Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adorno və Aydın Can...
Adorno və Aydın Can...

Məşhur alman filosofu və bəstəkarı Teodor Adorno deyirdi: "Osventsimdən sonra şeir yazmaq barbarlıqdır..."

"Tərtər işi"indən sonra... bədii esse yazmaq necə hissdir, bilirəm. Başa düşürəm, bəli, Adorno demişkən, bu da bir növ barbarlıqdır yəqin.

Ya da, bax, elə bu qışın oğlan çağında, soyuq zindan bucaqlarında günahsız məhbuslar varkən, soyuq siyasi təhlil aparmaq və efirə çıxıb "isti-isti" servis etmək... Nə bilim?!

Ədəbiyyatın burnunun ucunda, qulağının dibində, hətta gözlərinin qarşısında günahsıza günah quraşdırır, ruhunu sındırır, bədəninə işgəncə veririksə. "Ədəbi yatmış" zümrənin tükü də tərpənmirsə... "Ədəbi ilə" yatmışsa sanki! Və həqiqət Ədəbiyyatın, hətta publisistin dilinin ucundan geri qayıdırsa!

O türmədə aclıq edən adam axı sənin hazır obrazındır! Hər nə səbəbdən ordadırsa belə.

Ədəbiyyat dedik, "ədəbi yat", "gözlərini yum", "qulaqlarını tıxa", "dilini ud" demədik ki!

Susanların və susdurulanların sayı çoxaldıqca, Ədəbiyyat da kiçilir, atam! İnsanlar kitabları oxuyurdu ki, danışmağa dili olsun (sözün hər mənasında). Əgər hamı susacaqsa, yazdığımız romanları, povestləri, hekayələri kim oxuyacaq?! Esseləri heç demirəm. Adamlar mənim kitabımı niyə oxusun?! Əgər danışmaq üçün sözə ehtiyacı yoxdursa.

Zindanda aclıq çəkən biri var. Dünən müharibənin içərisinə - səngərə, döyüşən əsgərə çörək aparan adam indi özü acdır. Bəxtiyar olduqmu bundan?! Qabaran eqomuza səğal çəkə bildikmi?!

Uman yerimiz qaldı ki, küsən yerimiz də olsun?!

Adamların hər zaman ədəbiyyatdan umduğu, mədəniyyətdən küsdüyü tək bircə şey var: həqiqət!

...Mən bir az əvvəl oxuduğunuz sətirləri yazanda Türkiyədə zəlzələ olmamışdı; Yer kürəsi bəşəriyyətin ayaqlarının altından hələ qaçmamışdı. İnsanlar isti yorğan-döşəkdə günahsızcasına yuxuya dalmışdılar. Yuxu ikinci ölümmüş, doğru! Birinci ölüm isə ikinci növbə "çalışırmış". Gecə növbəsində.

Zira!

Sabahın korunda dəmir-beton, daş-kəsək altından nə qədər kor ölüm növbəsiz çıxdı. Hələ nə qədər cansız bədən də var orda; boynumuza almağa qorxduğumuz!

Aleksandr Blok ölüm haqqında yazmışdı: "Axır vaxtlar tez-tez gəzir şəhərdə..." Amma, bax, bir günün içində dirilərin şəhərləri ölülərin şəhərlərinə döndü. Ölümlərin qol-qola gəzib də, bağdan meyvə dərən kimi bol-bol son nəfəslər dərdiyi ölü şəhərlər qaldı geriyə. Nə qədər adama hələ "itkin" deyəcəyik bəlkə. Ancaq bütöv-bütöv kəndlər, şəhərlər itkin düşdü. Həyatlar, xatirələr, xəyallar itkindir. O da ən xoşbəxt halda. Ya da ölüdür hamısı. Əgər o ölü divarların altından hələ də səsləri, nəfəsləri gəlmirsə.

Görürsünüzmü, sadəcə, saniyələr içində, lap olsun, dəqiqələr ərzində ölümün bizdən aldıqlarını günlərdir axtarırıq o xarabalıqlarda. Ölümün əsir götürdüklərini qurtara bildikcə qurtarır o fədakar xilaskarlar ordusu, ya da qurtarmağa gec qalır, nə yazıq ki! Əcəlin əsir tutduğunun hamısını buraxdırarıqmı?! Yox! Min əfsus ki, yox! Ancaq yesir buraxdıqları da bir başqa dərd! Evsiz-eşiksiz, işsiz-gücsüz qalanlar! Ömrü boyu təbiətə güc göstərib də, bir saniyədə təbiətin qarşısında gücsüz qalanları deyirəm.

Doğrudan da, ömür bir zəlzələ təkanının müddəti qədər qısaymış. Ya da bir yeraltı təkana qədər... qısaymış!

Bəli, dərd insanları birləşdirir; təbiətlə cəmiyyətin savaşı gedir. Artıq kim kimə üstün gəlirsə...

Fəlakət zamanı birləşiriksə, dinc vaxtda ədalətə yetişmək üçün niyə birləşə bilmirik?! Ətrafımızda sözün hər mənasında hər gün evi yıxılan adamlar var. Onları niyə görə bilmirik?! İnsanlar tək-tək yıxılanda dönüb baxmarıq belə. Gərək minlərlə ev yıxıla, onminlərlə adam yaralana, ölə, yüzminlərlə ocaq sönə ki, içimizdəki ətalət yerini ədalətə, ədavət yerini səxavətə verə?! Hər gün, hər yerdə və hər halımızda insanıq axı!

Bəlkə bu boyda itkilərimizdən insanlıq olaraq, eləcə də ölkə olaraq ibrət alaq, hə?! Olmazmı?! Bəlkə hamılıqla tövbə fürsətidir, arınma məqamıdır!

Kiminsə əli uzundur, kiminsə dili. Ancaq ömür çox qısadır. Çox qısa!

Növbəti təkana qədər bütün günahlarımızdan arına bilərikmi?! Durula bilərikmi?! Bilmirəm. Yoxsa daha çox bulanacağıq. Onu da bilmirəm. Bircə bildiyim var: hər bir fəlakət həm də HƏQİQƏT anıdır. İtirdiyimiz həqiqətə qovuşmaq anı. O anı yaşamaq istəməzmiyik ki?!

P.S. Zindan dedim. Zindanda qələm yoldaşlarımız var. Sevərik-sevmərik, bəyənərik, ya bəyənmərik, o ayrı. Ancaq mən Aydını, Əvəzi azadlıqda görmək istəyirəm. Elə Bəxtiyarı da, başqalarını da. Hansı səbəbdən ordadırlar, o ayrı; detallara varmayacam. Ya zəlzələdən, ya vəlvələdən. Hər halda bu gün azadlıqda olmalıydılar. Bəlkə əfv üçün, bəraət üçün - ədalət üçün, mərhəmət üçün hansısa bayramı, əlamətdar günü gözləmək lazım deyil! Ədalət istəyənə ədalət, mərhəmət umana mərhəmət, səxavət gözləyənə səxavət göstərdiyimiz hər Allahın günü əlamətdardır özlüyündə. Qısası, bu günahkar dünyada ədavət aparmağa nə var ki?! Çətini bu dünyaya ədalət gətirməkdir.

Və... bir də onu deyim: Aydın Can çox istedadlı qələm adamıdır. Yazısında bol-bol həqiqət də var, ədalət də. Ancaq, heyf ki, həqarət də var. Mən heç istəmərəm ki, belə bir talantlı kimsə qələmini çirkaba bulasın. Heç kimi təhqir etmək, aşağılamaq olmaz. Döyüşdürsə, mən də Aydının yanındayam, söyüşdürsə... Yox! Üzrlü saysın...

Amma əvvəlcə Allah qapısını açsın! Kimin üzünə qapı bağlanıbsa, hamısı açılsın!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »