Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nardaran hadisələri də məhz onların apardığı işin nəticəsi idi"
"Nardaran hadisələri də məhz onların apardığı işin nəticəsi idi"

İran daim Azərbaycana qarşı kəşfiyyat işləri aparıb. Sovet vaxtı SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Azərbaycanda İrana qarşı iş aparırdı. SSRİ dağılıb, Azərbaycan müstəqil olandan sonra İrandan sözün əsl mənasında, Azərbaycana böyük axın oldu. Onlar dini, İran İslam Respublikasının inqilabını təbliğ etmək üçün mədəniyyət mərkəzi yaratdılar.  Bu işlə əlaqədar onlar səfirliyin adından istifadə edirdilər. Bu dövrdə Azərbaycana çox sayda İrandan “din xadimləri” adı altında xüsusi xidmət orqanlarının əməkdaşları gəldi.

Uzun illər Azərbaycan da fəaliyyət göstərən İranın Mədəniyyət Mərkəzinin rəhbəri Ocaq Necatın İran xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu bilirdik. O, burada iş aparırdı. Həmin dövrdə İran Xüsusi Xidmət Orqanlarının əməkdaşları Bakı kəndlərində şiəliyi, İran İslam İnqilabını təbliğ edirdi. Məqsəd Azərbaycanda da İslam dövləti qurmaq, Azərbaycanı İrana birləşdirmək idi. Bunun üçün milyonlar, bəlkə də milyardlar xərclədilər…

Bu barədə bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Onun sözlərinə görə, İran xüsusilə onunla sərhəd olan cənub rayonlarında aktiv şəkildə iş aparırdı. İranın dəstəyi ilə Bakı kəndlərində İslam partiyası yaradılmışdı. Elşad Həsənov hesab edir ki, Nardaran hadisələri də məhz onların apardığı işin nəticəsi idi.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Nardaranda nə qədər adam tutuldu. Bu, İranın Xüsusi Xidmət Orqanlarının apardığı işin nəticəsi idi. Bununla yanaşı onlar Azərbaycanlı gəncləri dini təhsil adı altında Qum şəhərinə aparırdılar. Qum şəhərində onlar xüsusi məktəblərdə həm təhsil alır, həm də kəşfiyyat-əks kəşfiyyat məsələlərini öyrənirdilər. Sonradan onların bəzilərini Suriyaya göndərdilər, bəziləri isə Azərbaycana qayıdıb, İranın təbliği ilə məşğul olmağa başladı.

Müəyyən boşluq olduğu üçün onlara çox imkanlar yaranmışdı. Ancaq onların bütün hərəkətləri hər zaman Azərbaycanın xüsusi xidmət orqanlarının nəzarətində olub”-deyə politoloq qeyd edib. Onun sözlərinə görə, 1992-ci ildə bir qrup İran Xüsusi Xidmət Orqanlarının əməkdaşları həbs edilir. Onlar xüsusi texnika ilə İraan məxfi məlumatlar ötürürdülər. Amma həmin şəxslərin diplomatik pasportları olduğuna görə, onlar İrana qaytarıldı. Ölkə rəhbərləri arasında bu mövzuda ciddi danışıqlar aparıldı.

“Yadınızdadırsa, akademik Ziya Bünyadov qətlə yetirildi. Həmin qətlin istintaqı sübut etdi ki, Ziya Bünyadovun qətli İran molla rejiminin tapşırığı ilə İranda təhsil almış Azərbaycanlılar tərəfindən həyata keçirilib. İran Xüsusi Xidmət Orqanları təkcə dini cameə arasında deyil, eyni zamanda Azərbaycanın hüquq mühafizə orqanları arasında da əməkdaşları məxfi cəsusluq işinə cəlb edə bilmişdilər. Onların bir çoxları aşkar olunub, tutulub, məhkəmə hökmü ilə layiqli cəzalarını alıblar”-deyə Elşad Həsənov əlavə edib.

Politoloqun sözlərinə görə, yanvarın 27-də İranda Azərbaycan səfirliyində törədilən terror aktı İran rejimin əsl simasını göstərdi. Azərbaycanda yaşayanların İrana mövqeyi dəyişdi. O, cümlədən İran təbliğatının təsirinə düşən soydaşlarımız da, başa düşdülər ki, İran terroru dəstəkləyən və "qardaş" dediyi dövlətə qarşı terror edən bir ölkədir.

“İran İslam pərdəsi altında Azərbaycana qarşı daim əxlaqsızcasına iş aparıb, ermənilərin də qardaşı olub. 30 illik işğal-müharibə dövründə hər zaman Ermənistanı dəstəkləyib. 44 günlük müharibədə qazanılan qələbə də onları məyus etdi. İran molla rejimi istəyirdi ki, Ermənistan qələbə çalsın. Ermənistan Azərbaycanı daha çox işğal etsin və Azərbaycanın müəyyən hissəsini də İran zəbt etsin. Onların arzuları gözündə qaldı” - deyən politoloq bildirib ki, İran İslam dininə etiqad etmir. Onların dini siyasidir və onlar xaricdən -  Fransadan, Amerikadan idarə olunan din pərdəsi altında çalışan Xarici Xüsusi Xidmət oranlarının adamlarıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »