Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı güclü zəlzələyə hazırdırmı: Tikinti zamanı qiymətləndirmə aparılmır
Bakı güclü zəlzələyə hazırdırmı: Tikinti zamanı qiymətləndirmə aparılmır
Türkiyənin 10 böyük şəhərində eyni anda baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı təxminən 3 min nəfər olub və rəqəmlərin bu yöndə daha da artacağı istisna edilmir. Türkiyəli seysmoloqlar baş verən zəlzələnin 130 nüvə bombası gücündə bir gərginliyə sahib olduğunu və bu gərginliyi 7,4 ballıq titrəyişlə boşaltdığını qeyd edirlər. Türkiyə mətbuatına danışan seysmoloqlar onu da qeyd ediblər ki, baş vermiş zəlzələ gözlənilən idi və son yüz il ərzində bunun baş verəcəyi proqnozlaşdırılmışdı.

Zəlzələ üzrə alim, geofizika mühəndisi Övgün Əhməd Ercan Kahramanmaraşda baş verən zəlzələnin gücünün 130 atom bombasına bərabər olduğunu açıqlayıb. Ercan sosial media hesabında bu açıqlamaları verib: “Baş verən zəlzələ Hatay-Osmaniyyə-Kahramanmaraş-Qaziantep xətti üzrə davam edən qırılmış silsilələrdir ki, onun baş verəcəyini bir əsrə yaxındır gözləyirdik. Bu titrəyiş 7,7 bal gücünə qədər qalxan və 130 nüvə bombasının enerjisinə bərabər olan olduqca qorxulu və tükürpərdən hadisədir. 43 saniyə müddətində və cəmi beş km dayazlıqda davam edən titrəyiş yüzlərlə vətəndaşımızın ölümünə, minlərlə yaralıya və yararsız hala düşmüş infrastruktura səbəb olub. Hazırda zəlzələ zonasında ən böyük tələb ədyal və təhlükəsiz piyada yollarıdır. Hər kəs təcili olaraq öz vasitələrini sağ qalanların və yaralıların sığınacağı üçün istifadəyə verməlidir. Qızdırıcıları yandırın. Hal-hazırda yanacaqdoldurma məntəqələri avtomobillərə istilik üçün pulsuz yanacaq verir”.

Yeri gəlmişkən, seysmoloji xidmətin rəhbərliyi baş vermiş zəlzələ hadisəsinin 7,4 bal gücündə olduğunu bildirsə də, bir çox seysmoloqlar bu zəlzələnin dağıdıcılıq gücünün 11 bal olduğunu qeyd edirlər.

Qardaş ölkədə baş vermiş bu təbii fəlakət heç şübhəsiz ki, dəqiq vaxtla proqnozlaşdırıla bilməyən, qəfil baş verən və dağıdıcılıq qabiliyyəti yalnız nüvə bombaları ilə təsəvvür edilə bilən drammatik hadisədir. Bir neçə gün öncə İranda, ardınca isə qardaş Türkiyədə baş verən zəlzələnin və onun dağıdıcı fəsadlarının qarşısını almaq asan olmasa da, ən azından,riskləri minimum endirmək üçün tədbirlər görülə bilir.

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? İnşa edilən göydələnlər üçün həmin tikinti şirkətləri seysmoloji mərkəzlərlə koordinasiyalı iş aparırlarmı? Bina tikilən zaman seysmoloqların rəyi nə dərəcədə önəm daşıyır? Ümumiyyətlə Azərbaycandakı MTK-lar və başqa mənzil-tikinti şirkətləri yaşayış yerləri, hündür göydələnlər inşa edərkən bu həssas məsələyə önəm verirlərmi?

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli qeyd edib ki, hündürmərtəbəli binaların tikintisi zamanı Seysmoloji Xidmət Mərkəzinə müraciət edilmir:

"2019-cu ilə qədər aparılan inşaat işlərində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunurdu. İndi belə müraciətlər almırıq. Müraciətlər olanda mərkəz əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər. Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur”.

Beləliklə, Azərbaycan vətəndaşlarının, xüsusilə də hündürmərtəbəli yaşayış binalarında yaşayan insanların qəfil zəlzələ hadisəsi zamanı hansı situasiya ilə üz-üzə qalacaqları bəri başdan bilinsə də, MTK-lar və başqa tikinti şirkətləri sadəcə qazanc xatirinə “əldəqayırma” binalarla vətəndaşları necə deyərlər, yola verməyi çox gözəl bacarırlar. Sadə vətəndaşlar isə “bəh-bəh”lə alıb, yerləşdikləri, yaxud kirayə tutduqları bu binalarda sadəcə olaraq, Allah ümidinə yaşayırlar…

P.S. Baş vermiş təbii fəlakət nəticəsində dünyasını dəyişən türkiyəli qardaş və bacılarımıza Allahdan rəhmət, yaxınlarına və sevdiklərinə dərin hüznlə baş sağlığı verir, kədərlərini bölüşürük. Sonuncu qəminiz olsun, əziz Türkiyəmiz!

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »