Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəlzələ bölgəsində 1800 yaşı olan körpü heç bir zərər görməyib
Zəlzələ bölgəsində 1800 yaşı olan körpü heç bir zərər görməyib

Türkiyədə zəlzələyə görə dağıntılar altında qalanların xilas olunduğu günlərdə binaların standartlara uyğun inşa edilməməsi ciddi müzakirə mövzusudur. Artıq bir neçə tikinti şirkətinin rəhbəri həbs olunub. Mütəxəssislər yaxın gələcəkdə İstanbulda da zəlzələ olacağını gözləyir. Buna görə ölkədə böyük narahatlıq var. Çünki İstanbulda binaların əksərinin zəlzələyə davamlılığının aşağı olması bildirilir.

Bizimyol.info xəbər verir ki, zəlzələ bölgəsində bəzi binalar zərrə qədər də zərər görməyib. Çünki inşaat zamanı qaydalara ciddi əməl olunub. Adıyamanda hətta 1800 yaşı olan körpü salamat qalıb. Cendere körpüsü heç bir zərər görməyib, üzərindən piyadalar keçə bilir. Hətta avtomobillərin də buradan hərəkət etməsi mümkündür. Sadəcə, 1997-ci ildə tarixi nümunəni qorumaq məqsədilə maşınların hərəkətinə qadağa qoyulub.

Tikili Roma imperatoru Septimiy Severin hakimiyyəti dövründən qalıb. 16-cü legion Cendere çayı üzərində 92 iri bloklu yonma daşdan uzunluğu 120 metr olan körpü inşa edib. Burada iki qaya dayaq rolunu oynayır. Zəlzələ körpünü heç bir halda sarsıda bilməyib. Həm yerli adamlar, həm media, həm də mütəxəssislər tikiliyə xüsusi diqqət ayırıb.

Körpü Adıyamanın Kahta qəsəbəsinə gedən yolda yerləşir. Əvvəllər Türkiyənin cənub-şərqindəki bu ərazidə Arsameya şəhəri varmış. 1883-cü ilə arxeoloqlar Osman Həmdi Bəy və Osqan Əfəndi buranı tədqiq ediblər. Cendere körpüsü UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib, Nemrut dağı ətrafında yerləşən Türkiyə Milli Parkının bir hissəsi sayılır.

Septimiy Sever 211-ci ildə vəfat edib. Körpünün Roma imperatorunun həyatının son illərində inşa edildiyi bildirilir. Yəni qədim tikilinin 1800-dən bir qədər çox yaşı var. Septimiy Sever körpünü həyat yoldaşı Yuliya Domnanın şərəfinə tikdirib. İmperatorun arvadı Suriya torpaqlarında doğulub, amma indiki Türkiyə ərazisində - zəlzələyə görə haqqında çox danışılan Antakyada vəfat edib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »