Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MTN polkovniki: “Məndə prokurorluq işçilərinin səs yazıları var, başıma bir iş gəlsə...”
MTN polkovniki: “Məndə prokurorluq işçilərinin səs yazıları var, başıma bir iş gəlsə...”

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, bu qurumda şöbə rəisinin müavini vəzifəsində çalışmış, 2015-ci ildə nazirlikdə çoxsaylı vəzifəli şəxslərin həbsi və ya uzaqlaşdırılmasıyla nəticələnən əməliyyatdan sonra işdən çıxarılan Sahib Ələkbərov hazırda həbsdədir. O, MTN-də işini itirəndən sonra bir neçə il vəkil kimi fəaliyyət göstərmişdi. 2021-ci ildə isə cinayət məsuliyyətinə cəlb olunsa da, barəsində başqa yerə getməməyə dair qətimkan tədbiri seçilmişdi. Yalnız 2022-ci il sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində 8 il azadlıqdan məhrum edilməsi barədə hökm oxunanda məhkəmə zalında həbs olundu.

Bizimyol.info xəbər verir ki, Sahib Ələkbərov MTN-in İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev, bu qurumun şöbə rəisləri, polkovniklər Vüsal Ələkbərov və Yasin Məmmədovla birlikdə mühakimə olunurdu. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, Mövlam Şıxəliyev isə 12 il azadlıqdan məhrum edilib. General istisna olmaqla, digər iki nəfər də həbsdə deyildi. Onlar da hökm oxunanda məhkəmə zalında həbs edildilər.

Adları çəkilən dörd nəfərin hamısı MTN-də 2015-ci ilə qədər işlədikləri dövrdə müxtəlif şəxslər haqqında əsassız, qanunsuz cinayət işi başlayıb, onları həbsdə saxlayıb, ailə üzvlərindən külli miqdarda pul alandan sonra, guya xəstə olmaları haqda saxta ekspert rəyləri ilə azadlığa buraxmaqda ittiham olunurlar.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

İş üzrə qanunsuz həbs olunduğu, zorakılığa məruz qaldığı iddia olunan 30-dan çox zərərçəkmiş var. Lakin keçmiş MTN-çilər özlərini təqsirli bilmir. Onlar iddia edir ki, barələrindəki cinayət işi də, zərərçəkmişlərin şikayətləri də əsassızdır.

Məsələn, keçmiş MTN polkovniki Sahib Ələkbərov Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovu, rəis müavini Qasım Məmmədovu qeyri-peşəkarlıqda, onun haqqında saxta cinayət işi aparıb, özlərinə mükafat qazanmaqda ittiham edir. Sahib Ələkbərov hesab edir ki, Baş prokuror Kamran Əliyev və onun birinci müavini Elçin Məmmədova onların işi haqda yalan məlumat verilib. Əks halda, Elçin Məmmədov bu ittiham aktına imza atmazdı.

Sabiq MTN polkovniki dəfələrlə sui-qəsdə məruz qaldığını, onda Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin onda səs yazıları olduğunu da açıqlayıb.

“Mənə dəfələrlə sui-qəsd eləmək istəyiblər. Danışdıqlarımdan 100 qat artığını səsli formada etibarlı yerdə saxlayıram. Mənə deyirlər ki, danışma. Əgər başıma bir iş gəlsə də, xeyri yoxdur. Susdura bilməyəcəklər. Rütbəsindən, mərtəbəsindən asılı olmayaraq, onda da çox papaqlar boş qalacaq. Məndə prokurorluğun bəzi rəhbər işçilərinin səs yazıları var. Bu gün təqdim eləmirəm, hörmət eləyirəm. Başıma bir iş gəlsə, onu təqdim eləyəcəklər, yer yerindən oynayacaq. Gəlməsə də, özüm təqdim eləyəcəm, öləsi deyiləm ki. Xəbərdarlıq eləyirəm, otursunlar yerlərində, mənimlə işləri olmasın. Məhkəmələrə müdaxilə eləyib, qanunsuz qərarlar qəbul elətdirməsinlər”,- deyə Sahib Ələkbərov Bakı Apellyasiya Məhkəməsində bildirib.

O, eləcə də digər keçmiş MTN-çilər hökmdən apellyasiya şikayəti veriblər. Həmin şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyilə baxılır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »