Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq rektor ölkədən gedib: “Bizə deyirdi ki, mənə cadu eləmisiz, xəstələnirəm”
Sabiq rektor ölkədən gedib: “Bizə deyirdi ki, mənə cadu eləmisiz, xəstələnirəm”

Xeyli vaxtdır ki, Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru, 77 yaşlı Nurlana Əliyevanın adı 226 min manatlıq yeyinti və dələduzluqla bağlı cinayət işində hallanır. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs kimi, universitetin Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyeva il yarımdan çoxdur mühakimə olunsa da, o, cinayət əməllərini tək törətmədiyini deyir, Nurlana Əliyevanı ittiham edir. Bu səbəbdən də Dürdanə Əliyevanın vəkilinin vəsatəti əsasında məhkəmə sabiq rektorun çağırılıb dindirilməsinə qərar vermişdi. Nurlana Əliyeva könüllü şəkildə məhkəməyə gəlməyəndə isə hakimlər qərar vermişdi ki, o, məcburi gətirilsin. Məcburi gətirilmə qərarı o deməkdir ki, məhkəmə daxili işlər orqanlarına müraciət edir, şəxs polis vasitəsilə məcburi şəkildə məhkəməyə gətirilir.

Bizimyol.info xəbər verir ki, fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Dürdanə Əliyevanın işi üzrə məhkəmə prosesi davam etdirilib. Gözlənilirdi ki, məcburi gətirilmə qərarı icra olunacaq və budəfəki məhkəmə iclasına Nurlana Əliyeva gələcək. Lakin məlum olub ki, bu dəfə də o, məhkəməyə gəlməyib. Məhkəmə prosesinə sədrlik edən hakim Əli Məmmədov bildirib ki, məhkəmə Dövlət Sərhəd Xidmətindən məlumat əldə edib. Məlumata əsasən, sabiq rektor ölkədən gedib və bu günə qədər geri qayıtmayıb.

Bu məhkəmə prosesində adı hallanan daha bir nəfərin də haqqında məcburi gətirilmə qərarı çıxarılıb. Bu, Elmlər Akademiyasının keçmiş əməkdaşı Fərahilə Babayeva-Şükürovadır. O da ölkəni tərk edib.

Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən Dürdanə Əliyevanın Prezident İlham Əliyev və Vitse-Prezident Mehriban Əliyevaya çoxsaylı məktub və müraciətlər ünvanlayıb. O, müraciətlərində məhkəmədə işinə obyektiv baxılmasını, ədalətli qərar çıxarılmasını xahiş edib, həmçinin Nurlana Əliyevanın əməlləri haqda məlumat verib, onun məsuliyyətə cəlb olunmasını istəyib.

Hakim bildirib ki, sözügedən məktublar müxtəlif qurumlar vasitəsilə məhkəməyə yönləndirilib, iş materiallarına əlavə olunub.

Dürdanə Əliyeva məhkəmədə təsdiqləyib ki, Prezident Administrasiyasına və başqa dövlət orqanlarına bu məzmunda məktublar göndərib. O bildirib ki, məhkəmənin gedişindən, aparılan araşdırmalardan narazılığı yoxdur: “İstədiyim budur ki, günahkarlar cəzalansın...”

Həm Nurlana Əliyeva, həm də Fərahilə Babayeva-Şükürova haqqında məcburi gətirilmə qərarı qüvvədə saxlanılıb.

Daha sonra iş materiallarında olan bəzi sənədlər elan olunub.

“Nurlana Əliyeva iddia edirdi ki, biz ona cadu eləmişik, bu səbəbdən xəstələnib…”, - bunu da keçmiş şöbə müdiri Dürdanə Əliyeva məhkəmədə deyib.

Məhkəmə prosesi martin 6-da davam edəcək.

Təqsirləndirilən dosent Dürdanə Əliyeva 226 min manatlıq mənimsəmə, dələduzluq kimi əməllərdə ittiham olunur. Onun haqqında cinayət işinin materiallarında yazılıb ki, Dürdanə Əliyeva təhsil haqqı kimi ona verilən ödənişləri mənimsəyib. O həmçinin müxtəlif şəxslərdən universitetdə işə düzəlmək adıyla aldığı pulları ələ keçirib, onları aldatmaqda təqsirləndirilir. Bu cinayət işində ümumilikdə 123 nəfərin pulunun ələ keçirilməsindən bəhs olunur.

Dürdanə Əliyeva özünü təqsirli bilmir: “Özümü yalnız cinayəti bilib, xəbər verməməyə görə təqsirli bilirəm”.

Onun sözlərinə görə, rektor Nurlana Əliyeva və baş mühasib də proseslərin birbaşa iştirakçısı olub, lakin məsuliyyətdən kənarda saxlanılıblar: “Nurlana Əliyevanın baş verənlərdən xəbəri olub, alınan vəsaitlər də ona çatıb”.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub. O həm də 12 il (2009-2021) YAP-ın Qadınlar Şurasının sədri olub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »