Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət və xalq biri-birilərini tamamlayırlar, biri olmadan digəri formalaşmır...
Dövlət və xalq biri-birilərini tamamlayırlar, biri olmadan digəri formalaşmır...

Türkiyədə baş verən güclü zəlzələ on minlərlə insanın ölümü, yüzminlərlə insanın yaralanması ilə nəticələndi. Dünyanın əksər ölkələri Türkiyəyə yardıma tələsdi. Bu dövrdə Azərbaycan da qardaşına dayaq olmağa çalışdı. İstər dövlət, istərsə də ictimaiyyət birləşərək, yardımlaşma kompaniyasına qoşuldu. Məhz belə dövrlərə dövlətlə ictimaiyyətin maraqları üst-üstə düşür. Çətin dövrdə, sıxıntılarda, dövlətin və ictimaiyyətin maraqları təhlükədə olanda dövlət və ictimaiyyət maraqları uğruna birləşərək addım ata bilir.

  • Bəs ictimai və dövlət maraqları nədir?

Bizimyol.info xəbər portalının suallarını “Ana Vətən” Partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə cavablandırıb.

Yalçın Hacızadə Yalçın Hacızadə

- Yalçın müəllim, ictimai və dövlət maraqları deyiləndə nə nəzərdə tutulur?

- İctimai və dövlət maraqları qarşılıqlı şəkildə biri-biri ilə bağlıdır. Burda ictimai maraq deyəndə ictimaiyyətin, yəni cəmiyyətin maraqları nəzərdə tutulur. Hər iki element – cəmiyyət və dövlət bir-birilərinin təməl elementləridir. Cəmiyyət, bir yerdə yaşayan və ortaq sivilizasiyaya malik olan, həyatlarını davam etdirmək və bir çox təməl maraqlarını həyata keçirmək üçün əməkdaşlıq edən bütün insanlara verilən addır. Cəmiyyət, sosiologiyanın əsas anlayışıdır və müəyyən bir mədəniyyəti və sosial institutlar toplusunu paylaşan insanlar arasındakı münasibətlərdən ibarətdir.

Bəzən cəmiyyət və millət anlayışları qarışdırılaraq, eyni məna daşıdığı hesab edilsə də, qeyd edim ki, cəmiyyət millətlə eyni məna daşımır. Millət rəsmi tanınmanı özündə ehtiva edir və siyasi kateqoriyadır. Cəmiyyət isə bir-birindən qarşılıqlı asılı olan ictimai münasibətlərlə qurulan təsisatdır. Cəmiyyətin birliyinə və mənafeyinə təsir edən hallar və əlamətlər ictimai maraq adlanır. Sosial birlik olan cəmiyyəti və siyasi varlıq olan milləti qorumaq üçün dövlət olmalıdır.

Dövlət — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlətin formalaşması üçün üç element - ərazi, orda yaşayan xalq və idarə edən hakimiyyət olmalıdır. Həmçinin, dövlət - sosial qrupun, xalqın iradə və maraqlarını ifadə edən xüsusi dövlət aparatına malik olan qrumdur. Həmin dövlət aparatının iki əsas funksiyası var; daxili və xarici funksiya. Bu funksiyalar ictimai və dövlət marağı əsasında formalaşır. Yəni dövlət öz siyasətini ictimai və dövlət maraqlarının həyata keçirilməsi istiqamətində aparır.

Azərbaycan Respublikası Konstitusiyasına görə dövlətin ali məqsədi - insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir. Bu həm də ictimai maraqdır. Yəni cəmiyyət və millət də dövlətdən bu maraqlarının təmin edilməsini istəyir və gözləyir. Bəzən ictimai maraqlar dövlət marağı ilə üst-üstə düşməyə bilər. Bu zaman ictimai maraqlar və fərdlərin hüquq və azadlıqları dövlətin təhlükəsizliyinin təmin edilməsi və ya digər ümumi mənafe naminə məhdudlaşdırıla bilər. Əlbəttə, belə məhdudlaşdırma beynəlxaq konvensiyalara uyğun olaraq dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

- İctimai və dövlət maraqlarının qorunmasında vətəndaşların rolu varmı?

- Əlbəttə, var. Burda vətəndaş öz rolunu iki formada həyata keçirir – birbaşa və dolayı yolla. Dövləti idarə edən siyasi hakimiyyətdir. Hakimiyyətin də mənbəyi xalq, vətəndaşdır. Çünki hakimiyyət xalqın, yənin vətəndaşın seçimi ilə formalaşır. Vətəndaşın dövləti idarə etmək üçün formalaşdırdığı hakimiyyət ictimai və dövlət maraqlarını qoruyur. Belə halda vətəndaş ictimai və dövlət maraqlarının qorunmasında dolayı yolla iştirak etmiş olur. Birbaşa yolla olan isə həm də vətəndaşın borcudur ki, cəmiyyətin və dövlətin mənafeyinə ziyan vurmasın, mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük sayğı göstərsin.

- Yalçın müəllim, dövlətimizin maraqlarına zidd olan və onun təhlükəsizliyini pozmağa yönəlmiş addımlara qarşı xalq necə mübarizə aparmalıdır?

- İctimai və dövlət marağının üst-üstə düşdüyü ən vacib məqam dövlətin təhlükəsizliyinin qorunması və ölkədə sabitliyin təmini məsələsidir. Dövlət və xalq biri-birlərini tamamlayırlar. Biri olmadan digəri formalaşmır. Ona görə də hər iki insititut bir-birilərini qorumalıdırlar. Azərbaycan xalqı uzun dövlətçilik ənənələrinə malikdir. Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti, vətəndaşı hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq. Dövlət və xalq birliyinin gücünü 2020-ci ildə Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edən zaman bütün dünyaya nümayiş etdirmiş oldu.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi.

Son xəbərlər
Bütün xəbərlər »