Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evinə qadınları gətirən idmançını öldürən arvadının məhkəməsində nələr baş verdi?
Evinə qadınları gətirən idmançını öldürən arvadının məhkəməsində nələr baş verdi?

“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi olmuş Nurani Qalabəylini qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı, 36 yaşlı Əfsanə Qalabəylinin məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Onun işinə hakim Səyavuş Hacıyevin sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, bu işdə zərərçəkmişin hüquqi varisi qismində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin atası tanınıb. Lakin o, məhkəmə prosesində gəlmir. Məhkəmə hökm çıxaranda zərərçəkmişin hüquqi varisinin şikayətçi olub-olmaması əhəmiyyət daşıyır. Həmçinin digər məqamlarla bağlı da onun ifadəsi vacibdir. Ona görə də bir neçə dəfə zərərçəkmişin hüquqi varisinə məhkəmə çağırış göndərib, həmçinin telefonla da zəng olunub. Telefon zənginə cavab olaraq, o, məhkəməyə gəlməyəcəyini, gəlinindən də şikayət və tələbinin olmadığını bildirib.

Yeri gəlmişkən, o, istintaq dövründə də ərizə verərək, şikayət və tələbinin olmadığını göstərib. Məhkəməyə isə hələlik belə bir ərizəsi daxil olmadığına görə o, bir neçə iclasdır ki, təkrar çağırılır.

Fevralın 17-də keçirilən məhkəmə iclasına da zərərçəkmişin hüquqi varisi gəlməyib. Hakimlər ona bir daha məhkəmə bildirişi göndərmək qərarına gəlib.

Bundan başqa, Əfsanə Qalabəylinin müdafiəsinə daha bir vəkil – Zibeydə Sadıqova da qoşulub. Sadıqova cinayət işinin materiallarıyla tanış olmaq üçün vaxt istəyib. Ona bir həftə vaxt verilib.

Hadisə 2022-ci il sentyabrın 2-də Əhmədli qəsəbəsində Qalabəylilərin kirayə yaşadıqları evdə baş verib. Onların birgə nikahdan üçü oğlan, biri qız olmaqla, 4 övladı var.

Əfsanə Qalabəyli illərdir davam edən əzab-əziyyətə dözməyərək bu addımı atıb. Onun sözlərinə görə, əri onu döyür, təhqir edir, hətta özü və uşaqları evdə olduğu halda, münasibətdə olduğu qadınları gətirib, digər otaqda onlarla birlikdə qalırdı:

“Mən, uşaqlarım evdə ola-ola evə pozğun qadınları gətirirdi. Bizi bir otağa salırdı, özləri o biri otaqda qalırdı. Məni o adamlar üçün yemək bişirməyə məcbur edirdi. Evdə davalardan, döyülməkdən, söyülməkdən bezmişdim. Dəfələrlə demişdim ki, mən cəhənnəmə, uşaqlardan ayıbdır...”

Nurani Qalabəylinin evə gətirib münasibətdə olduğu iddia edilən qadın da məhkəmədə şahid qismində dindirilib və Əfsanə Qalabəylinin dediklərini təsdiqləyib. O bildirib ki, kafedə işləyərkən Nurani Qalabəyli ilə tanış olmuşdu, onunla görüşürdü. Onun sözlərinə görə, idmançı onu öz evinə aparır, həyat yoldaşını ona qulluq etməyə məcbur edirdi.

Cinayət Məcəlləsinin 1201 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunan Əfsanə Qalabəylinin məhkəməsi davam edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »