı bizimyol.info xəbər portalına Türkiyə Kırıkkale Universiteti İslami Elmlər Fakültəsinin dosenti, əslən Azərbaycandan olan professor Şahin Əhmədoğlu danışıb. O, "Novruz" sözünün etimologiyası haqqında da məlumat verib.

Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info

“Novruz sözü iki kökdən ibarətdir. Birincisi «nov» yeni, ikincisi isə «ruz» gün deməkdir. Bu həm də Yeni İlin başlanğıcı sayılır. Bəzi dialektik fərqliliklərə baxmayaraq, Azərbaycanda “novruz” və ya “noruz”, Başqırd türkcəsində “navruz”, Qazaxıstan türkcəsində “navruz” və ya “novruz”, Qırğızıstanda “noruz”, Özbəkistanda “növroz”, Tatarıstanda “navruz”, Türkmənistanda “novruz”, Uyğur türkcəsində “noruz”, Çuvaşıstanda “naras” kimi istifadə olunur”-deyə professor qeyd edib.

Professor bildirib ki, Novruz bayramının tarixi haqqında müxtəlif məlumatlar var. Hətta bu bayramın tarixinin 5 min il əvvələ qədər getdiyi ehtimal olunur. Onun sözlərinə görə, Novruz müxtəlif millətlər tərəfindən bayram kimi qeyd edilir. Bu da o deməkdir ki, Novruz həm də beynəlxalq bayramdır. Aşağıda nümunəsini verəcəyimiz hadisələrin tarixi faktlarla ehtimalı bu günün qeyd olunmasının çox qədimdən bəri mövcud olduğunu göstərir:

- Uca Tanrı dünyada gecə ilə gündüzün vaxtının bərabərliyini Novruz günü yaradıb.

- İlk insan Həzrəti Adəmin palçığı Novruz günü yoğrulub.

- Həzrəti Adəmlə Həzrəti Həvva yer üzünə atıldıqdan sonra Ərəfatda mart ayının 21-də görüşüb.

- Həzrəti Nuhun gəmisi Novruz günü torpağa oturub.

- Həzrəti Yusifin quyudan qurtulması və ona peyğəmbərlik məqamı verilməsi Novruz günüdür.

- Həzərti Musa əsası ilə Qırmızı dənizi ortadan ayıraraq öz tərəfdarlarını bu gündə xilas edib.

- Həzrəti Yunus balığının qarnından Novruz günü çıxıb.

- Ulduzlar bir yerdə cəm ikən, ayrılaraq öz orbitlərinə Novruz günü səpələnib.

- Həzrəti Məhəmmədə (S) peyğəmbərlik bu gündə verilib.

- Həzrəti Əli 21 Mart, yəni Novruz günü dünyaya gəlib və bu gün Həzrəti Əli ilə Həzrəti Fatimə evləniblər.

- Türklərin Ergenekondan çıxaraq dünyaya yayıldığı Novruz günüdür.

- Qışın bitməsi, baharın gəlişi, toprağın və canlıların oyanışı bu gündən başlar.

“Bütün bu sadalananlardan bir daha aydın olur ki, Novruz bayramı çox qədim tarixə malik olan bir bayramdır. Bununla birlikdə, Novruz günü - 21 Martla əlaqədar bir çox rəvayətlər də ortaya çıxıb. Bəziləri bunu öz adət-ənənələri ilə birləşdirmiş və bir çox mədəniyyətin qarışımından ibarət Novruz yaranmışdır. Məhz buna görə, bir çox millət Novruzu öz bayramı kimi qeyd edir”-deyən professor əlavə edib ki, Novruzla əlaqədar bir çox ənənələr var. Onların ən əhəmiyyətlisi çərşənbələrdir. Bu çərşənbələr bayrama bir ay qalmış qeyd olunmğa başlanır.

Birinci çərşənbə su, ikinci od, üçüncü torpaq-yer və dördüncü hava-yel-külək və ya ilaxır çərşənbədir. İnanca görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir. Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə bağlı olan ənənələr Azərbaycanda təzə illə bağlıdır.

“Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa, bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə, axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır, ağaclar başlarını yerə əyir. Əgər təzə il axşamı hər kəs bu sudan içərsə, onlar təzə ildə bütün xəstəliklərdən uzaqlaşar. Bu, Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Xalq arasında belə təsəvvür var ki, külək sudan da, oddan da, yerdən də güclüdür”.

Azərbaycanda qədim dövrlərdən bəri Novruz bayramı mövcud olub. Bizdə bu bayram daha çox qohumları ziyarət etmək, evdə təmizlik işləri görmək, təzə paltar almaq, yumurta döyüşdürmək, at yarışdırmaq, kütləvi şənliklər keçirməklə qeyd olunur.

“Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleariy hələ 1637-ci ildə Şamaxıda olakən yazırdı: “Münəccim (astroloq) tez-tez ayağa qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi ki, təzə il gəldi və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə, Bahar bayramı başlandı”.

Bu qədim ənənəyə görə, Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşlərinin açılmasını 19-cu əsrdə N.Durovin də təsdiqləyir və belə yazırdı: “Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirir"”-deyən ilahiyyatçı bildirib ki, Novruz bayramı Azərbaycan dövləti tərəfindən qəbul edilmiş milli və rəsmi bir bayramdır.

Azərbaycanda Novruz bayramı adətlərindən biri də tonqal qalamaqdır. Hələ bayrama bir ay qalmış hər çərşənbə axşamı tonqal qalanır. İnsanlar bu tonqalların üstündən tullanırlar. Belə təsəvvür var ki, güya odun üstündən tullandıqda insanlar xəstəliklərdən, çəntinliklərdən azad olurlar. Məhz buna görə də, tonqalın üstündən tullandıqları vaxt- “Sarılığım sənə, qırmızılığın mənə”, “Ağırlığımı-uğurluğumu yer götürsün”, “Ağırlığım-uğurluğum odlara”, “Yazda mənlə hoppanmayan yadlara”, “Ağrım-uğrum tökülsün, oda düşüb kül olsun” və “Yansın alov saçılsın, Mənim bəxtim açılsın”- kimi ifadələr işlədirlər.

Ənənəyə görə, tonqal heç vaxt su ilə söndürülməz. Tonqal sönəndən sonra onun külünü gənc oğlan və qızlar bir yerə yığıb, evdən kənara atarlar. Bu isə o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyi atılan küllə birlikdə ailədən uzaqlaşar.

“Novruz bayramı ilə əlaqədar digər bir adət isə bayram axşamı qaş qaralandan sonra qonşu və qohumların evlərinə gedilməsi, heç kimin görə bilməyəcəyi bir şəkildə qapıdan və ya pəncərədən içəriyə papaq və ya dəsmal atılmasıdır. Bunu görən qohum və qonuşlar papağa və ya dəsmala bayram sovqatı qoyaraq qapının ağzına buraxar və gizlincə baxar ki, papaq və ya dəsmal atan kimdir. Burada papaq atanın görünməməsi ən əsas əlamətdir”-deyən professor hesab edir ki, mədəni irsimizdə bu kimi dəyərli bayramlar qorunmalı və gələcək nəsillərə çatdırılmalıdır. Fərqi yoxdur ki, bu bayramı hansı millət özününküləşdirsin. Ən əsası odur ki, biz bu bayramdan necə istidadə edirik.

“Məsələn, bayramlarda qohumlarımızı ziyarət edir, kasıblara, yetimlərə, şikəstlərə əl tuturuqmu? Əgər Novruz - yeni gün bizə bu kimi dəyərlərimizi yaşadırsa, demək ki əsl bayram da elə budur. Novruzun ictimai həyatımızdakı əhəmiyyətinə xüsusilə diqqət yetirmək lazımdır. Həm cəmiyyətimizdə, həm də bütün dünyada Novruz bayramının xoşgörülüyü vurğulanmalıdır. Bununla birlikdə Novruz bayramının ümumilli məsələlərdə də köməyindən istifadə etmək lazımdır. Elə etməliyik ki, Novruz bayramı Azərbaycanın bütün ərazilərində qeyd olunsun”-deyə professor fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »