Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Könüllü qruplar yaradılsın, biz də gedək" - Azərbaycan Türkiyə ilə bir ürək olub
"Könüllü qruplar yaradılsın, biz də gedək" - Azərbaycan Türkiyə ilə bir ürək olub
Qardaş Türkiyənin on böyük şəhərində baş verən 7.8 bal gücündəki zəlzələ nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb, çoxlu sayda bina yerlə yeksan olub. Hal-hazırda gecə və gündüz, dağıntılar altında qalan bina sakinlərinin axtarışı növbəli şəkildə həyata keçirilir. Hatay şəhəri zəlzələnin baş verən şəhərlər arasında ən çox dağıntıya və insan itkisinə məruz qalan təbii fəlakət bölgəsidir.

Yerli medianın yaydığı məlumata görə, bu bölgəyə ağır texnikaların cəlb edilməsi və axtarış işlərinin geniş şəkildə aparılması, insanlara humanitar yardımın çatdırılması və digər bu kimi məsələlərin həlli sanki imkansıza çevrilib. Belə ki, ərazidə mobil telefonların şəbəkələri kəsilib, yerli xəstəxanalar və tibb məntəqələri şiddətli zəlzələnin qarşısında tab gətirə bilməyərək dağılıb. Yaralılar hərbi gəmilər və başqa bu kimi vasitələrlə kənar şəhərlərə köçürülməyə çalışılır.

Təbii ki, Türkiyədə bütün bunlar baş verərkən, Azərbaycan ictimaiyyəti “iki dövlət, tək millət” şüuruna sadiq qalaraq, qardaş ölkənin çəkdiyi bu iztirablı günləri öz qəlbində, ruhunda hiss edir, hadisə barədə məlumatların yayıldığı ilkin dəqiqələrdən bəri ictimaiyyətimiz bütün prosesləri anbaan izləyir, əlindən gələn hər bir şeyi etməyə çalışır.

Baş vermiş fəlakətlə əlaqədar artıq üç gündür ki, yardım kampaniyalarına start verilib. Paytaxt Bakıda sakinlər səfərbər olaraq, təyin olunmuş məkanlara evlərindən, qohum-qonşularından, əllərinin çata bildiyi hər yerdən isti geyim, qida və başqa yardım vasitələri toplayır, yardım kampaniyasının aparıldığı Heydər Əliyev adına İdman Konsert Kompleksinə yığışırlar. Yardıma azyaşlılar, gənclər, hətta şəhid və qazi ailələri də qoşulub.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə edilməsi Nazirliyinin (AFAD) nümayəndəsi öz çıxışında bir neçə dəfə bu yardımlara hələlik gərək olmadığını bildirib. Buna baxmayaraq, insanlarımız Türkiyədə zərərçəkən, yaxınlarını itirən insanlar üçün əlindən gələni əsirgəmək istəmir. Bu barədə yardımda iştirak edənlərdən biri qeyd edib ki, onlar boş dayanmaq, sadəcə seyirçi olmaq istəmirlər: “Türkiyə bizim özümüzdür, ordakılar bizik, sadəcə ölkələrimizin adları fərqlidir. Bayrağımız bir, dilimiz bir, dinimiz, əqidəmiz, düşüncələrimiz birdir. O insanlar orda dağıntılar altında ikən biz də burda onlar üçün nələrsə etmək istəyirik. Hətta şərait yaradılsa, axtarışlar üçün könüllü qruplar yaradılsın, gedək, biz də orda qardaşlarımızla çiyin-çiyinə mübarizəmizi aparaq. Sosial şəbəkələrdə rast gəldik ki, Türkiyənin FHN nümayəndəsi bildirib ki, yardımlara hələlik ehtiyac yoxdur, əgər bunlara ehtiyac yoxdursa, onda bizlərə nəyə ehtiyaclarının olduğunu bildirsinlər” – deyə, yardım kampaniyasında iştirak edən şəxs bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »